“Bakı” İspaniyaya gedən futbolçuları təqdim etdi

“Bakı” İspaniyaya gedən futbolçuları təqdim etdi


Noyabrın 1-də "Bakı” Madridin "Atletiko” klubunun Futbol Akademiyasına göndərəcəyi 1999-cu il təvəllüdlü futbolçuları ictimaiyyətə təqdim etdi. Tədbirdə gənclər və idman naziri Azad Rəhimov, "Bakı” klubunun prezidenti Hafiz Məmmədov, "Atletiko” komandasının Marketinq və Beynəlxalq Əlaqələr Departamentinin rəhbəri Emilyo Qutyerres, AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlu və KİV nümayəndələri iştirak edirdilər.

Tədbiri klubun icraçı-direktoru Yaşar Seyidov açaraq, qonaqları salamladı. O, tədbir haqqında ətraflı məlumat verdi. Sonra mərasimə dəvət olunan qonaqlar fikirlərini bildirdilər.
Tədbirdə çıxış edən gənclər və idman naziri Azad Rəhimov inkişaf üçün azyaşlı futbolçuların Avropanın aparıcı futbol akademiyalarına göndərilməsinin vacib olduğunu bildirdi. Nazir Madrid "Atletiko”su və "Lans” (Fransa) klublarının futbol köynəklərində 2015-ci ildə ölkəmizdə keçiriləcək birinci Avropa Oyunlarına aid loqonun yerləşdirilməsinin "Bakı” klubunun prezidenti Hafiz Məmmədovun təşəbbüsü olduğunu vurğuladı. "Hafiz Məmmədova və "Bakı” klubuna dəvətə görə təşəkkür edirəm. Bu cənab Prezidentimiz İlham Əliyevin "Azərbaycanda futbolun inkişafına dair 2005-2015-ci illər Dövlət Proqramı”na verilən dəstəkdir. Hər kəs inkişaf üçün azyaşlı futbolçuların Avropanın aparıcı futbol akademiyalarına göndərilməsini vacib sayır. Bu da həmin yöndə atılmış əməli addımdır. Hazırda 14 yaşlı futbolçuların ən yaxşıları İspaniyaya yola düşmək üzrədir. Siz orada futbolçu olmaqdan əlavə, Azərbaycanı təmsil edəcəksiniz. Eyni zamanda, nizam-intizama ciddi riayət etməlisiniz. Bir sözlə, tənbəl olmasanız, çox irəli gedəcəksiniz. Madrid "Atletiko”su və "Lans” klublarının futbol köynəklərində 2015-ci ildə ölkəmizdə keçiriləcək Avropa Olimpiya Oyunlarına aid loqonun yerləşdirilməsinə gəlincə, bu, Hafiz müəllimin təşəbbüsüdür. Hələ ki, möhtəşəm idman tədbirinin loqosu hazırlanır. Noyabrın 23-də təqdim olunacaq loqonu hazırda yerli dizaynerlərdən biri hazırlayır”, - deyə o bildirdi.

Mikayıl Nərimanoğlu çıxışında "Bakı” klubunun futbolunun inkişafı sahəsində maraqlı layihələr gerçəkləşdirdiyini bildirdi. "Artıq cənab nazir hər bir vacib məqamı vurğuladı. Ölkə başçısı cənab İlham Əliyevin futbol siyasətinə dəstək olan "Bakı” klubu da bu yöndə layihə həyata keçirir. Sadəcə, İspaniyaya yollanan uşaqlar bu imkandan səmərəli istifadə etməli və Azərbaycan futboluna fayda verməlidirlər”, - deyə o nəzərə çatdırdı.
Emilyo Qutyerres klublar arasında əməkdaşlığın bundan sonra da davam edəcəyini qeyd etdi. "Bu tədbir əməkdaşlığımızın tərkib hissəsidir. Bu uşaqlar orada nəinki futbolu, onun mədəniyyətini də öyrənəcəklər. Onlar akademiyamızın ən güclü komandaları ilə məşq keçib, yaxşı təcrübə qazanacaq və elit komandanın işi ilə tanış olacaqlar. Akademiyanın hər bir futbolçusu əsas komandaya düşməyi qarşısına məqsəd qoyur. Sizə də bunu arzulayıram. Çünki bu imkan hər kəsə qismət olmur. Hər cür rəqabətə hazır olmalı və əlinizə düşən imkanlardan layiqincə yararlanmalısınız. Orda dil öyrənməklə bərabər, "Atletiko”nun oyunlarına baxmaq imkanı qazanacaqsınız”, - deyə o əlavə etdi.
Sonda "Bakı” klubunun prezidenti Hafiz Məmmədov tədbir haqqında fikirlərini bildirdi. O, "Atletiko” kimi elit klubun təcrübəsindən yararlanmağın qürurverici olduğunu dedi. "Bu işləri cənab Prezident İlham Əliyevin dəstəyi olmadan həyata keçirmək mümkün deyildi. Biz də belə məsələdə azacıq pay sahibi olmağa çalışırıq. Bu layihənin bünövrəsini Azad Rəhimov qoyub. Həmçinin AFFA prezidenti Rövnəq Abdullayevə və "Atletiko” rəhbərliyinə təşəkkürümüzü bildiririk. İnşallah, İspaniyaya gedən futbolçular Azərbaycanın adını yüksəklərə qaldıracaqlar. "Atletiko” kimi elit klubun təcrübəsindən yararlanmaq qürurvericidir. "Lans” da Fransanın 2-ci liqasında oynamasına baxmayaraq, köklü klubdur. Bizim bu yöndə "Lans”la da əməkdaşlığımız nəzərdə tutulub. Mən təkcə "Bakı”nın oyunçularına dəstək vermirəm. Digər komandalarda da istedadlı uşaqlara hər yöndə dəstək olmağa hazırıq. Bu uşaqların minimum 3 il İspaniyada qalması gözlənilir. Amma yenə də bu, onların özünü necə göstərməsindən asılıdır. 3-4 ildən sonra Avropa klublarında azərbaycanlı uşaqları görmək istəyirəm. Mən buna inanıram. Üstəlik, 2016-cı ildə ölkəmizdə 17 yaşınadək futbolçular arasında Avropa çempionatı təşkil olunacaq. Həmin vaxt bu futbolçular yığmanın əsasını təşkil etməlidir”, - deyə Hafiz Məmmədov vurğuladı.
Qeyd edək ki, bir neçə mərhələdən sonra seçilən Ruslan Süleymanov, Adıgözəl Qəlbinur, Rəşid Əliyev, Asim Abdullazadə və Cavid Mikayıllı bu gün İspaniyaya yollanıblar.