“Golden Foot”da azərbaycanlı imzası

“Golden Foot”da azərbaycanlı imzası



Droqbanın qazandığı mükafatın münsiflər heyətində həmyerlimiz Rasim Mövsümzadə də var

Xəbər verdiyimiz kimi, "Qalatasaray”ın hücumçusu Didye Droqba "Golden Foot”un ("Qızıl ayaq”) yeni sahibi olub. Kot d’ivuarlı futbolçu azarkeşlərin səsverməsi nəticəsində 2013-cü ildə bu mükafata namizəd olan digər doqquz nəfər - Kriştianu Ronaldo (Portuqaliya / Real Madrid), Andres İnyesta (İspaniya / Barselona), David Trezege (Fransa / River Pleyt), Frank Lempard (İngiltərə / Çelsi), Samuel Eto’O (Kamerun / Çelsi), İker Kasilyas (İspaniya / Real Madrid), Miroslav Kloze (Almaniya / Latsio), Andrea Pirlo (İtaliya / Yuventus) və Devid Bekhemi (İngiltərə / -) qabaqlayıb. Təşkilatçıların sorğunun sonuna yaxın açıqladıqları məlumatına görə, mübarizə, əsasən, Droqba, Ronaldo və Bekhem arasında gedib. Yeri gəlmişkən, 10 nəfərlik siyahıdakı futbolçulardan yalnız üçünün - Kasilyas, Droqba və Pirlonun 2012-ci ildə də "Golden Foot”a namizəd olduqlarını xatırladaq.
35 yaşlı Droqba əvvəllər Fransanın "Le Man” (1998-2002), "Genqam” (2002-2003) və "Marsel” (2003-2004), İngiltərənin "Çelsi” (2004-2012), Çinin "Canxay Cenhua” (2012-2013) klublarında çıxış edib, 2013-cü ilin fevralından Türkiyə "Qalatasaray”ının formasını geyinir. "Çelsi” ilə 3 dəfə İngiltərə çempionu (2005, 2006, 2010), 4 dəfə ölkə kubokunun (2007, 2009, 2010, 2012), 2 dəfə Liqa kubokunun (2005, 2007), 2 dəfə superkubokun (2005, 2009), 1 dəfə Çempionlar Liqasının qalibi (2012), "Qalatasaray”la 1 dəfə Türkiyə çempionu (2013) və 1 dəfə də ölkə superkubokunun qalibi (2013) olub. 2 dəfə Afrikanın (2006, 2009), 2 dəfə Kot d’İvuarın (2007, 2012), 1 dəfə də Fransa çempionatının (2004) ən yaxşı oyunçusu seçilib. 2 dəfə İngiltərə Premyer Liqasının (2006/07, 2009/10), 1 dəfə UEFA kubokunun (2003/04), 1 dəfə də Afrika Millətlər kubokunun (2012) bombardiri olub. 2002-ci ildən Kot d’İvuar yığmasının üzvüdür (97 oyun, 62 qol).
Oktyabrın 16-da Monakoda keçirilən qala-gecədə Droqbadan başqa "Futbol əfsanələri” kimi kolumbiyalı Karlos Valderrama, argentinalı Osvaldo Ardiles və fransalı Jan-Pyerr Papen də mükafatlandırılıblar. Mükafatlandırma mərasiminin baş sponsoru isə "Land of Fire Azerbaijan” olub.

Monako şahzadəsi II Albertin himayəsiylə təsis edilən "Golden Foot” idmandakı nailiyyətlərinə və şəxsiyyətinə görə digərlərindən fərqlənən futbolçulara verilir. Əvvəllər sözügedən mükafata yaşı 29-u keçən oyunçular layiq görülürdüsə, bu ildən yaş həddi 28-ə endirilib (təşkilatçıların da etiraf etdikləri kimi, Kriştianu Ronaldo kimi futbolçuların namizədlər arasına düşməsi üçün) və onu yalnız bir dəfə qazanmaq olar. Həmçinin "Golden Foot”un sahibi Monako knyazlığındakı dəniz sahilində yerləşən "Çempionlar sahili”ndə, başqa sözlə, futbolun "Şöhrət xiyabanı”nda öz ayaq izini qoyur.
Hər il "Golden Foot”un münsiflər heyətini təşkil edən beynəlxalq jurnalistlər və mükafatın təsisçisi "World Champions Club” şirkəti tərəfindən yuxarıda göstərilən meyarlara əsasən hazırda karyerasını davam etdirən 10 namizəd futbolçu seçilir və sonra İnternet vasitəsilə azarkeşlərin səsverməsilə qalib müəyyənləşir. Mükafatın münsiflər heyətində Azərbaycanı "Futbol dünyası”nın əməkdaşı Rasim Mövsümzadə təmsil edir. Fərəhləndirici haldır ki, bu üzdən mükafatlandırma mərasimi üçün hazırlanan xüsusi bannerdə "Futbol dünyası”nın loqoları da yer alıb.
Yeri gəlmişkən, Rasim Mövsümzadə 2013-cü ildə "Golden Foot” üçün bu futbolçuların namizədliyini irəli sürmüşdü: Kriştianu Ronaldo (Portuqaliya / Real Madrid), Xavi (İspaniya / Barselona), Didye Droqba (Kot d’İvuar / Qalatasaray), Canluici Buffon (İtaliya / Yuventus), Karles Puyol (İspaniya / Barselona), Miroslav Kloze (Almaniya / Latsio), Andrea Pirlo (İtaliya / Yuventus), İker Kasilyas (İspaniya / Real Madrid), Stiven Cerrard (İngiltərə / Liverpul) və David Vilya (İspaniya / Atletiko).
Ümumiyyətlə, 2003-cü ildə təsis edilən "Golden Foot” uğrunda mübarizədə İtaliya və Braziliya təmsilçilərinin üstünlüyü var. İndiyə kimi bu mükafata 3 italiyalı (Roberto Bacco, Alessandro Del Pyero, Françesko Totti) və 3 braziliyalı (Ronaldo, Roberto Karlos, Ronaldinyo), həmçinin hərəyə bir dəfə çexiyalı (Pavel Nedved), ukraynalı (Andrey Şevçenko), uelsli (Rayan Giqqs), isveçli (Zlatan İbrahimoviç) və indi də kot d’ivuarlı (Didye Droqba) sahib çıxıb. Klublara gəlincə, "Golden Foot”u hərəyə 2 dəfə "Yuventus” və "Milan”ın, 1 dəfə isə "Real”, "Breşiya”, "Fənərbağça”, "Roma”, "Mançester Yunayted”, PSJ və indi də "Qalatasaray”ın oyunçuları qazanıblar. Droqbadan əvvəl Roberto Karlos 2008-ci ildə sözügedən mükafata sahib çıxarkən Türkiyə çempionatında çıxış edirdi.