Millimiz Bakıda Rusiya yığması ilə yenə heç-heçə etdi

Millimiz Bakıda Rusiya yığması ilə yenə heç-heçə etdi


Qollar: Vaqif Cavadov, 90 - Roman Şirokov, 16.
Azərbaycan: 1. Kamran Ağayev, 3. Volodimir Levin, 4. Mahir Şükürov,
5. Elnur Allahverdiyev, 10. Rüfət Dadaşov (7. Vaqif Cavadov, 83), 11. Rauf Əliyev, 14. Rəşad Sadıqov (k), 15. Ruslan Abışov, 18. Maksim Medvedev, 21. Araz Abdullayev (19. Rahid Əmirquliyev, 79), 22. Əfran İsmayılov (8. Qara Qarayev, 46).
Rusiya: 1. İqor Akinfeyev, 22. Aleksey Kozlov, 23. Dmitri Kombarov, 14. Vasili Berezutski, 4. Sergey İqnaşeviç, 8. Denis Qluşakov, 20. Viktor Fayzzulin
(17. Oleq Şatov, 46), 15. Roman Şirokov (k), 11. Aleksandr Kerjakov, 19. Aleksandr Səmədov (10. Pavel Mamayev, 82), 9. Aleksandr Kokorin.
Baş hakim: Milorad Maziç, Milovan Ristiç, Dalibor Corceviç, Boşko Yovanetiç (hamısı Serbiya).
Sarı vərəqələr: Aleksandr Səmədov, 10, Denis Qluşakov, 73.
Qırmızı vərəqə: Maksim Medvedev
, 73.
15 oktyabr. Bakı. "Bakcell Arena” stadionu.

DÇ-2014-ün seçmə mərhələsinin Avropa zonasında mübarizəyə yekun vuruldu. F qrupunda yer alan milli komandamız doğma azarkeşlər qarşısında Rusiya yığması ilə münasibətlərinə aydınlıq gətirdi. Futbolçularımız rəqibin erkən qolu ilə məğlub duruma düşsələr də, oyunun 90-cı dəqiqəsində Vaqif Cavadov hesabı bərabərləşdirməyə nail oldu. Millimiz matçın 73-cü dəqiqəsindən sonra oyuna 10 nəfərlə davam etsə də, güclü rəqibi qarşısında xal qazanmağı bacardı. Qrupun son oyunununda yığmamız meydanı 1 xalla tərk etdi.

Ötən tur Şimali İrlandiya millisi ilə oyunda qrupdakı ilk qələbəsini qazanan Berti Foqtsun yetirmələri bu dəfə çətin rəqibə qarşı mübarizə aparacaqdı. Rusiya yığması görüşün favoriti hesab olunsa da, yığmamız qonaqları Bakıda məyus etmək istəyirdi. Məlumat üçün bildirək ki, qrupda bu komandalar arasında keçirilən ilk görüş Rusiya yığması minimum hesablı qələbəsi ilə başa çatmışdı.
Bu oyunadək tarixinin ən yüksək nəticəsinə imza atıb 8 xal toplamağı bacaran həmyerlilərimiz rekordunu daha da yaxşılaşdırmaq əzmində idi. Mundiala birbaşa vəsiqəni təmin etmək üçün heç-heçə də yetərli olan Rusiya millisindən, ən azı, 1 xal almaq komandamızı 4-cü pillədə saxlayacaqdı. Çünki millimiz heç-heçə etsə, Şimali İrlandiya bizi keçmək üçün İsraili 4 top fərqi ilə məğlub etməli idi. Lüksemburqun təmsilçimizi geridə qoyması isə onların 12 top fərqli qələbəsi sayəsində mümkün olacaqdı. Lakin bunların hər ikisi inandırıcı deyildi. Bir sözlə, 1 xal komandamızı qrupun 4-cüsü edəcəkdi. Müqaviləsi ilin sonunda başa çatacaq Berti Foqts özü üçün sonuncu seçmə matçında da yetirmələrinin uduzmamağına sevinmək istəyirdi. 2013-cü ildə yalnız 1 dəfə uduzan komandamız məğlubiyyətsiz oyunlar seriyasını 6-ya çatdırmaq niyyətində idi.

