Ötən həftə Topaz Premyer Liqasında XI tura yekun vurulub. 3 gün ərzində davam edən qarşılaşmalardan 3-ü Bakıda, 2-si əyalətdə keçirilib. Hesabat turu çempionatın vahid liderinin müəyyənləşməsi ilə yadda qalıb. Tur ərəfəsində turnir cədvəlinə şərikli liderlik edən "Neftçi” ilə "Qarabağ” klubları səfər oyunlarında qələbə qazanmaqla ilk pilləni ələ keçirməyə çalışıblar. Yalnız top fərqinə görə 1-ci olmayan bakılılar Tərlan Əhmədovu istefaya göndərdikdən sonra yeni baş məşqçisi Nazim Süleymanovun rəhbərliyi altında ilk oyuna çıxıblar. Liderləri izləyən "Qəbələ” isə asanlıqla qələbə qazanıb.
Topaz Premyer Liqası
XI tur
25 oktyabr (cümə)
"Qəbələ” - "Sumqayıt” - 2:0
Qollar: Daniel Subotiç, 23; Luis Paulo Hillario, 63.
Hakimlər: Rəhim Həsənov, İsgəndər Əliyev, Nahid Əliyev, Namiq Bəkirov.
Qəbələ. Şəhər stadionu.
İlk oyun günü 2 matç olub. Turun açılış oyunu paytaxtdan kənarda keçirilib. Zirvəyə doğru irəliləmək istəyən "Qəbələ” doğma azarkeşlər önündə "Sumqayıt” klubunu sınağa çəkib. I dövrədə gözlənilmədən autsayderə uduzan Yuri Syominin yetirmələri məğlubiyyətin qisasını almaqla, ən azı, 2 günlük zirvəyə yüksələ bilərdi. "Sumqayıt” isə yeganə qələbəsini qazandığı bu rəqibi yenə büdrətməyə və son pilləni tərk etməyə çalışırdı. Gözlənildiyi kimi, Yuri Syominin yetirmələri həmin məğlubiyyətin qisasını almağı bacarıblar. Qəbələlilər rəqib qapısından 2 cavabsız top keçiriblər. Daniyel Subotiç çempionatda 4-cü, Dodo isə cari mövsümdə ilk qolunu vurub. Bununla da, "Qəbələ”, ən azı, 2 günlük turnir cədvəlində lider mövqeyində qərarlaşıb.
"Rəvan” - "Bakı” - 0:0
Hakimlər: Fariz Yusifov, Mübariz Haşımov,Azər Əsgərov, Sərxan İsmayılov.
Bakı. "Bayıl Arena” stadionu.
"Bayıl Arena”da keçirilən paytaxt derbisində "Rəvan” "Bakı” klubu ilə qarşılaşıb. "Zolaqlılar” I dövrədə qapısından 5 cavabsız qol vurduğu rəqibi yenə asanlıqla keçmək arzusunda idi. Milinko Pantiçin yetirmələri turu itkisiz keçməyə, Şahin Diniyevin komandası isə yeni baş məşqçisi ilə ilk xalını qazanmağa çalışacaqdı. Bu görüşdə "zolaqlılar”ın qələbə qazanmaq şansları yüksək qiymətləndirilsə də, Milinko Pantiçin komandası bu istəyinə çatmayıb. "Neftçi” ilə oyundakı debütündə xalsız qalan Şahin Diniyev, nəhayət, digər paytaxt təmsilçisi ilə görüşdə ilk xalını qazanaraq "siftə” edib. Bakı derbisində tərəflər nə qədər səy göstərsə də, hesabı açmaq mümkün olmayıb - 0:0.
26 oktyabr (şənbə)
AZAL - "İnter” - 0:2
Qollar: Baçana Sxadadze, 68; Asif Məmmədov, 82.
Hakimlər: Orxan Məmmədov, Elman Musayev, Mehman Mahmudov, Ramiz Məhərrəmov.
Əlavə köməkçi hakimlər: Rəhim Həsənov, Əliyar Ağayev.
Bakı. AZAL Arena stadionu.
