Maribor-2023: Azərbaycan komandası günü bir gümüş medalla başa vurdu

Maribor-2023: Azərbaycan komandası günü bir gümüş medalla başa vurdu

Mariborda keçirilən XVII Avropa Gənclər Olimpiya Festivalı davam edir. Yarıların beçinci günündə Azərbaycan idmançıları da festival çərçivəsində müxtəlif idman növləri üzrə güclərini sınayıblar. İdmançılarımız festivalın beşinci yarış gününü 1 gümüş medalla başa vurublar. Komandamızın aktivinə medalları cüdoçularımız yazdırıblar. Hazırda Azərbaycan komandasının aktivində 2 qızıl, 1 gümüş və dörd bürünc medal var.

Azərbaycan idmançılarının beşinci yarış günündəki çıxışları barədə nəticələri təqdim edirik.

 

Cüdo

Sloveniyanın Maribor şəhərində XVII Avropa Gənclər Olimpiya Festivalı çərçivəsində keçirilən cüdo yarışlarının üçüncü günündə Azərbaycan komandasının 3 çəki dərəcəsində daha 3 (2 oğlan, 1 qız) cüdoçusu tatami üzərinə çıxıb.

Cüdoçularımızdan yalnız -81 kq çəki dərəcəsində qüvvəsini sınayan Süleyman Şükürov fəxri kürsüdə yer alıb. İlk mərhələdən azad olan təmsilçimiz 1/8 finalda Arel Koçinskini (İsrail), növbəti mərhələdəisə Adrian Durdeviçi (Bosniya və Herseqovina) mübarizədən kənarlaşdırıb. Yarımfinalda almaniyalı Jozef İvtçenkonu da üstələyən yeniyetmə cüdoçumuz adını finala yazdırıb. Həlledici görüşdə rumıniyalı David Qaliqaya uduzan Süleyman Şükürov gümüş medala sahib çıxıb.

Komandamızın digər üzvü Hüseyn Eyvazlı (-73 kq) isə ilk görüşdə məğlubiyyətlə üzləşib. Təmsilçimiz 1/16 finalda polşalı Françizek Levandovskiyə uduzaraq mübarizəni erkən dayandırıb.

Qızlar arasında -63 kq çəki dərəcəsində qüvvəsini sınayan Kamilla Töhöliyeva da mübarizəyə 1/16 finaldan başlayıb. Cüdoçumuz ilk görüşdə ukraynalı Kristina Opanasenkoya məğlub olub. Kamilla üçüncü yer uğrunda təsəlliverici görüşə çıxsa da bu mərhələdə israilli Lihi Boarona uduzaraq yarışla vidalaşıb.

Beləliklə, Azərbaycan komandasının Maribor-2023-də qazandığı medalların sayı 7-yə (2 qızıl, 1 gümüş, 4 bürünc) çatıb.

 

Velosiped (şose)

Sloveniyanın Maribor şəhərində Avropa Gənclər Olimpiya Festivalı çərçivəsində keçirilən şose velosipedi üzrə yarışlara yekun vurulub. Bu gün keçirilən qrup ötüşməsi üzrə yarışlarda Azərbaycan komandasının 5 üzvü mübarizə aparıb. Qızların mübarizəsində Məryəm Əfqanzadə finişi 71-ci (01:28:29), Xədicə Nabatzadə isə 80-ci (01:32:43) keçib. Oğlanların yarışında isə Ravi Rzayev 58-ci (01:36:05), Artyom Proskuryakov 79-cu (01:48:57), Turqut Qurbanlı isə 86-cı (01:53:59) yerlə kifayətlənib.

 

Üzgüçülük

Oğlanların 50 metr məsafəyə sərbəst üsulla üzmə yarışlarında Səid Həmidov iştirak edib. 7 rəqibi ilə mübarizəyə qoşulan təmsilçimiz finişə 4-cü (00:00:25.29) çatıb. Bu idman növü üzrə yarışların qalibi norveçli Gergeli Besenyi (00:00:24.70) olub.

Qızların yarışında bras növündə Anastasiya Baborikina (00:01:19.47) finala vəsiqə əldə edə bilməyib. O, türkiyəli Duru İsçandan geri qalıb - 00:01:17.21.

 

Atletika

Atletika yarışlarında həmin gün cəmi bir idmançımız öz bacarığını nümayiş etdirib. Nüvəitələmə yarışlarında ölkəmizi Səkinə Hacızadə təmsil edib. 8 idmançı arasında yarışlarda sonucu yeri tutan (12,89) atletimiz təsnifat mərhələsindən kənarda qalib.