"Böyük oyun”un iştirakçıları Naxçıvana qələbə ilə yollanıblar
Oktyabrın 19-20-də Topaz Premyer Liqasında 2-ci dövrənin ilk turu keçirilib. X tur çərçivəsində ilk oyun günündə 3, digər gündə isə 2 matç təşkil olunub. Turnir cədvəlində liderlər qrupunda qərarlaşan komandalar növbəti dəfə 3 xala seviniblər. Oktyabrın 23-də Naxçıvanda Superkubok uğrunda yarışacaq "Xəzər Lənkəran” ilə "Neftçi” klubları səfərə qələbə ilə yollanıblar.
Topaz Premyer Liqası
X tur
19 oktyabr
"Neftçi” - "Rəvan” - 2:1
Qollar: Denis Silva, 65, Bahodir Nasimov, 79 - Xuan Manuel Varea, 8.
Hakimlər: Orxan Məmmədov, Knyaz Əmiraslanov, Elman Musayev, Xəlil Hüseynli.
Bakı. "Bakcell Arena” stadionu.
I dövrədəki oyun - 2:0

II dövrənin ilk oyun günündə 3 matç olub. Onlardan yalnız birində hesabı açan tərəf qələbə qazanıb. Milli komandaların oyunları ilə əlaqədar yaranan 2 həftəlik fasilədən sonra ilk olaraq meydana son çempion "Neftçi” ilə "Rəvan” klubları çıxıblar. Əvvəlki 5 qarşılaşmada yalnız 1 dəfə qalib gəlməyən "Neftçi” paytaxt derbisində üstünlüyə malik idi. Heç-heçə etməyən rəqiblərin oyunda "aslanlar”ın cəmi bir qələbəsi var idi. Tərəflərin matçlarında qol vuran komanda matçı qələbə ilə başa vururdu. Amma bu dəfə fərqli ssenari qeydə alınıb. Hesabı Şahin Diniyevin rəhbərliyi altında debüt matçına çıxan "Rəvan” klubu açıb. Oyunun 8-ci dəqiqəsində Xuan Manuel Varea fərqlənib. Lakin bu oyunda xal itirməməyə və zirvədəki yerini qorumağa çalışan "ağ-qaralar” fasilədən sonra iki qol vuraraq istəklərinə çatıblar. Rəqib qapısından qolları Denis Silva ilə Bahodir Nasimov vurublar. Beləliklə, "Neftçi” turnir cədvəlindəki yerini qoruduğu halda, Şahin Diniyevin "Rəvan”da baş məşqçi kimi debütü uğursuz alınıb.
"Simurq” - "Xəzər Lənkəran” - 1:2
Qollar: Nicat Qurbanov, 6 - Ağabala Ramazanov, 53; Manuel Skarlatake, 64.
Qırmızı vərəqə: İdan Vaytsman, 81.
Hakimlər: Rauf Cabbarov, Azər Əsgərov, Nahid Əliyev, Teymur Fərhadov.
Əlavə köməkçi hakimlər: Vüsal Əliyev, Feyzulla Feyzullayev.
Bakı. "Bayıl Arena” stadionu.
I dövrədəki oyun - 0:0
Oktyabrın 23-də "Neftçi” ilə Azərbaycan Superkuboku uğrunda görüşdə üz-üzə gələcək "Xəzər Lənkəran” "Simurq” komandasının qonağı olub. Bu oyunda da oxşar ssenari təkrarlanıb. Komandalar arasında keçirilmiş əvvəlki oyunlardakı nisbətə nəzər saldıqda böyük fərqin olduğu diqqət çəkirdi. Belə ki, 16-cı dəfə "Simurq”la qarşılaşan "Xəzər Lənkəran” qələbə sayında böyük üstünlüyə malik idi. Lənkəranlılar əvvəlki görüşlərdən 8-də qalib gəlmişdilər. 6 oyun heç-heçə başa çatdığı halda, Zaqatala təmsilçisi cəmi bir dəfə qələbəyə sevinmişdi. Elə bu dəfə də istisna olmayıb. Hesabı Georgi Çixradzenin yetirmələri açsa da, sonradan iki qol vuran Con Toşakın yetirmələri əzmkar qələbəyə seviniblər.
"İnter” - "Qəbələ” - 0:1
Qol: Daniel Subotiç, 45.
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Vaqif Musayev, Ramiz Məhərrəmov.