İkinci oyun günündə bir görüş olub. AZAL evdə "İnter” klubunu qəbul edib. Cari mövsümü pis keçirən "bankçılar”ın bu oyunda şansları yüksək qiymətləndirilmirdi. Amma Vaqif Sadıqovun komandası bu görüşdə daha pis təsir bağışlayaraq, "İnter”in iki cavabsız qolla qələbə qazanmasına "yardımçı” olub. Lakin bu qələbənin "İnter”in köməkliyinə nə dərəcədə çatacağı hələlik sual altındadır. Çünki bu komanda əvvəlki qələbələrinin də davamını gətirə bilməmişdi. "Təyyarəçilər” isə hələ də qeyri-sabit qrafik cızmaqda davam edirlər.
27 oktyabr (bazar)
"Simurq” - "Neftçi” - 0:0
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Vaqif Musayev, İnqilab Məmmədov.
Əlavə köməkçi hakimlər: Ramil Əhmədov, Elvin Əsgərov.
Bakı. "Şəfa” stadionu.
Son oyun günündə azarkeşlərin həsrətlə gözlədiyi daha iki mühüm qarşılaşma keçirilib. Bunlardan biri "Şəfa” stadionunda "Simurq”la "Neftçi” klubları arasında təşkil olunub. Paytaxt klubu yeni baş məşqçisi Nazim Süleymanovun rəhbərliyi altında matça çıxmışdı. Zaqatala şəhər stadionunda aparılan təmir işləri səbəbindən uzun müddətdir rəqiblərini Bakıda qəbul edən "Simurq” isə rəqibin yeni baş məşqçisi ilə debütünü korlamağı hədəfləmişdi. Georgi Çixradzenin yetirmələri bu istəyinə, qismən də olsa, çatıblar. Tərəflər 90 dəqiqə ərzində qapılara yol tapa bilməyiblər. Nəticədə, Nazim Süleymanov ilk oyununda 1 xalla kifayətlənməli olub. Amma bu, "Neftçi”nin liderliyi əldən verməsi ilə nəticələnib.
"Xəzər Lənkəran” - "Qarabağ” - 0:3
Qollar: Reynaldo Silva, 22; 65, Nikolas Gelaşvili, 73.
Hakimlər: Vüsal Əliyev, Rza Məmmədov, Knyaz Əmiraslanov, Ömər Paşayev.
Əlavə köməkçi hakimlər: Orxan Məmmədov, Ramil Diniyev.
Lənkəran. Şəhər stadionu.
Turun mərkəzi oyununda isə "Qarabağ” səfərdə "Xəzər Lənkəran” klubunun qonağı olub. Cənub klubu bir neçə gün əvvəl Super-kubokda əzəli rəqibi "Neftçi”yə qalib gəldiyindən çoxları bu komandanın Ağdam təmsilçisi ilə görüşdə də uğur qazanacağına ümidli idi. Amma Qurban Qurbanovun komandası Lənkərandakı görüşdə rəqibini 3 cavabsız qolla məğlub edərək çempionluğa iddialı olduğunu göstərib. Bu qələbə ağdamlıları çempionatın vahid liderinə çevirib. Doğma azarkeşlər önündə məğlub olan Con Toşakın komandası isə, deyəsən, bu gedişlə mövsümün sonuna kimi qeyri-sabit çıxışına davam edəcək.
Qeyd edək ki, "Xəzər Lənkəran” tarixində 7-ci dəfə böyük hesabla uduzub. Cənublular 2004-cü ildən bu günə qədər 6 dəfə belə məğlub olmuşdular. 3 və ya daha çox top fərqi ilə qeydə alınan 7 məğlubiyyətdən 4-ü çempionat, 2-ci avrokubok, 1-i ölkə kubokuna təsadüf edib. 5 dəfə səfərdə belə acınacaqlı məğlubiyyətə üzülən "Xəzər Lənkəran” artıq 2-ci dəfədir doğma azarkeşləri önündə məyus olur. 94 gün əvvəl İsrail "Makkabi”sinə də Lənkəranda uduzan cənublular bir ildə 2-ci dəfə böyükhesablı məğlubiyyətlə barışıblar.
Məlumat üçün bilirək ki, Topaz Premyer Liqasında liderlər qrupunda qərarlaşan "Qarabağ” və "Neftçi” üçün bu oyun yubileylə əlamətdar olub. Hər iki komanda ölkə çempionatlarında 600-cü matçını keçirib.