“Xəzər Lənkəran” ilk dəfə ölkə Super-kubokunu qazandı

“Xəzər Lənkəran” ilk dəfə ölkə Super-kubokunu qazandı


"Ağ-qaralar” isə əvvəlki uğurun davamını gətirə bilmədilər

Oktyabrın 23-də futbol üzrə Azərbaycan Superkuboku uğrunda oyun keçirildi. Topaz Premyer Liqası və Azərbaycan kubokunun son qalibi "Neftçi” Naxçıvanda "Xəzər Lənkəran” klubu ilə münasibətlərinə aydınlıq gətirdi. 18 ildən sonra keçirilən Superkubok matçında azarkeşlər 3 qolun şahidi oldular. 2 qol vuran lənkəranlılar kuboku əldə etdilər.

Azərbaycan Superkuboku
"Xəzər Lənkəran” - "Neftçi” - 2:1 (1:0)
Qollar: Etame Mbilla, 28; Rasim Ramaldanov, 90 - Karlos Kardoso, 68.

Xəzər Lənkəran: 33. Duqlas Leite, 3. Vanderson Skarduelli, 4. Alvaro Silva, 6. Rasim Ramaldanov, 7. Sadio Tounkara, 10. Elnur Abdullayev, 11. Zohair Benouahi (8. Edu Oriol, 80), 14. Rahid Əmirquliyev (k), 20. Etame Mbilla (22. Deivid Sakkoni, 90+2), 27. Adrian Skarlatake, 55. Ağabala Ramazanov (42. Kamran Abdullazadə, 71).
Neftçi: 30. Saşa Stamenkoviç, 2. Karlos Kardoso (11. Melvin Platye, 78), 3. Denis Silva, 6. Rəşad Sadiqov (k), 7. Araz Abdullayev, 9. Flavinyo, 14. Bahodir Nasimov (90. Ernest Nfor, 60), 15. Erik Ramos, 16. Bruno Bertuççi, 19. Mirhüseyn Seyidov (10. Cavid İmamverdiyev, 56), 22. Mahir Şükürov.
Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Vaqif Musayev, Rauf Cabbarov.
Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Orxan Məmmədov.
Sarı vərəqələr: Sadio Tounkara, 26; 64, Rasim Ramaldanov, 36, Rahid Əmirquliyev, 51, Duqlas Leite, 86, Zohair Benouahi, 87, Elnur Abdullayev, 90+6 - Flavinyo, 26, Bahodır Nasimov, 51, Saşa Stamenkoviç, 64, Mahir Şükürov, 87, Araz Abdullayev, 87.
Qırmızı vərəqə: Sadio Tounkara, 64.
23 oktyabr. Naxçıvan. İbrahimxəlil Axundlu adına Muxtar Respublika stadionu. 9 800 tamaşaçı.

