Növbəti rəqib Rusiya millisi olacaq
Oktyabrın 11-də DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində növbəti turun oyunları keçirildi. Azərbaycan milli komandası doğma azarkeşlər önündə Şimali İrlandiya yığması ilə münasibətlərinə aydınlıq gətirdi. "Bakcell Arena” stadionunda keçirilən oyunun birinci hissəsində "qol” səsi eşidilmədi. Fasilədən sonra üstün oyunu ilə diqqəti çəkən Berti Foqtsun yetirmələri 2:0 hesablı qələbə qazandılar. Rəqib qapısından qolları Rüfət Dadaşovla Mahir Şükürov vurdular. Bu gün yığmamız son turda evdə Rusiya komandasını sınağa çəkəcək.
DÇ-2014-ün seçmə mərhələsi
F qrupu
Azərbaycan - Şimali İrlandiya - 2:0 (0:0)
Qollar: R. Dadaşov, 58, M. Şükürov, 90+5.
Azərbaycan: 1. Kamran Ağayev, 3. Rasim Ramaldanov, 4. Mahir Şükürov, 5. Elnur Allahverdiyev, 8. Qara Qarayev, 14. Rəşad Sadıqov (k), 15. Araz Abdullayev (9. Cihan Özkara, 82), 19. Rahid Əmirquliyev, 10. Rüfət Dadaşov
(2. Bədavi Hüseynov, 90+3), 11. Rauf Əliyev,
17. Vüqar Nadirov (16. Cavid Hüseynov, 46).
Şimali İrlandiya: 1. Roy Kerroll, 2. Li Hodson (7. Niall Makqinn, 66), 4. Qaret Makauley,
5. Con Evans, 10. Şeyn Ferqüsson, 14. Kreyq Katxart, 8. Stiven Deyvis (k), 11. Kris Brunt (20. Billi Makkay, 74), 16. Oliver Norvud, 19. Ceymi Uord (15. Vill Qriq, 84), 9. Martin Patterson.
Hakimlər: Andrea De Marko, Rikardo Di Fiore, Alessandro Giallatini, Mauro Berqonzi (hamısı İtaliya).
Sarı vərəqələr: R. Ramaldanov, 63 - O. Norvud, 55.
Qırmızı vərəqə: C. Evans, 90+4.
11 oktyabr. Bakı. "Bakcell Arena” stadionu.
Oyuna bir neçə saat qalmış komandaların meydana çıxacaq start heyəti məlum idi. Yığmamızın baş məşqçisi Berti Foqts heyətdə ciddi dəyişikliklər etməmişdi. Qapıda həmişə olduğu kimi, yenə Kamran Ağayevə şans verilmişdi. Müdafiə xətti də sentyabrın 7-də İsrail millisi ilə səfər oyununda olduğu kimi qaldı. Mərkəzdə Rəşad Sadıqovla Rasim Ramaldanov yer almışdı. Sağ cinahda həmişəki kimi Mahir Şükürov, solda Elnur Allahverdiyev qərarlaşmışdı. Yarımmüdafiə xəttində isə dəyişikliklər diqqəti çəkirdi. Ruslan Abışovun cəzası olduğu üçün orta sahədə onu Qara Qarayev əvəzləyirdi. Solda isə Cihan Özkaranın yerinə Vüqar Nadirov oynayırdı. Qara ilə eyni mövqedə oynayan Rahid Əmirquliyevlə sağda çıxış edən Araz Abdullayev isə yenə ötən ay təşkil olunan matçda oynadıqları mövqedə qərarlaşmışdılar. Hücum xətti də müdafiə kimi dəyişməz qalmışdı. Son vaxtlar Berti Foqtsun etimadını doğruldan Rauf Əliyevlə Rüfət Dadaşov britaniyalıların qapısına yol tapmağa çalışacaqdılar.

