İspaniyanın «Barselona» komandasının argentinalı ulduzu Lionel Messinin transferi üçün inanılmaz məbləğ - 250 milyon avro təklif edilib. Bu barədə məlumatı «El Mundo Deportivo» qəzeti verib.
Qəzet bu ilin yayında «Adidas» şirkətinin sponsoru olduğu bir klubun Barselona rəhbərliyinə belə bir təklif etdiyini yazıb. «Adidas» həmin kluba transfer məbləğinin yarısını da ödəməyə hazır olduğunu bildirib.
«Barselona» klubu ilə Lionel Messi arasında imzalanan müqaviləyə əsasən, 250 milyon avro müqabilində futbolçu sərbəst qalmaq hüququ əldə edir. «El Mundo Deportivo» qəzeti onu da yazır ki, Lionel Messi ailəsi ilə birlikdə Barselonada xoşbəxt bir həyatının olduğunu bildirərək transfer təklifini rədd edib. Böyük Britaniya mətbuatı isə «Adidas» klubunun əzəli rəqibi olan «Nike» şirkətinin sponsoru olduğu «Barselona» klubunun formasını geyinən Lionel Messinin transferini gündəmdən çıxarmadığını yazır. «Adidas» Messinin sponsoru olduğu Böyük Britaniyanın «Çelsi» və ya Almaniyanın «Bavariya» klubuna transferinə nail olmaq üçün transfer məbləğini yüksəldə bilər. Yaxın aylarda hər iki klubun Lionel Messinin transferi üçün «Barselona» rəhbərliyi ilə danışıqlara başlayacağı proqnozlaşdırılır.
İspaniya mətbuatı isə yazır ki, Lionel Messinin vergidən yayınması məsələsi ilə bağlı məhkəməyə verilməsi futbolçunun «Barselona»dan «Bavariya», yaxud «Çelsi» komandasına keçməsi barədə qərar verməsinə səbəb ola bilər.