Azərbaycan futbol tarixində 4-cü Superkubokun qalibini müəyyənləşdirmək üçün 3-cü dəfə eyni komandalar arasında matç keçiriləcəkdi. Əvvəlki 2 qarşılaşma Sumqayıtda təşkil edilmişdi və hər ikisində "Neftçi” qalib gəlmişdi. Daha bir mükafat isə "qızıl dubl” müəllifi olan "Qarabağ”a təqdim edilmişdi. 1993-cü və 1995-ci illərdə Superkuboku başı üzərinə qaldıran "Neftçi”dən fərqli olaraq, lənkəranlılar ilk dəfə bu mükafat uğrunda görüşə çıxacaqdılar. Lakin cənubluların zəngin təcrübəyə malik baş məşqçisi Con Toşak dəfələrlə Superkubok qazanıb. Futbolçu kimi İngiltərə və UEFA, baş məşqçi kimi İspaniyada belə titul əldə edən uelsli kolleksiyasına Azərbaycan Superkubokunu da əlavə etmək niyyətində idi. Bir sözlə, "Neftçi” 3-cü, Toşak 4-cü dəfə bu mükafatı qazanmaq istəyirdi.
"Xəzər Lənkəran” Con Toşakın rəhbərliyi altında "Neftçi” klubu ilə 3-cü dəfə qarşılacaqdı. Əvvəlki 2 görüş qolsuz heç-heçə ilə başa çatmışdı. Ötən mövsüm kubokun finalında qolsuz başa çatan matçın ardından ən güclünü müəyyənləşdirmək üçün penaltilər seriyasına ehtiyac duyulmuşdu. Həmin matçdakı "lotereya”da bakılılar qazanmışdılar. Cari mövsümdə isə Topaz Premyer Liqasının I dövrəsində komandalar bir-birinə qol vura bilməmişdi.
Oyun bu rəqiblərin neytral meydanlarda 3-cü qarşılaşması idi. 2005-ci ildə çempionu müəyyənləşdirən "qızıl oyun” Gəncədə keçirilmişdi. 8 il əvvəlki oyunda "Neftçi” 2:1 hesablı qələbəyə sevinmişdi. Son kubokun final matçı isə Bakıda baş tutmuşdu. Bu dəfə isə "böyük oyun” Naxçıvanda keçirilirdi.
Naxçıvandakı oyun gözlənildiyindən də maraqlı və gərgin atmosferdə keçdi. Qarşılaşmanın "qəhrəmanlarından” biri oyunun hakimi Rəhim Həsənov oldu. "Böyük oyun”u idarə edən ədalət təmsilçisi artıq oyunun 16-cı dəqiqəsində diqqət mərkəzinə düşdü. Ağabala Ramazanovun cərimə meydanında yıxılmasını penalti kimi dəyərləndirən R. Həsənov bir neçə dəqiqə sonra köməkçilərinin məsləhətləri ilə qərarını dəyişdi. Buna etiraz əlaməti olaraq, sonra cənub təmsilçisinin rəhbərliyi VİP lojanı tərk etdi. Bu vəziyyətdən 11 dəqiqə sonra lənkəranlılar istəklərinə çatdılar. Ağabala Ramazanovun ötürdüyü topu Mbilla Etame qapıya vurdu - 1:0. Qoldan sonra hücumlarını davam etdirən lənkəranlılar rəqib qapısı qarşısında daha 2 qol vəziyyəti yaratsa da, son anda zərbələr qeyri-dəqiq alındı. Birinci hissənin sonlarına yaxın "ağ-qaralar” hesabı bərabərləşdirməyə yaxın oldular. Mahir Şükürovun cərimə zərbəsindən vurduğu topu rəqib qapıçı Duqlas Leyte ustalıqla dəf etdi.

Fasiləyə minimum hesablı üstünlüklə yollanan Lənkəran təmsilçiləri ikinci hissənin 64-cü dəqiqəsində azlıqda qaldılar. Yenidən diqqət mərkəzinə düşən baş hakim Sadio Tounkaranı meydandan qovdu. Bundan sonra təxminən yarım saat azlıqda oynamalı olan "Xəzər Lənkəran” üstünlüyü əldən verdi. Oyunun 68-ci dəqiqəsində Araz Abdullayevin cərimə zərbəsindən ötürdüyü topu Karlos Kardoso başla qapıdan keçirdi. Az sonra bərabərlik qolunun müəllifi olan braziliyalı müdafiəçi zədələnərək meydanı tərk etdi. Çoxlarının əlavə vaxta ehtiyac yaranacağını düşündüyü zaman "Xəzər Lənkəran” Superkubokun taleyini həll edən qola imza atdı. Rasim Ramaldanov azlıqda qalan komandasını son dəqiqədə vurduğu qolla irəli çıxartdı. Komanda yoldaşından əla ötürmə alan Rasim Ramaldanov başla qapını dəqiq nişan alaraq meydana toplaşan lənkaranlı azarkeşləri sevincə qərq etdi - 2:1.
Bununla da ölkə kubokunun finalındakı məğlubiyyətin əvəzini çıxan Con Toşakın yetirmələri 4-cü Azərbaycan Superkubokunun sahibi oldular. Cənublular tarixində ilk dəfə bu titula yiyələndilər.

