Güləşçimiz Avropa çempionatının finalına vəsiqə qazandı

Güləşçimiz Avropa çempionatının finalına vəsiqə qazandı

İspaniyanın Santyaqo de Kompostela şəhərində güləş üzrə U-20 Avropa çempionatı davam edir. Yarışın beşinci günündə - iyunun 30-da 57, 65, 70, 79 və 97 kiloqram çəki dərəcəsində yer alan sərbəst güləşçilər mübarizəyə qoşulublar.

Ruslan Abdullayev (57 kq) bolqarıstanlı Tanyo Tanev (11:0), gürcüstanlı Luka Qvinjiliya (13:2) və türkiyəli Tolqa Özbekə (6:5) qalib gələrək finala yüksəlib. R.Abdullayev həlledici görüşdə moldovalı Anton Vlasla güləşəcək.

Cavidan Əhmədov (70 kq) ermənistanlı Davit Marqaryan (13:7) və polşalı Zəlimxan Mutsuxayevi (10:0) yolundan kənarlaşdırsa da, yarımfinalda türk İbrahim Yaprakla gərgin mübarizə şəraitində keçən görüşdə sonuncu xal prinsipinə əsasən məğlub olub – 8:8. C.Əhmədov bürünc medal uğrunda İvan Stoyanov (Bolqarıstan) - Muhamed Bektemirov (Avstriya) görüşünün qalibini sınağa çəkəcək.

Sadiq Mustafazadə (79 kq) yunanıstanlı Georgios Terzidis (9:1) və polşalı Mateuş Pedziçkini (8:5) məyus edə bilib. Ancaq dörddəbir finalda gürcüstanlı Otari Adeişvili keçilməz olub - 2:6. S.Mustafazadə təsəlliverici görüşdə litvalı Paulius Leskauskasla qarşılaşacaq.

Zəfər Əliyev (97 kq) ispaniyalı Enrike Ximenesə tam üstünlüklə (13:0) qalib gəlsə də, dörddəbir finalda ukraynalı İvan Primaçenkoya 0:2 hesabı ilə məğlub olub. Z.Əliyev təsəlliverici görüşdə fransalı Əsgərxan Xunkayevlə üz-üzə gələcək.