Cüdo üzrə Bakı birinciliyi yekunlaşdı

Cüdo üzrə Bakı birinciliyi yekunlaşdı

Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Mərkəzində yerləşən U-18 yeniyetmə cüdoçuların Bakı şəhər birinciliyinə yekun vurulub. 3 gün davam edən yarışda 56 klub, cəmiyyət və idman təşkilatından 613 (41 qız, 572 oğlan) cüdoçu qüvvəsini sınayıb. 18 yaşadək yeniyetmələr arasında keçirilən yarışda 16 çəki dərəcəsində mükafatçılar müəyyənləşib.

Birinciliyin sonuncu yarış günü oğlanlar arasında -55 kq, -73 kq və +90 kq çəki dərəcələrində, qızlar arasında isə -44 kq və -57 kq çəki dərəcələrində qaliblər müəyyənləşib. Yarışların son nəticəsinə görə, Bakı şəhəri 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi ümumi komanda hesabında, qızlar və oğlanlar arasında medal saylarına görə 1-ci yerə layiq görülüb. “Jüdo Club 2012” ümumi komanda hesabında 2-ci yeri, qızlar və oğlanlar arasında medal saylarına görə isə 3-cü yeri tutub. Respublika Kompleks İdman Məktəbi isə ümumi komanda hesabında 3-cü yerdə, qızların nəticələrinə görə 2-ci yerdə qərarlaşıb. Yarışda 21 komanda müxtəlif əyarlı medal qazanıb.

Yarışın keçirilməsində əsas məqsəd müvafiq yaş qrupu üzrə gələn il baş tutacaq Azərbaycan birinciliyinə namizədlərin seçilməsidir.