Mükafatlandırma mərasimindən sonra "Xəzər Lənkəran”la "Neftçi” klublarının rəhbərliyi də daxil olmaqla, bütün heyətləri Naxçıvanın "Nəqşi Cahan” istirahət mərkəzində bir araya gəldilər. Klub prezidentləri Mais Mənsimovla Sadıq Sadıqovun mehribancasına görüşündən sonra hər iki kollektivin üzvləri birgə şam yeməyində iştirak etdilər.
Qeyd edək ki, "Xəzər Lənkəran” tarixində 6-cı titulunu qazandı. 2004-cü ildə yaranan komanda 9 il ərzində 6-cı olan mükafatını ilk dəfə qatıldığı Azərbaycan Superkubokunda əldə etdi. Bununla da Con Toşakın yetirmələri 883 günlük titul həsrətinə son qoydular. 2011-ci il mayın 24-də Azərbaycan kubokunun finalında "İnter”i məğlub etməklə mükafatı başı üzərinə qaldıran "Xəzər Lənkəran” həmin vaxtdan bəri qalib gələ bilmirdi.

Oyun başa çatdıqdan sonra klub rəhbərləri, baş məşqçilər və futbolçular "Olimpiya dünyası” qəzetinə fikirlərini bildirdilər. "Neftçi” klubunun prezidenti Sadıq Sadıqov bu oyunda güclü olanın qalib gəldiyini vurğuladı. "Xəzər Lənkəran” klubunun vitse-prezidenti Tuyqun Nadirov sonadək mübarizə aparıb qələbə qazandıqlarını qeyd etdi.


Sadıq Sadıqov: "Super-kubokda güclü olan komanda qalib gəldi”

- Oyunla bağlı nə deyə bilərsiniz?
- Hər şey əla idi. Ölkə başçısına, AFFA rəhbərliyinə, Naxçıvan rəhbərliyinə belə bir oyunu müqəddəs torpağımızda keçirdiklərinə görə təşəkkür edirəm. Mən də bu torpağın bir övladıyam. Burada doğulub, böyümüşəm. Oyun çox gözəl keçdi. İdman ab-havası vardı. Superkubokda güclü olan komanda qalib gəldi. Bugünkü oyunda "Xəzər Lənkəran” güclü idi.
- Qələbə münasibəti ilə rəqibi təbrik etdinizmi?
- Bəli, öz təbriklərimi klub rəhbərliyinə çatdırdım.
- Rəqibin futbolçusu qırmızı vərəqə aldı. Onlar meydanda azlıqda qaldıqdan sonra komandanızın qələbə qazanacağına inanırdınız?
- Bu futboldur. Oyun zamanı hər dəqiqənin öz hökmü var. Hər şey mümkündür. Məğlubiyyəti də gərək kişi kimi qəbul edəsən. Mən bunu qəbul edirəm və "Xəzər Lənkəran”a uğurlar arzulayıram. "Xəzər Lənkəran” da bizim öndə gedən, çempionluğa layiq olan klublarımızdan biridir.
- Üç ardıcıl çempionluq və ölkə kubokunu qazandıqdan sonra məğlubiyyət çətin deyil ki?
- Komanda o qədər kubok, medal qazanıb ki, bir qədər arxayınlaşıb. Futbolçular fikirləşdilər ki, yenə kuboku qazanacaqlar.
- Deyəsən, məğlubiyyət əhvalınıza təsir etməyib...
- Niyə təsir etmir? Sadəcə, sizinlə gülə-gülə danışıram.

