“Mehriban və sağlam kollektivdə hər bir işin öhdəsindən layiqincə gəlirik”

“Mehriban və sağlam kollektivdə hər bir işin öhdəsindən layiqincə gəlirik”

“Zenit” Bədən Tərbiyəsi və İdman Cəmiyyəti İctimai Birliyinin xidmət sahəsinə daxil olan müəssisə və təşkilatlar arasında keçirilən 22-ci Respublika Spartakiadasına noyabrın 23-də yekun vurulub. 18 Oktyabr - Müstəqilliyin Bərpası Gününə həsr edilən spartakiadanın açılış mərasimində Milli Aviasiya Akademiyasının prorektoru Ədalət Səmədov, Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının (AHİK) sədr müavini Cavanşir Alxasov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti, DİN İdman Cəmiyyətinin sədri, yarışların baş hakimi Zemfira Meftaxetdinova, Gənclər və İdman Nazirliyinin əməkdaşı Aydın Bağırov iştirak ediblər. Açılış mərasimində çıxış edənlər turnirin əhəmiyyətini yüksək qiymətləndiriblər. “Zenit” Bədən Tərbiyəsi və İdman Cəmiyyəti İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən spartakiadada iştirakçılar 10 idman növü - futbol, voleybol, kəndirdartma, stolüstü tennis, daşqaldırma, üzgüçülük, nərd, şahmat, dama və güllə atıcılığı üzrə yarışlarda güclərini sınayıblar.

