Daha bir cüdoçumuz karyerasını başa vurdu 

Daha bir cüdoçumuz karyerasını başa vurdu 

Azərbaycan millisinin daha bir cüdoçusu Məmmədəli Mehdiyev peşəkar karyerasını başa vurub. Çoxsaylı nüfuzlu beynəlxalq turnirlərin qalibi və mükafatçısı olan tatami ustası 30 yaşında cüdo ilə vidalaşıb.

Qurumun rəsmi saytına açıqlama verən M.Mehdiyev idmançılara yaradılan şəraitə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə dərin minnətdarlığını bildirib: “Həmçinin bu yolda məni müşayiət edən məşqçilərimə, mənə dəstək olan Azərbaycan Cüdo Federasiyasına, milli komandanın tibbi və texniki heyətinə təşəkkürümü bildirirəm”.

Onun sözlərinə görə cüdo mükəmməl idman növüdür: “Cüdoda əsl dostluğu, mehribanlığı, səmimiyyəti və düzgünlüyü tapdım. Arzum nümunəvi vətəndaş kimi ölkəmə xidmət etmək və gənc nəsilə dəstək olmaqdır".

Məmmədəli Mehdiyev 2020 və 2022-ci illərdə böyüklər arasında Avropa çempionatında və 2019-cu ildə Avropa Oyunlarında bürünc medal qazanıb. Onun nailiyyətləri arasında “Böyük dəbilqə” və Qran-Pri yarışlarından ümumilikdə 21 medal var.

Qeyd edək ki, daha əvvəl Rüstəm Orucov və Orxan Səfərov da peşəkar karyeralarını başa vurublar.