Məhəllələrarası mini futbol turniri yekunlaşıb

Məhəllələrarası mini futbol turniri yekunlaşıb



Nərimanov rayonu ərazisində yerləşən Bağça Məktəb Lisey Kompleksinin yeni istifadəyə verilmiş mini futbol meydançasında 18 Oktyabr - Dövlət Müstəqilliyi Gününə həsr olunmuş məhəllələrarası mini futbol üzrə Bakı şəhər turnirinin final oyunları keçirilib. Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə 2001-2002-ci illər təvəllüdlü uşaqlar arasında keçirilən yarışda 3-cü yer uğrunda Nərimanov və Yasamal rayonlarının komandaları mübarizə aparıblar. Final oyununda isə Nizami və Binəqədi rayonlarının komandaları görüşüblər. Hər iki oyun gərgin idman mübarizəsi şəraitində keçib. Nərimanov rayon komandası 3:2 hesabı ilə qalib gələrək 3-cü yeri tutub. Nizami rayon komandası isə 7:0 hesabı ilə qalib gələrək turnirin qalibi olub. Final oyunundan sonra turnirin təntənəli bağlanış mərasimi keçirilib. Tədbirdə Nərimanov rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin baş məsləhətçisi Salman Əbdülov və digər şəxslər iştirak ediblər. Natiqlər öz çıxışlarında futbolun inkişafında xüsusilə uşaqlar arasında keçirilən məhəllələrarası mini futbol turnirinin böyük rol oynadığını bildiriblər. Respublika Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı”nın bu tipli tədbirlərin keçirilməsi ilə yüksək səviyyədə icra olunduğu, həmçinin son illər respublikada futbolun maddi-texniki bazasının gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə söhbət açılıb. Bunun bariz nümunəsi kimi məktəbin mini futbol meydançasının yenidən yüksək səviyyədə tikilib istifadəyə verilməsi göstərilib. Tədbirin sonunda qalib komandaların üzvləri Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlarla, futbol formaları ilə və kuboklarla təltif olunubar.