Oyun qarşılıqlı hücumlar şəraitində başladı. İlk olaraq, millimizin hücumçusu Rüfət Dadaşov diqqət mərkəzinə düşdü. Lakin onun zərbəsində dəqiqlik çatmadı. Az sonra Rüfət Dadaşov yenə qol imkanı əldə etdi. Bu dəfə də hücumçunun uzaqdan vurduğu top qapıdan aralı keçdi. Meydan sahiblərinin qol imkanlarından istifadə etməməsi Rusiya yığmasının işinə yaradı. Şimal qonşularımız ilk təhlükəli hücumdaca hesabı açdı. Oyunun 16-cı dəqiqəsində komanda yoldaşından əla ötürmə alan Roman Şirokov qapını dəqiq nişan aldı - 0:1. Qoldan sonra matç qonaqların ərazi üstünlüyü ilə keçdi. Birinci hissənin sonlarına yaxın Roman Şirokov yenə diqqət mərkəzinə düşdü. Lakin hücumçunun uzaqdan vurduğu topu qapıçı Kamran Ağayev dəf etdi. Fasilədək oyun sakit məcrada keçdi. 0:1 hesabı rusları qane etdiyi üçün onlar müdafiəyə daha çox fikir verirdilər.
İkinci hissə qonaqların hücumları şəraitində başladı. Bunun məntiqi nəticəsi olaraq, Rusiya yığması hesab arasındakı fərqi artıra bilərdi. Oyunun 55-ci dəqiqəsində Volodimir Levinin kobud səhvindən sonra topu ələ keçirən Aleksandr Kerjakov rəqib qapıçı ilə təkbətək qalsa da, Kamran Ağayev çətin işin öhdəsindən gəldi. Az sonra Kamran Ağayev yenə diqqət mərkəzinə düşdü. Aleksandr Kokorin vurduğu topu qapıçımız ayaqları ilə dəf etdi. Oyunun sonlarına yaxın ruslar hesabı qorumağa çalışırdılar. Ona görə də, Fabio Kapellonun yetirmələri müdafiəyə çəkilmişdilər. Bundan istifadə edən millimiz hücumlara atıldılar. Oyunun 70-ci dəqiqəsində Rauf Əliyevin uzaqdan vurduğu topda dəqiqlik çatmadı. Az sonra yığmamız azlıqda qaldı. Maksim Medvedev rəqib futbolçuya qarşı kobud oynadığına görə, baş hakim ona qırmızı vərəqə verərək, meydandan qovdu. Meydanda 10 nəfərlə çıxış edən təmsilçimizə "yeni nəfəs” lazım idi. Berti Foqts Rüfət Dadaşovun əvəzinə Vaqif Cavadovu "döyüşə” atdı. Bundan sonra komandamız hücumda fəallaşdı. Hamı qonaqların qələbə qazanacağını gözlədiyi anda "səhnəyə” Vaqif Cavadov çıxdı. Oyunun 90-cı dəqiqəsində Mahir Şükürovun cərimə zərbəsindən ötürdüyü topu Vaqif Cavadov başla İqor Akinfeyevin qoruduğu qapıya vuraraq, meydana toplaşmış yerli azarkeşləri sevincə qərq etdi - 1:1. Qeyd edək ki, Vaqif 4 il əvvəl də Bakıda ruslara qarşı keçirilən oyunda fərqlənməklə komandamıza 1 xal qazandırmışdı.
Beləliklə, Azərbaycan yığması üçün DÇ-2014-ün seçmə mərhələsi uğurla başa çatıb. Komandamız 9 xalla tarixində ən yüksək - 4-cü yeri tutub. Berti Foqtsun rəhbərlik etdiyi millimizin tutduğu mövqe MDB təmsilçiləri arasında da ən yaxşılardandır. Yalnız 2 ölkə - Rusiya ilə Ukrayna yığmaları millimizi qabaqlayır. Litva ilə Gürcüstan komandaları isə millimizlə birlikdə MDB məkanının 3-cü nəticəsinə şərik olub. Bu 3 ölkə öz qrupunda 5-ci olan 6 komandanı da qabaqlayıb.