Spartakiadanın keçirilməsində məqsəd zəhmətkeşlərin sağlamlığını möhkəmləndirmək, bədən tərbiyəsi və idman məşqlərinə cəlb etmək, müəssisə və təşkilatların fəhlə və qulluqçularının asudə vaxtının səmərəli keçirilməsini təmin etməkdən ibarət olub.
Milli Olimpiya Komitəsinin vitse-prezidenti, DİN İdman Cəmiyyətinin sədri Zemfira Meftaxetdinovanın baş hakimi olduğu spartakiadada ümumi komanda hesabında Metropoliten İşçiləri Həmkarlar İttifaqının (MİHİ) komandası birinci yerə layiq görülüb. “Aviasiya İşçiləri” Həmkarlar İttifaqı Respublika Komitəsinin komandası ikinci, Müdafiə Sənayesi İşçilərinin Həmkarlar İttifaqı Respublika Komitəsinin komandası isə üçüncü yerə sahib olub.
Qeyd edək ki, spartakiadanın qalibi olan “Metropoliten” komandası ayrı-ayrı növlər üzrə yarışlarda da fəallığı ilə seçilərək mükafatçılar sırasında yer alıb. Belə ki, qalib təşkilatın komandası futbol, kəndirdartma, stolüstü tennis və dama yarışlarında birinci yeri tutub. Daşqaldırma və nərd yarışlarında ikinci yerə sahib çıxan  “Metropoliten” komandası voleybol, üzgüçülük, şahmat və güllə atıcılığı növlərində isə üçüncü olublar.  
Qaliblər diplom, xatirə kuboku və hədiyyələrlə təltif olunublar.  
Spartakiadadan sonra Metropoliten İşçiləri Həmkarlar İttifaqı Komitəsinin sədr müavini Əlisəfa Bağırovla görüşüb, yarışlar və komandanın əldə etdiyi yüksək nailiyyətlərlə bağlı söhbət etdik. Müsahibimiz bildirdi ki, təmsil etdiyi komitənin zəhmətkeş idmançıları spartakiadada hər zaman uğurlu çıxışları ilə yadda qalıblar.  
“Biz bu yarışlarda 2015-ci ildən etibarən iştirak edirik. Həmin vaxtdan bu günə qədər dəfələrlə ən yüksək nəticələrə nail olmuşuq. Demək olar ki, spartakiadalarda ən iddialı kollektivlərdən biri hesab olunuruq. Yarışların proqramına salınan 10 idman növünün hər birində “Metropoliten” komandası uğurlu nailiyyətlərlə yadda qalıb. Bizim futbol komandamız yarışlarda ən yaxşı nəticələrə imza atıblar. Digər idman növlərində də təmsilçilərimiz onlara bəslənən etimadı doğrulda biliblər. Qeyd edim ki, yarışlarda “Metropoliten” komandası fəhlə və qulluqçulardan ibarət əməkdaşlarla öz qüvvələrini sınayırlar. Komandanın təşkilatçılığı hər zaman olduğu kimi rəhbərlik tərəfindən mənə həvalə olunub. Məşqçimiz isə Anar Həsənovdur. O, həm də Həmkarlar Təşkilatının sədridir. Bu idman yarışında iştirak edən işçilərimiz üçün hər bir şərait yaradılıb. Görünür, bu diqqət və qayğının nəticəsidir ki, təmsilçilərimiz yarışlarda yüksək səviyyədə iştirak ediblər. Komandamızın üzvləri yarışlara böyük həvəslə qoşulurlar. Əldə olunan uğurlar bunun bariz nümunəsidir. “Metropoliten” komandası daim yüksək yerlər uğrunda uğurla yarışıb. Ən aşağı nəticəmiz ikinci yer olub”, - deyə Əlisəfa müəllim bildirdi.
Müsahibimiz söhbət zamanı onu da vurğuladı ki, təmsil etdiyi qurumun öz daxili yarışları da təşkil olunur. Bu yarışlarda iştirak edən işçilər üçün böyük güzəştlər var. Onların yarışlardakı iştirakına xüsusi diqqət yetirilir. 
“Heyətimiz o qədər zəngindir ki, yarışlara qoşulmazdan əvvəl öz aramızda onları sınaqdan keçirə bilirik. Qeyd edim ki, heyətə düşmək üçün gərgin rəqabət hökm sürür. Ən yaxşıları seçməkdə hətta çətinlik çəkirik. Bir neçə il əvvələ qədər öz daxili yarışlarımızı keçirirdik. Lakin son ərəfələrdə pandemiya səbəbindən həmin yarışların keçirilməsində bəzi maneələrlə üzləşdik, - deyə komitə rəsmisi bildirdi.
Söhbət zamanı məlum oldu ki, budəfəki spartakiadada Metropoliten əməkdaşları dörd idman növü üzrə birinci yerə layiq görülüblər. Bundan başqa iki idman növü üzrə ikinci, dörd idman növündə isə üçüncü nəticə göstəriblər. Əlisəfa müəllim uğurlu nəticə barədə bunları dedi: “Öz işində peşəkar olan işçi heyətimiz idmanda da yüksək bacarıq nümayiş etdirirlər. Hazırda futbol komandamız ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş yarışda da qüvvəsini sınayır. Məlumat üçün qeyd edim ki, həmin yarışda üç qələbəmiz var. İnanıram ki, bu qələbələrin ardı gələcək.
Fürsətdən istifadə edib “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri Zaur Hüseynova bizə şərait  yaratdığına görə minnətdarlığımızı bildiririk.
Metropoliten İşçiləri Həmkarlar İttifaqı Komitəsinin sədri Arif Mərdanov da komandamızı və idman yarışlarında iştirak edən təmsilçilərimizi diqqətdə saxlayır. Onların qarşılaşdığı hər hansı problemi yerində öyrənir, onların həllində vasitəçi olur. Bu cür mehriban və sağlam kollektivdə hər bir işin öhdəsindən layiqincə gəlirik. Hesab edirəm ki, bu deyilənlər əldə olunan nəticələrdə öz əksini tapır”. 

Anar Əhmədov

“Mehriban və sağlam kollektivdə hər bir işin öhdəsindən layiqincə gəlirik” “Mehriban və sağlam kollektivdə hər bir işin öhdəsindən layiqincə gəlirik”