Türkiyə çempionatının I liqasında X turun oyunları təşkil olunub. Yarışda çıxış edən Azərbaycan təmsilçilərinin klubları da növbəti matçlarını keçiriblər. Futbolçularımızdan yalnız 3-ü meydana çıxıb ki, onlardan da biri sarı vərəqə ilə cəzalanıb.
2 oyunçumuzun şərəfini qoruduğu "Tavşanlı Linyitspor” öz meydanında "Manisaspor”u məğlub edə bilməyib - 3:3. Andrey Popoviçin "18-liy”ə düşmədiyi matçda Usim Nduka 90 dəqiqə meydanda olub. Milliləşən nigeriyalı futbolçu oyunun 35-ci dəqiqəsində sarı vərəqə ilə cəzalanıb.
"Kahramanmaraşspor” səfərdə "İstanbul BB” ilə qarşılaşmada 0:3 hesabı ilə uduzub. Artıq neçə vaxtdır komandasının heyətinə düşməyən Fərid Quliyev bu dəfə də "18-lik”dən kənarda qalıb.
Çempionatın lideri "Orduspor” səfərdə "Dənizlispor”u məğlub edib - 1:0. Branimir Subaşiç qonaqların, Saşa Yunisoğlu isə meydan sahiblərinin heyətində qarşılaşmada əvəzolunmadan çıxış edib. Dənizli təmsilçisindəki daha bir futbolçumuz - Arif İsayev isə "18-liy”ə düşməyib. 9 matçda 22 xal toplayan Ordu təmsilçisi isə zirvədəki mövqeyini qoruyub.
"Karşıyaka”nı qəbul edən "Fəthiyəspor” isə 0:3 hesabı ilə uduzub. Meydan sahibləri Davud Kərimiyə "18-lik”də də yer verməyiblər.