Qeyd edək ki, Azərbaycan millisi tarixinin ən uğurlu seriyasını təkrarlayıb. Berti Foqtsun rəhbərlik etdiyi komanda ardıcıl 6 qarşılaşmada uduzmamaqla, 15 il əvvəlki rekorduna çatıb.
Bu il martın 26-da Portuqaliya millisinə 0:2 hesabı ilə uduzan yığmamız sonrakı 6 qarşılaşmada 2 qələbə qazanıb və 4 heç-heçə edib. Özü də bu oyunların 4-ü seçmə xarakteri daşıyıb.
İlk rəsmi matçını 1992-ci ildə keçirən komandamızın 21 illik tarixində yalnız 1 dəfə 6 oyunluq məğlubiyyətsizlik seriyası olub. Bu da 1998-ci ilə təsadüf edib. Lakin 15 il əvvəl millimiz 4 qələbə və 2 heç-heçəni yoxlama oyunları ilə bu tip turnirlərdə əldə etmişdi. Seçmə oyununda uduzan yığmamız növbəti seçmə matçınadək uduzmamışdı. İndi millimiz yeni rekord üçün cəmi 1 oyun uduzmamalıdır. Noyabrın 15-də Estoniya yığması ilə səfər matçında komandamız növbəti rekordu əldə edə bilər. Həmin görüş məğlubiyyətsiz 7-ci görüş olarsa, 15 il əvvəlki rekord da yenilənəcək.

Oyundan sonra

Berti Foqts (Azərbaycan milli komandasının baş məşqçisi): "Komandamı təbrik edirəm. Azlıqda qaldıqdan sonra oynamaq asan deyildi. Bununla belə, güclü rəqibə qol vurduq. 4 gün ərzində 2 oyun keçirmək çətindir. Lakin xal qazana bildik. Biz mübariz və taktiki gedişlərin sayəsində 1 xal qazandıq. Mən məşqdə Maksim Medvedevi həmin mövqedə oynatmışdım və razı qalmışdım. Maksim qırmızı vərəqə alandan sonra dəyişikliklər etdik. Vaqif də çıxıb qol vurdu. Azarkeşlərə minnətdarlığımı bildirirəm. Sonadək bizi dəstəklədilər. Rusiya millisinə isə dünya çempionatında uğurlar arzulayıram”.

Fabio Kapello (Rusiya milli komandasının baş məşqçisi): "Oyundan razıyam. Hesabı açdıq. Qol vəziyyətlərimiz olsa da, birindən istifadə etdik. Rəqibə hörmətlə yanaşırdıq. Onlar yeganə şanslarından yararlandılar. Bu seçmə mərhələdə 3-cü dəfədir ki, oyunun 90-cı dəqiqəsində qol buraxırıq. Bunun üzərində işləməliyik. Komandanın seçmə mərhələdəki çıxışından razıyam. Yalnız Şimali İrlandiya millisi ilə görüş pis oldu və bunu unutmayacam. Qrupumuzda Portuqaliya millisi kimi güclü rəqib vardı. Şadam ki, onları qabaqlayıb mundiala birbaşa vəsiqə əldə etdik”.

Vaqif Cavadov (Azərbaycan milli komandasının hücumçusu): "Azərbaycan yığması ruslara sübut etdi ki, futbol oynamağı bacarır. Heç-heçə ədalətli nəticədir. Amma, əlbəttə, biz qələbə qazanmağı çox istəyirdik. Rusiya yığmasının bəzi futbolçuları bizim haqqımızda pis danışmışdılar. Onlar deyirdilər ki, bizi bir ayaqla udacaqlar. Amma biz göstərdik ki, futbol oynaya bilirik”.

Roman Şirokov (Rusiya milli komandasının kapitanı): "Azərbaycan millisi bizə heç bir çətinlik yaratmadı və təəccübləndirmədi. Biz oyuna nəzarət etdik, yaxşı qol vəziyyətləri yaratdıq. Amma bu şansları dəyərləndirə bilmədik. Sonda isə qol buraxdıq. Ən pisi odur ki, son zamanlar belə hallara daha çox rast gəlinir. Bu, biabırçılıqdır. Son 4 oyunda 3-cü dəfə belə topları buraxmaq sadəcə, yolverilməzdir. Bunu gələcəkdə araşdırmaq lazımdır. Başa düşə bilmirəm ki, onlar nəyə görə, Aleksandr Səmədova qarşı bu hərəkətləri edirlər. Hesab edirəm ki, azərbaycanlı azarkeşlərin bunu etmək üçün səbəbləri yox idi. Tamaşaçılar Səmədovu təhrik etməyə çalışırdılar. Amma o özünü kifayət qədər təmkinli apardı və bir də qol ötürməsi verdi. Düşünürəm ki, Aleksandr Səmədov başına gələcəkləri bilirdi və özünü rahat apardı”.

