Təmsilçilərimizdən yalnız 2 futbolçu oynadı

Təmsilçilərimizdən yalnız 2 futbolçu oynadı

Türkiyə çempionatının I liqasında XI turun oyunları keçirilib. Aşağı dəstədə legioner həyatı yaşayan 7 futbolçumuzun çıxış etdiyi klublar da növbəti matçlarına çıxıblar.
Autsayderlər qrupunda qərarlaşan "Kahramanmaraşspor”la "Tavşanlı Linyitspor”un qarşılaşmasında 5 qol vurulub. Birincilər öz meydanında 4:1 hesabı ilə qalib gəlib. Meydan sahiblərinin şərəfini qoruyan Fərid Quliyev, qonaqların 2 üzvü - Andrey Popoviç və Usim Nduka "üçlüy”ündən heç biri "18-liy”ə düşməyib.
Davud Kəriminin heyətinə düşə bilmədiyi "Fəthiyəspor” da səfərdə böyük hesabla məğlub olub. Qapıçımızın oynamadığı görüşdə "Manisaspor” qonaqları 5:1 hesabı ilə məğlub edib. Arif İsayevlə Saşa Yunisoğlunun çıxış etdiyi "Dənizlispor” səfərdə "Karşıyaka”dan üstün olub - 1:0. A. İsayevin "18-liy”ə düşmədiyi qarşılaşmada Saşa 90 dəqiqə meydanda olub. Hətta bəzi mənbələr son dəqiqədə qələbə qolunu da onun vurduğunu iddia edirlər. Lakin əksər türk mənbələri topu Barışın hesabına yazıblar.
Çempionatın lideri "Orduspor” öz meydanında "Adanadəmirspor”u məğlub edib - 3:1. 90 dəqiqə meydanda olan Branimir Subaşiç sarı vərəqə ilə cəzalanıb.
Qeyd edək ki, 10 oyunda 25 xal toplayan Ordu təmsilçisi liderliyini davam etdirir. Təmsilçilərimizin çıxış etdiyi digər 4 komanda isə son pillələrdə qərarlaşıb.