Sürətin zərif və iddialı nümayəndələri - Lella Lombardi

Sürətin zərif və iddialı nümayəndələri - Lella Lombardi

(Əvvəli)
 
Qəzetimizin ötən sayında Formula 1 tarixində yarışlarda iştirak edən qadın pilotlar barəsində dərc olunan yazını çoxsaylı oxucularımıza təqdim etmişdik. Həmin yazıda Formula 1 dünyasında özünməxsus yeri olan Mariya Tereza Filippisin keçdiyi yoldan və həyatında baş verən hadisələrdən bəhs etmişdik. Budəfəki sayımızda isə sürətin daha bir nümyəndəsi Lella Lombardi haqqında yazını təqdim edirik.              
 
 
Göy rəngli FİAT
“dişi pələng”in 
həyatını dəyişmişdi

 
Lella Lombardi (Əsl adı Mariya Qrasiya) - xaraktercə çox ciddi və döyüşkən bir xanım idi. O, 1941-ci ildə İtaliyanın Turin şəhərində anadan olub. Atası qəssab dükanında işlədiyindən, qızı da sərt xarakterdə böyümüşdü. Ticarət onun zərifliyini “əlindən almışdı” desək, yanılmarıq. Uzun müddət atası ilə birlikdə dükana ət daşımaqda fəal iştirak edən balaca bir qızın avtomobilə böyük bir marağı formalaşmışdı.
Məktəbdə oxuduğu vaxtlarda o həndbolu daha çox sevirdi. Bir gün məktəb yarışlarında iştirak edərkən, o yıxılır. Məktəbli həndbolçunun dərhal xəstəxanaya çatdırılması üçün avtomobil axtarışı başlanır. Haradansa bir göy rəngli FİAT balaca qızı yüksək sürətlə xəstəxanaya çatdırır. Gələcək pilot yaralı olmasına baxmayaraq, FİAT-ın yol boyu necə hərəkətini görür və ağrını unudub, sürətdən zövq alırdı. Lella deyəsən öz gələcəyini həmin an fikirləşmişdi. Onun zədəsi xoşbəxtlikdən qorxulu deyildi. Sonradan atasının razılığı ilə sürücülük kursunu uğurla başa vuran bu qız tezliklə yürüşə qədəm qoyur. 

Şturmanın 
sevgilisi

 
Gənc yaşlarında o, ralli yarışlarında iştirak edən bir oğlanla tanış olur. Bir müddətdən sonra ralli yarışlarında həmin oğlanın şturmanı kimi iştirak etməyə başlayır. Əsl maraqlı hadisə onda baş verir ki, oğlan ona yarışların birində yerlərini dəyişmək imkanı yaradır. O, bu xoşbəxtliyi zamanında dəyərləndirir, həmin yarışda cütlük qalib adını qazanır. Tezliklə özü “Formula-Ford”un sükanı arxasına oturub, Meksikada yeni bir uğura yiyələnir. Qadın pilotun yolu “Formula-5000” yarışları ilə də kəsişir. O, özünü kişilərə xas xüsusiyyətləri ilə tanıtmağa başlayır. Belə ki, avtomobilinin təmirini özü aparır, hətta incə əlləri ilə mühərrikin yağını dəyişirdi. Yarışlardan birində jurnalistlər ondan müsahibə götürərkən, özünü “Lella” kimi kimi təqdim edir. Uşaqlıqda onu oğlan xarakterinə görə hamı “Lella”, italiyan dilində “yırtıcı” kimi çağırırdılar. Bundan sonra mətbuatda o, “dişi pələng” Lella Lombardi kimi tanınmağa başlandı.        

 

 

          
 Təhlükəli yürüş, 
qazanılan əbədi 
yarım xal

 
1974-ci ildə Lella Böyük Britaniyada keçirilən Qran-pridə o, təsnifat mərhələsində uğur qazana bilmədi. Lakin həmin ilin payızında italiyalı iş adamı Vitorio Zanona bu istedadı dəyərləndirərək, ona sponsorluq təklifi göndərir. Lombardi bu təklifi qəbul edir və karyerasını “March” komandasında davam etdirir. Bu qayğının nəticəsi tezliklə öz bəhrəsini verir. 1975-ci ildə qadın pilot tarixdə ilk dəfə böyük uğura yiyələnir. “Moncuik” trasında keçirilən İspaniya qran-prisində iştirak etmək imkanı qazanır. Yarışa bir neçə gün qalmış pilotlar yürüşə qoşulmaqdan imtina edirlər. Səbəb kimi trasın qoruyucu relslərinin etibarlı olmadığı göstərilir. Təşkilatçılar isə israrla bildirirlər ki, bu pilotların fantaziyasıdır, hər şey yüksək səviyyədə təşkil olunub. Bununla razılaşmayan  aparıcı pilot Emerson Fitipaldi qran-prini boykot edib, evinə qayıdır. Görünür, Fitipaldinin bəxti gətirir. Yazının qəhrəmanı isə təsnifatı keçməyə müvvəfəq olur. Əsas yarışa vəsiqəni təmin edir. Yarış başlayanda artıq xaos öz sözünü deməyə başlayır. Niki Lauda, Mario Andretti, Karlos Pas, Alan Cons, Ceyms Hant, Ronni Peterson, Rolf Ştommelen, Codi Şekteranın da iştirak etdiyi yarışda qarışıqlıq yaranır. Bu fürsətdən Lella Lombardi lazımi səviyyədə yararlana bilir. Cədvəldə o, yüksək pillələrdə qərarlaşır. İspaniyadakı yarışda tezliklə böyük qəzalar baş verdi. Doğrudan da qran-pridə təhlükəsizlik təmin olunmamışdı. 26-cı dövrədə Rolfun avtomobilinin qanadları qırılır, Karlos Pasyenin avtomobilinə dəyir, təhlükəsizilik səddini keçib tamaşaçılar tərəfə  düşür. Hadisə nəticəsində xeyli tamaşaçı yaralanır. Onlardan beş nəfəri isə bu qəzanın qurbanına çevrilir. Rolfun özü də ağır vəziyyətə hospitala çatdırılır. Həmin vaxt o ciddi sınıqlara baxmayaraq, sağ qala bilir (Ştommelen 1983-cü ildə Rivversayd yürüşündə həlak olmuşdu. Həmin vaxt da eyni hal baş vermişdi - red).                       
İspaniya qran-prisi bu səbəbdən vaxtından əvvəl dayandırılır. Yekun nəticələr əsasən qəzalardan yararlanan Lella Lombardinin adı 6-cı pillədə qeyd olunur. Onun aktivinə 0,5 xal yazılır. Beləliklə 48 ildir ki, o Formula 1 qran-prisində xal qazanmış ilk və hələ ki, sonuncu qadın pilot kimi tarixdə rekorda yiyələnib.          
1976-ci ildə o, avtomobil yarışları ilə uğursuzluqlar səbəbindən birdəfəlik vidalaşır. Şəxsi həyatına nəzər salarkən görürük ki, ömrünün sonunda ağrı xəstəlikdən əziyyət çəkib. 1992-ci ildə isə o, 50 yaşında gözünü əbədi olaraq yumub. Bir daha qeyd edək ki, o avtomobil idmanı tarixində silinməz bir yürüşçü hesab olunur.
 

Ardı var
 
 
Anar Əhmədov

 

 

 

 

Sürətin zərif və iddialı nümayəndələri - Lella Lombardi