Noyabrın 4-də Təhsil Nazirliyinin nəzdində fəaliyyət göstərən "Vətən” Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Futbol Məktəbinin (RİOEUGFM) bazasında yaradılmış "Vətən” sosial futbol məktəbinin açılış mərasimi oldu. Tədbirdə gənclər və idman naziri Azad Rəhimov, təhsil nazirinin müşaviri Hüseyn Əliyev, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının baş katibi Elxan Məmmədov, "Real” Madrid Fondunun vitse-prezidenti Enriqe Sançes, "Vətən” Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Futbol Məktəbinin direktoru Vasif Məmmədov və digər şəxslər iştirak etdilər. Açılış mərasimində iştirak edən nazir Azad Rəhimov bu kimi layihələrin ölkəmizdə futbolun inkişafına təkan verəcəyini bildirdi.

Çıxış edən digər qonaqlar isə Real Madrid Fondunun əməkdaşlığı ilə Müstəqil Dövlətlər Birliyində, həmçinin regionda ilk sosial futbol məktəbinin Bakıda açılmasının əhəmiyyətindən danışdılar. Daha sonra "Vətən” sosial futbol məktəbinin rəmzi açılış lenti kəsildi, uşaqlara və məşqçi-müəllimlərə uğurlar arzulandı
Qeyd edək ki, Təhsil Nazirliyinin dəstəklədiyi bu layihə çərçivəsində məşq edən 8-17 yaşlı uşaq və yeniyetmələrin (50 oğlan, 50 qız) müvafiq tələblər səviyyəsində təmin olunması üçün "Vətən” RİOEUGFM-ində hərtərəfli şərait yaradılıb. Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi və Real Madrid Fondunun birgə layihəsi çərçivəsində fəaliyyət göstərən "Vətən” sosial futbol məktəbinin əsas məqsədi Azərbaycanda futbola daha çox uşaq və gənc cəlb etməkdir.