Rauf Əliyev (Azərbaycan milli komandasının hücumçusu): "Maraqlı və çətin oyun oldu. Rusiya millisi kimi güclü komandaya qarşı oynayırdıq. Ruslar Bakıya qrup lideri kimi gəlmişdilər. Əsasən oyunumuzu müdafiədən qururduq. Gözlənilməz bir qol buraxdıq. Qapımızda oyunun 15-ci dəqiqəsində qol görməyə hazır deyildik. Buna baxmayaraq komandamız "dağılmadı”, kompakt şəkildə oyunumuzu davam etdirdik. Rusiya millisi ilə həmişə oyunlarımız prinsipial olub. Şükürlər olsun ki, matçın 90-cı dəqiqəsində hesabı bərabərləşdirdik. Rusiya millisi ilə oyunda bir xal əldə etmək böyük nəticədir. Lüksemburqla itirilən xallar, Şimali İrlandiya ilə səfərdə son saniyələrdə buraxdığımız qolu fikirləşəndə təəssüflənirik. Ən azı, bu oyunlardan 6 xal toplaya bilərdik. Ancaq yenə də qrupda pis çıxış etmədik. Məğlubiyyətimizin sayı az oldu. Bundan artığına da qadir idik. Ancaq 9 xal toplamağımız da pis nəticə deyil.
Məncə, azarkeşlər Aleksandr Səmədovun cavabını yaxşı verdilər. Ancaq Səmədovu da başa düşmək lazımdır. Çünki o, Rusiyada böyüyüb, oranın çörəyini yeyib. Ona görə də Rusiya millisini seçib. Sadəcə bizim azarkeşləri qıcıqlandıran onun oyundan əvvəl verdiyi açıqlaması oldu. Azarkeşlərin bu reaksiyasını təbii sayıram. Onun cavabını vermək lazım idi”.

Vasili Berezutski (Rusiya milli komandasının müdafiəçisi): "Seçmə mərhələnin oyunları iki il davam etdi. İstədiyimizə nail olduğumuz üçün əhval-ruhiyyə yüksəkdir. Artıq dünya çempionatının final mərhələsi haqqında düşünə bilərik. Bu zəfəri paytardəyişmə otağında bayram etmədik. Çünki iki gün sonra yenidən oyuna çıxacağıq. Əgər bu oyun ilin son günündə olsa idi, zəfəri bayram edərdik. Oyuna gəlincə qol vurmaq üçün xeyli imkanlarımız oldu. Lakin bunlardan yararlana bilmədik. Rəqib isə bir qol imkanından maksimum yararlandı”.
Maksim Medvedev (Azərbaycan milli komandasının yarımmüdafiəçisi): "Hamımız yorulmuşuq. Çünki ağır oyun keçdi. Tək mənim üçün yox, hamı üçün çətin bir qarşılaşma idi. İlk dəfə yeni mövqedə oynadım. Ancaq baş məşqçinin verdiyi təlimatı yerinə yetirməyə çalışdım. Sonadək mərkəzdə çıxış etdim. Qırmızı vərəqə ilə bağlı isə onu deyə bilərəm ki, məncə, orda hakim məni meydandan qovmamalı idi. Çünki bu mənim rəqib oyunçuya qarşı ilk kobudluğum idi. Düzdür, rəqib futbolçunun ayağına toxunmuşdum. Ancaq məncə, belə hərəkətə görə qırmızı vərəqə düşmür. Mətbuatda Aleksandrın açıqlaması yazıldı və bu bir az da "şişirdildi”. Ona görə də kapitanımız kimi Rəşad Sadıqov məcbur oldu ki, ona aqressiv cavab versin. Oyundan sonra hamı gördü ki, Səmədov Rəşadla söhbət etdi. Ondan üzr istəyib-istəmədiyini deyə bilmərəm. Amma məncə, bir-birlərini yola verdilər. Uşaqlar ilk növbədə istəyir ki, öz xalqı, ölkəsi üçün oynasın. Demək olmaz ki, biz Berti Foqtsa görə oynamışıq. Biz Azərbaycan xalqına görə meydana çıxırıq. Çalışdıq ki, maksimum xal qazanaq”.

Rahib Sahiboğlu