Heyətdə hücumameylli oyunçuların çoxluğuna baxmayaraq, millimiz matçın əvvəllərində hücumlar qurmaqda çətinlik çəkirdi. Əvəzində qonaqlar ardıcıl kəsərli hücumlar qururdular. Oyunun 5-ci dəqiqəsində Kris Bruntun vurduğu topu qapıçı Kamran Ağayev çətinliklə dəf etdi. 3 dəqiqə sonra isə millimizin qapıçısı növbəti dəfə məharətini nümayiş etdirdi. O, Martin Pattersonun yaxın məsafədən vurduğu topu ayaqları ilə dəf etdi. Komandamız tədricən hücumlar qurmağa çalışırdı. Lakin qonaqların müdafiədə etibarlı oyunu hücumların qarşısını alırdı. Birinci hissənin ortalarında şimali irlandiyalılar hesabı açmağa yaxın oldular. Oyunun 23-cü dəqiqəsində sağ cinahdan təşkil olunmuş hücum zamanı komanda yoldaşından ötürmə alan Ceymi Uord başı ilə topu qapıya vursa da, qapıçımız yenə inamlı çıxışı ilə seçildi. Təmsilçimiz bunun cavabını qolla verə bilərdi. İlk qol vəziyyəti zamanı çoxgedişli kombinasiyadan sonra Rüfət Dadaşov əlverişli vəziyyətdə olsa da, onun zərbəsində azacıq dəqiqlik çatmadı.
Bundan 3 dəqiqə sonra isə Mahir Şükürovun ötürdüyü topa Rauf Əliyev birbaşa zərbə endirdi. Rəqib komandanın qapıçısı topu çətinliklə dəf edə bildi. Fasiləyə yaxın rəqib komanda yenə hücumda fəallaşdı. Oyunun 33-cü dəqiqəsində Kris Bruntun uzaqdan vurduğu topu qapıçımız dəf etdi. Az sonra qapımız qarşısında növbəti dəfə təhlükəli vəziyyət yarandı. Martin Patterson hesabı açmağa çox yaxın olsa da, yenə millimizin bəxti gətirdi.Birinci hissənin gedişindən razı qalmayan Berti Foqts fasilədən dərhal sonra futbolçu dəyişikliyinə əl atdı. Almaniyalı mütəxəssis Vüqar Nadirovu Cavid Hüseynovla əvəzlədi. Bu dəyişiklik millimizin hücum xəttində fəallaşmasına səbəb oldu. Oyunun 49-cu dəqiqəsində Rüfət Dadaşov növbəti imkanı əldən verdi. Bu dəfə o, rəqib qapısı qarşısına ötürməni qola çevirə bilmədi. Hücumlarını davam etdirən millimiz bir neçə qol imkanını əldən verdi. Matçın 56-cı dəqiqəsində Mahir Şükürovun cərimə zərbəsindən vurduğu topu rəqib qapıçı Roy Kerrol çətinliklə dəf etdi. Bundan 2 dəqiqə sonra millimiz istəyinə çataraq hesabı açdı. Araz Abdullayev sağ cinahda rəqib müdafiəçilərini keçdikdən sonra topu Rauf Əliyevə, o isə qapı qarşısında əlverişli vəziyyətdə olan Rüfət Dadaşova ötürdü. Almaniyanın "Kayzerslautern” klubunun hücumçusu ələ düşən fürsətdən bu dəfə lazımınca istifadə etdi - 1:0. Qoldan ruhlanan yığmamız 2 dəqiqə sonra növbəti qol vurmaq imkanı qazandı. Lakin Rauf Əliyevin qüvvətli zərbəsindən sonra top qapının bir neçə santimetrliyindən keçdi. Oyunun sonlarına yaxın qonaqlar təzyiqi gücləndirsələr də, istəklərinə nail ola bilmədilər. Hətta qol vəziyyətlərinin birində rəqib komanda topu qapı dirəyinə vurdu. Hamı baş hakimin oyunu başa vuracağını gözlədiyi vaxt Rauf Əliyevə qarşı kobudluq edildi. İtaliyalı hakim Conni Evansı meydandan çıxararaq, cərimə zərbəsi təyin etdi. Mahir Şükürov zərbəni məharətlə yerinə yetirərək, meydana toplaşmış yerli azarkeşləri sevincə qərq etdi - 2:0.

Beləliklə, yığmamız 4-cü ev oyununu 3 xalla başa vurdu. Bu qələbə sayəsində komandamız Azərbaycan futbolu tarixində görünməmiş nailiyyət əldə etdi. Belə ki, seçmə mərhələdə 8 xal toplamağı bacaran təmsilçimiz bu səviyyəli yarışlarda çıxışının 19 illik tarixində ən yüksək nəticə göstərdi. Berti Foqtsun yetirmələri EURO-2012-nin seçmə mərhələsində toplanan 7 xallıq rekordu da geridə qoydu. Bu gün Rusiya yığması ilə qarşılaşacaq millimiz göstəricisini daha da yaxşılaşdıra bilər. Qələbənin gətirdiyi bir rekord yığmamızı digər nailiyyətə də yaxınlaşdırdı. 4-cü pilləyə yüksələn komandamız bu mövqeyi qorumağı bacararsa, daha bir rekorda imza atacaq.
