Azərbaycan Gimnastika Federasiyasının yenidən qurulmasının 20 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilib

Azərbaycan Gimnastika Federasiyasının yenidən qurulmasının 20 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilib

Dekabrın 23-də Azərbaycan Gimnastika Federasiyasının (AGF) yenidən qurulmasının 20 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilib. Yubiley mərasimində Azərbaycan Gimnastika Federasiyasının vitse-prezidenti Altay Həsənov, gənclər və idman naziri Fərid Qayıbov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, komitənin baş katibi Azər Əliyev, federasiyanın üzvləri və ölkəmizin idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Əvvəlcə yubiley münasibətilə videoçarx nümayiş olunub.

Azərbaycan Gimnastika Federasiyasının vitse-prezidenti Altay Həsənov mərasimdə çıxış edərək AGF-in ötən 20 ildə olduqca şərəfli yol qət etdiyini bildirib. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Azərbaycan Gimnastika Federasiyasına rəhbərlik etdiyi vaxtdan Azərbaycan gimnastikasının böyük uğurlara imza atdığını vurğulayan Altay Həsənov deyib: “Gimnastlarımız ötən müddətdə beş Olimpiadada iştirak edib, dünya çempionatlarında və digər böyük yarışlarda medallar qazanıblar. AGF-in nümayəndələri Beynəlxalq Gimnastika Federasiyasında və Avropa Gimnastikasında məsul vəzifələrə seçiliblər. Hamımız bir ailə kimiyik. Bu ailəyə Mehriban xanım Əliyeva rəhbərlik edir. Bütün uğurlarımız, bu ailənin birliyi Mehriban xanımın sayəsində mümkün olub. Əminik ki, gimnastlarımız ənənələri davam etdirərək daha böyük nailiyyətlər qazanacaqlar”.

Yubiley ilində bir sıra tədbirlərin keçirildiyini vurğulayan Altay Həsənov bu baxımdan festival, ustad dərsləri və yarışların təşkil olunduğunu qeyd edib. İlk dəfə Bakıdan kənarda - Şəkidə gimnastika növləri üzrə birgə yarışların keçirildiyini xatırladan AGF-in vitse-prezidenti bu mötəbər turnirin regionda əsl bayram ab-havası yaratdığını vurğulayıb.

Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov cari ilin ölkə idmanı üçün bir çox yubileylərlə əlamətdar olduğunu bildirib, bu baxımdan Milli Olimpiya Komitəsinin 30, Azərbaycan Gimnastika Federasiyasının yenidən qurulmasının 20 illik yubileylərini xüsusi vurğulayıb. Nazir ötən 20 ildə Azərbaycan Gimnastika Federasiyasının Mehriban xanım Əliyevanın rəhbərliyi ilə çox böyük uğurlar əldə etdiyini deyib. Federasiyanın ölkəmizdə idmanın bu növünün inkişafı istiqamətində genişmiqyaslı fəaliyyətini qeyd edən Fərid Qayıbov Milli Gimnastika Arenasının dünyada analoqu olmayan mükəmməl idman qurğusu kimi tanındığını bildirib.

MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə yubiley münasibətilə təbriklərini çatdırıb. Qeyd edib ki, Mehriban xanım Əliyevanın federasiyaya rəhbərlik etdiyi ötən 20 ildə Azərbaycan gimnastikası sürətli inkişaf yolu keçib. Bu gün AGF dünyanın aparıcı gimnastika federasiyalarından biridir. Azərbaycan gimnastika üzrə ən mühüm beynəlxalq turnirlərə yüksək səviyyədə ev sahibliyi edib. “Həqiqətən də idman gimnastika ilə başlayır, atletika ilə davam edir”, - deyə Ç.Hüseynzadə bildirib.

Gənclər və idman nazirinin müavini Mariana Vasileva çıxışında ötən illərdə gimnastika üzrə böyük nailiyyətlərin qazanıldığını vurğulayıb.

Mariana Vasileva Azərbaycanda gimnastikanın belə yüksək inkişafına görə Mehriban xanım Əliyevaya təşəkkürünü bildirib.

Sonra federasiyanın 20 illik uğurlu fəaliyyətindən bəhs edən “20 il inkişafda” kitabının təqdimat mərasimi keçirilib.

Tədbirdə digər çıxış edənlər də AGF-in yubileyi münasibətilə təbriklərini çatdırıblar.