Tuyqun Nadirov ("Xəzər Lənkəran” klubunun vitse-prezidenti):
 "Komandamız özünü Naxçıvanda ev sahibi kimi hiss etdi. Bizə dəstək olan hər kəsə təşəkkür edirəm. 10 nəfərlə qalsaq da, sonadək mübarizə aparıb layiqli qələbə qazandıq. Bu nəticə çempionatdakı oyunlarımıza da təsir edəcək. Penalti epizoduna gəlincə, artıq bu il 2 dəfə oxşar hadisə olub. Hesab edirəm ki, hakimin qərəzli deyildi. "Xəzər Lənkəran” ölkə futbolunun "lokomotividir””.

Tərlan Əhmədov ("Neftçi” klubunun məşqçisi):
 "Azərbaycan çempionatı və kubokun ardından Superkuboku da qazanmaq istəyirdik. Naxçıvandakı görüşdə 2 fərqli hissə izlədik. İlk hissədə oyunumuz alınmadı, məğlub duruma düşdük. Fasilədən sonra yetirmələrim yaxşı oynadı, hətta hesabı da bərabərləşdirdik. Lakin sonda məğlub olduq. Əlimizdən gələni etsək də, "Xəzər Lənkəran” layiqli qələbə qazandı. Mən istefaya göndəriləcəyim haqda xəbərləri mətbuatdan eşitmişəm. Hələ mənə heç nə deyilməyib. Lakin rəhbərliyin istənilən qərarına hörmətlə yanaşmalıyıq. Onlar necə məsləhət bilsə, elə də qərar verəcəklər. Bundan sonra necə olacağını biləcəyəm”.

Con Toşak ("Xəzər Lənkəran” klubunun baş məşqçisi):
 "İlk hissədən sonra qeydə alınan 1:0 oyunun göstəricisi deyildi. Ancaq, ən azı, 2 top fərqi ilə irəlidə olmalı idik. Bununla belə, Super-kubokda güclü olan komanda qalib gəldi. Layiqli qələbə qazandığımızı düşünürəm. Saudi Tounkara qırmızı vərəqə aldıqdan sonra vəziyyətin çətin olduğunu bilirdik. 10 nəfərlə mübarizə aparmaq çətin idi. Sonra bəzi dəyişiklər etdik, müdafiədə etibarlı oynadıq. Cərimə zərbəsindən sonra qol vurduq. Tounkaranın qırmızı vərəqə aldığı vəziyyəti görmədim, o da mənim üçün anlaşılmaz qaldı. Penalti verilirsə və sonra dəyişdirilirsə, bu, "Xəzər Lənkəran”ı yox, "Neftçi”ni motivasiya etməli idi. Komandamızın göstərdiyi xarakter nəticəsində qələbə qazandıq. Lənkəranda da "Neftçi”dən üstün oynamışdıq”.

Rasim Ramaldanov ("Xəzər Lənkəran” klubunun müdafiəçisi):
 "Çətin oyun olacağını bilirdik. "Xəzər Lənkəran”ın azarkeşlərini qələbə münasibəti ilə təbrik edirəm. Qələbə qolunu vurduğum üçün çox sevinirəm. Ancaq kimin fərqlənməsinin fərqi yoxdur. Hakimlik və ilk hissədə vurmalı olduğumuz penalti qərarına dair nəsə deyə bilmərəm”.

Zohair Benouahi ("Xəzər Lənkəran” klubunun hücumçusu):
 "İkinci hissədə azlıqda qaldıq. Amma 10 futbolçu ilə də "Neftçi”dən yaxşı oynadıq. Bu, "Xəzər Lənkəran”da ilk titulumdur. Ona görə də sevinirəm. Əlbəttə ki, 1-ci hissədəki həmin vəziyyətdə penalti var idi. Hələ indiyədək 11 metrlik cərimə zərbəsinin təyin edilib, sonradan qərarın dəyişdirilməsini görməmişdim”.

Mahir Şükürov ("Neftçi” klubunun müdafiəçisi):
 "Naxçıvanda çox gözəl futbol ab-havası yaratmışdılar. Biz son mövsümdə həm çempion olmuşuq, həm də ölkə kubokunu qazanmışıq. Superkubok isə çempionla kubokun qalibi arasında keçirilir. Belə çıxır ki, özümüz özümüzlə oynamışıq. Həm çempion olan, həm də kuboku qazanan komanda bu cür oyun keçirməli deyildi”.