Əlavə köməkçi hakimlər: Elvin Əsgərov, Rəhim Həsənov.
Bakı. "Şəfa” stadionu.
I dövrədəki oyun - 2:3
Turun ən böyük maraqla gözlənilən qarşılaşması "Şəfa” stadionunda olub. Yerli "İnter” klubu doğma azarkeşlər önündə "Qəbələ” komandası ilə münasibətlərinə aydınlıq gətirib. "Bankçılar” rəqiblə 22-ci oyuna böyük üstünlüklə çıxmışdı. Bakılılar əvvəlki matçlarda bu rəqibi üzərində 11 qələbəyə sevinmişdilər. 6 qarşılaşma heç-heçə başa çatdığı halda, "Qəbələ”nin 4 qələbəsi var. Top fərqi də bakılıların xeyrinə idi - 30:17. Son 3 ev oyununda qalib gələn bakılılar öz meydanında ümumiyyətlə uduzmamışdılar. Amma bu oyunda hər şey fərqli alınıb. Oyunun taleyini bir qol həll edib. Yeganə qolu oyunun 45-ci dəqiqəsində qonaqların futbolçusu Daniel Subotiç vurub. "Qəbələ” minimum hesablı qələbə ilə həm rəqib meydanındakı qələbəsizlik sindromuna son qoyub, həm də liderlərlə aradakı xal fərqini qoruyub. Cari mövsümü pis keçirən "İnter” isə hələ də özünə gələ bilmir.
20 oktyabr
"Sumqayıt” - "Qarabağ” - 0:3
Qollar: Muarem Muarem, 5; Reynaldo Silva, 56; Riçard Almeyda, 59.
Hakimlər: Ömər Paşayev, Mehman Mahmudov, Rza Məmmədov, Nail Nağıyev.
Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Orxan Məmmədov.
Sumqayıt. Mehdi Hüseynzadə adına şəhər stadionu, süni meydança.
I dövrədəki oyun - 1:5
"Sumqayıt” klubu evdə turnir cədvəlinin lideri "Qarabağ” komandasını sınağa çəkib. 6-cı dəfə "Sumqayıt”la qarşılaşan Ağdam təmsilçisinin əvvəlki matçlarda üstünlüyü var idi. Sumqayıtlıların 1 qələbəsi olduğu halda, daha bir görüşdə heç-heçə qeydə alınmışdı. "Qarabağ” bu rəqiblə keçirdiyi son 3 matçda böyük hesabla qalib gəlmişdi. Elə bu dəfə də Ağdam klubu rəqibini böyük hesabla məğlub edib. Ağdamlılar 3 xalı 3 cavabsız qolla əldə edərək, bir günlük fasilədən sonra yenidən zirvəyə qayıdıblar.
"Bakı” - AZAL - 2:2
Qollar: Rauf Əliyev, 11; 20 - Branislav Arsenyeviç, 29; Yuri Fomenko, 68.
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Yaşar Abbasov, Mahir Məmmədov.
Əlavə köməkçi hakimlər: Rauf Cabbarov, Ramil Əhmədov.
Bakı. "Bakı” FK-nın təlim-məşq bazasının stadionu.
I dövrədəki oyun - 0:1
Hesabat turu daha bir paytaxt derbisi ilə yadda qalıb. Mövsümə uğurlu başlayan, lakin son turlarda qeyri-sabit oyun göstərən "Bakı” doğma meydanında son 4 oyunda qələbə qazana bilməyən AZAL-ı sınağa çəkib. "Təyyarəçilər” 20-ci paytaxt derbisinə cüzi üstünlüklə çıxmışdılar. AZAL əvvəlki oyunlarda 8, "Bakı” 7 qələbəyə malik idi. Daha 4 görüş isə heç-heçə başa çatmışdı. Birinci dövrədə AZAL-a məğlub olan "Bakı” bunun əvəzini çıxmağa çalışsa da, istəyinə nail ola bilməyib. Bu oyunda qalib müəyyənləşməyib. Baxmayaraq ki, meydan sahibləri iki qol vurduqdan sonra Milinko Pantiçin komandasının xal itirəcəyinə heç kim inanmırdı. Amma "təyyarəçilər” özündə güc taparaq iki qol vurmağı bacarıb - 2:2. Nəticədə, tərəflər turnir cədvəlində qərarlaşdıqları qonşu pillələrdəki mövqelərini qoruyublar.
Rahib Sahiboğlu