Qeyd edək ki, Şimali İrlandiya yığması ilə görüş Azərbaycan millisinin tarixinə yubiley - 200-cü matç kimi düşdü. 1992-ci ildən indiyədək 199 görüş keçirən millimiz 200-cü oyununu qələbə ilə qeyd etdi.
Maraqlıdır ki, Şimali İrlandiya yığması üzərində 2:0 hesablı qələbə qazanan komandamız seçmə mərhələlərindəki 3 xal həsrətinə son qoydu. DÇ-2014-ün əvvəlki 8 oyununda qələbəyə həsrət qalan komandamız sonuncu dəfə 25 ay əvvəl sevinmişdi. Berti Foqtsun yetirmələri EURO-2012-nin seçmə oyununda Qazaxıstanı 3:2 hesabı ilə məğlub etmişdi. Bu oyun 2011-ci il sentyabrın 6-da keçirilmişdi. 766 günlük həsrəti başa vuran komandamız bu müddətdə 10 görüşü qələbəsiz tərk etmişdi.
Oyundan sonra
Maykl O Nil (Şimali İrlandiya milli komandasının baş məşqçisi): "Əlbəttə ki, nəticədən məyusuq. Birinci hissədə hər cəhətdən üstün olsaq da, heç nədən qol buraxdıq. Topa daha çox nəzarət etsək də, alınmadı. Oyundan oyuna fərq var. Hakimliyin səviyyəsi bir qədər zəif idi. Mən Azərbaycan millisinin bütün oyunlarına baxmışam. Rəqibi yaxşı təhlil etmişdik. Ancaq nəticə istədiyimiz kimi olmadı. Biz bütün rəqiblərə hörmətlə yanaşırıq. Dəyişikliklər rəqibə kömək etdi. Bizim də oyunumuz alınmadı və qapımızda qol gördük”.
Berti Foqts (Azərbaycan milli komandasının baş məşqçisi): "Mənə elə gəlir ki, qələbəyə görə hamı sevindi. Birinci hissədə taktiki səhvlərə yol verdik. Rəqibin şansları vardı. Bəxtimiz gətirdi. Ancaq fasilədən sonra etdiyimiz dəyişikliklər öz sözünü dedi. 6 ildir Azərbaycandayam, ilk dəfə məni alqışladınız. Buna görə sizə təşəkkür edirəm. Qələbəni iki gün əvvəl seçkidə qalib gəlmiş respublika Prezidentinə həsr edirik. Rusiya yığması ilə matçda dəyişikliklər olacaq. Çünki bu çətin oyundan sonra baxmalıyam, görüm, futbolçular nə vəziyyətdədir. Növbəti oyunda cəzası bitən Ruslan Abışov da olacaq”.
Rəşad Sadıqov (Azərbaycan milli komandasının kapitanı): "İki fərqli hissə izlədik. Birinci hissədə özümüzə bənzəmədik. Çünki hazırlaşırdıq ki, onlar 4-5-1 və ya 4-4-2 taktikası ilə oynayacaqlar. Ancaq onların 3 müdafiəçi ilə oynaması bizim üçün gözlənilməz oldu. Meydanın mərkəzində daha çox yarımmüdafiəçilərinin olacağını gözləmədiyimizdən ilk hissədə oyunumuz yaxşı alınmadı. Ancaq fasilədən sonra baş məşqçi müəyyən taktiki dəyişikliklərə əl atdı. Biz də öz oyunumuzu düzəltdik. Bundan sonra istədiyimiz nəticəni əldə etdik. Son cərimə zərbəsində Mahir mənə dedi ki, hiss edirəm, qol vuracağam. Mən də dedim ki, vur. Fərqi yoxdur, kim vurur, vursun. Əsas odur ki, qələbə qazanaq.
