Klublararası dünya çempionatı-2013-ün püşkü atılıb. Sözügedən yarışı ilk dəfə təşkil edəcək Mərakeşdə baş tutan püşkatma mərasimində planetin ən güclü klubları mundialdakı potensial rəqiblərini tanıyıb.
Çünki püşk zamanı bəzi konfederasiyalardan yarışa vəsiqə qazanan klublar məlum deyil. Belə ki, Asiya və Afrikada ən güclülər hələlik müəyyənləşməyib. Məhz bu iki konfederasiyanın Çempionlar Liqasının qalibləri arasındakı oyunda üstün olan tərəf yarımfinalda Almaniya "Bavariya”sı ilə qarşılaşacaq.
Qeyd edək ki, Asiyada ÇL-in qalibi olmağa namizədlər "Quanqjou Everqrande” (Çin) və "Seul” (Cənubi Koreya), Afrikada isə "Koton Sport” (Kamerun), "Əl-Əhli” (Misir), "Esperanse” (Tunis) və "Orlando Pirates” (Cənubi Afrika) klublarıdır.
İlk dəfə Afrikada təşkil olunacaq çempionat 11-21 dekabr tarixində keçiriləcək.
FİFA-nın təsdiqləməsinə görə, ilk dəfə Braziliyada Konfederasiyalar kuboku-2013-də sınaqdan keçirilən və Almaniya istehsalı olan "GoalControl-4D” qolun avtomatik qeydə alınması sistemindən Mərakeşdəki turnirdə, həmçinin DÇ-2014-də də istifadə olunacaq.