Meksika yığma komandasının yeni baş məşqçisinin adı açıqlanıb. Yerli mətbuatın yaydığı məlumata görə, ölkənin futbol federasiyası "Amerika” klubunun çalışdırıcısı Miqel Errera ilə anlaşıb.
Bununla da, cari ilin sentyabrın 12-də Luis Fernando Tenanın vəzifəsindən ayrılmasından sonra müvəqqəti olaraq millini çalışdıran Viktor Manuel Vusetiçin işinə rəsmən son verilib. Vusetiç Panama millisi ilə oyunda qalib gəlsə də, Kosta Rika qarşısındakı məğlubiyyətdən sonra komandadan uzaqlaşdırılıb.
Federasiyadan verilən açıqlamaya görə, Braziliyada keçiriləcək DÇ-2014-də iştirak etmək üçün Yeni Zenlandiya yığması ilə keçiriləcək pley-off matçlarında komandanın baş məşqçi vəzifəsində Errera olacaq.
Qeyd edək ki, 45 yaşlı mütəxəssis ötən mövsüm "Amerika”nı Meksika çempionu etmişdi.