Rahid Əmirquliyev ("Xəzər Lənkəran” klubunun kapitanı): 
"Hələ oyuna qədər "Xəzər Lənkəran”ın qələbəsinə inanırdım. Oyun maraqlı mübarizə şəraitində keçdi. Amma meydan ideal vəziyyətdə deyildi. Yenə də "Xəzər Lənkəran” - "Neftçi” oyununda gərginlik gördük. Buna səbəb baş hakimin davranışı idi. Əvvəlcə penalti təyin edir, sonra qərarını dəyişir. Belə olmaz. Düzünü desəm, Sadio Tounkaranın qırmızı vərəqə aldığı vəziyyəti görmədim. Buna görə də heç nə deyə bilmərəm”.

Duqlas Leyta ("Xəzər Lənkəran” klubunun qapıçısı):
 "Oyunda 3 qol vuruldu. Birinci hissədə rəqibi bütün göstəricilərdə üstələdik. İkinci hissə bərabər mübarizə şəraitində keçdi. Tounkaranın meydandan qovulmasından sonra qüvvələr nisbəti dəyişdi. "Neftçi” hesabda geri olduğundan hücum etməli idi. İstəməsək də, geri çəkilməli olduq. Biz müdafiədə yaxşı oyun göstərdik. Rasim Ramaldanovun son dəqiqələrdə vurduğu qol komandaya gözəl hədiyyə idi. Qələbə qazandığımız üçün şadam. Bunu komanda ilə ən yüksək səviyyədə qeyd etmək istəyirəm. Mümkün məğlubiyyət komandaya pis təsir edə bilərdi. İndi mövsümün sonunda növbəti titulu gözləyəcəyəm. Artıq böyük qələbələrə alışmaq lazımdır. Futbol karyeramda qazandığım Superkubok ilk və xüsusidir”.


Elnur Abdullayev: "Sona qədər mübarizə apardıq”

- Sizi qələbə münasibəti ilə təbrik edirik. Oyun gözlədiyiniz kimi keçdi?

- Bu qələbə bizə çox lazım idi. "Neftçi” əzəli rəqibimizdir. Onları məğlub etmək istəyirdik. Sonda buna nail olduq. Qarşıda çətin oyunlarımız var: çempionluq, ölkə kuboku yarışları. Bu titulları da qazanıb, 10 illik yubileyimizdə azarkeşlərə hədiyyə etmək istəyirik.

- Oyundan əvvəl nə danışırdınız?
- Biz rəqibdən daha istəkli idik. Həmin istək də kuboku Lənkərana aparmağımıza kömək etməli idi. Oyundan əvvəl bunu danışırdıq. Sonda məqsədimizə çatdıq.

- Hakimin əvvəl penalti təyin edib, sonra qərarını dəyişməsi sizə necə təsir etdi?

- Çox kobud səhv idi. Hakimin qərarını dəyişməsi bizi "sındıra” bilərdi. Ancaq yaxşı ki, həmin qərardan sonra komanda özünü itirmədi. Sona qədər mübarizə apardıq və qələbə qazandıq.

- Meydanda baş verənlər sanki komandanızın əleyhinə idi. Tounkara qırmızı vərəqə alaraq komandanızı azlıqda qoydu...

- Nə deyim, futbolda belə şeylər də olur.

- Həmin vaxt məyus oldunuz?

- Əlbəttə, məyus olduq. Çox hirsləndik. Amma qədər mübarizə apardıq, xarakter göstərdik və qələbə qazandıq.

- Oyunun Naxçıvanda keçirilməsi haqda nə düşünürsünüz?

- Bizim üçün heç bir fərqi yoxdur - Naxçıvan və ya Bakı. Peşəkar futbolçularıq, harada desələr, orada da oynayacağıq.

Rahib Səmədov,
Bakı-Naxçıvan-Bakı