Seçmə mərhələnin əvvəllərində daha çox səfərdə çıxış edirdik. Həmin vaxt özümüzü göstərə bilmirdik və bu da psixoloji cəhətdən bizə pis təsir edirdi. Amma indi görünür ki, komandada psixoloji cəhətdən yüksəliş var. Hamı öz gücünə inanır və meydançaya ancaq qələbə üçün çıxır. Çalışacağıq ki, Rusiya millisi buradan 3 xalla qayıtmasın. Onların DÇ-yə yolu Bakıdan keçir. Əlimizdən gələni edəcəyik ki, Bakıda qələbə qazanmasınlar”.
Rüfət Dadaşov (Azərbaycan milli komandasının hücumçusu): "Çətin oyun oldu. Xüsusilə də birinci hissədə. İkinci hissədə komanda şəklində daha yaxşı oynayırdıq. Bu mənada mənim də yaxşı təsir bağışlamağım başadüşüləndir. Biz yaxşı hücumlar qururduq. Rauf Əliyev çox əla ötürmə etdi və mən də qol vurdum. Rəqib daha güclü təzyiq göstərdiyindən biz müdafiə olunmaq məcburiyyətində qaldıq. Onlar sərt oynayırdılar. Amma biz bütövlükdə yaxşı futbol göstərdik və qələbə qazana bildik. İndi Rusiya millisi ilə oyuna hazırlaşmalıyıq. Şans həmişə var. Mən də bir futbolçu kimi qələbə qazanmağımızı istəyirəm. Matçın sonlarında zədələndim. Amma bunun ciddi problem yaradacağını düşünmürəm. Növbəti oyunda da meydana çıxmaq istəyirəm”.
Vüqar Nadirov (Azərbaycan milli komandasının yarımmüdafiəçisi): "Birinci hissədə biz müdafiədən oynadıq. Rəqibdən belə aqressiv oyun gözləyirdik. Sonradan öz oyunumuzu tapdıq. İkinci hissədə artıq qollarımızı vurduq. Bu qələbə Rusiya yığması ilə matç öncəsi bizə yaxşı təsir etdi. Hələ qarşıda 3-4 gün var. Çalışacağıq ki, özümüzə gələk və Rusiya millisi ilə oyunda da belə oynayaq. İnşallah ruslarla görüşə yaxşı əhval-ruhiyyədə çıxacağıq”.
Rauf Əliyev (Azərbaycan milli komandasının hücumçusu): "Şadam ki, qələbə qazandıq. Özü də bu, seçmə mərhələdəki ilk qələbəmizdir. Hesab edirəm ki, ikinci hissədə rəqibdən daha üstün oyun göstərdik. Bu qələbə Rusiya millisi ilə oyun öncəsi komandaya psixoloji cəhətdən kömək edəcək”.
Cavid Hüseynov (Azərbaycan milli komandasının yarımmüdafiəçisi): "Yaxşı çıxış etmədim. Ola bilər, bu, ölkə çempionatında çox qüvvə sərf etməyimlə bağlıdır. Axıra qədər mübarizə apardıq. Bu qələbə bizə çox vacib idi. İndi 8 xalımız var. İnşallah, evdə Rusiya yığmasını da məğlub edib, mərhələni xoş ovqatla başa vurarıq”.
Qara Qarayev (Azərbaycan milli komandasının yarımmüdafiəçisi): "Rəqiblə oyuna çox yaxşı hazırlaşmışdıq. Şükürlər olsun ki, istəyimizə çatdıq, sevinirik. Birinci hissədə Şimali İrlandiya yığması fərqli taktika ilə oynayırdı. Biz 4-4-2 taktikasına uyğun hazırlaşmışdıq. Onlar isə meydana 3-5-2 düzülüşü ilə çıxmışdılar. Bu da bizi birinci hissədə çaşdırdı. Mərkəzdə çoxlu rəqib oyunçular var idi. Buna görə birinci hissədə oyunum yaxşı alınmadı. Ancaq fasilədən sonra biz mərkəzdə çoxluq təşkil etməyə başladıq. Bundan sonra oyunum qaydasına düşdü. Bu, normaldır. Yenə də öz oyunumdan razı deyiləm. İnşallah, istəyirik ki, Rusiya yığması ilə matçda uduzmayaq. Qalib gələcəyimizi deyə bilmərəm. Ancaq çalışacağıq ki, evdə onlara məğlub olmayaq”.
Rahib Sahiboğlu