Serbiyanın paytaxtı Belqradda keçirilən güləş üzrə lisenziya xarakterli dünya çempionatı davam edir. Bu gün Azərbaycanın daha üç qadın güləşçisi mübarizəyə başlayacaq. Təmsilçilərimizdən dördqat Olimpiya mükafatçısı Mariya Stadnik də bu gün xalça üzərinə çıxacaq. 50 kq çəki dərəcəsində çıxış edən titullu idmançımız təsnifat mərhələsində kubalı Yusneylis Quzmanla qarşılaşacaq.
57 kq çəki dərəcəsində yarışacaq Jalə Əliyeva 1/16 finalda kolumbiyalı Andrea Qonzaleslə, 65 kq mübarizə aparacaq Birgül Soltanova isə 1/8 finalda türkiyəli Kadriye Aksoyla üz-üzə gələcək.
57 kq-da Alyona Kolesnik təsəlliverici qarşılamada qüvvəsini sınayacaq. O, Tamara Dollakla güləşəcək.
Bu gün həmçinin 97 kq-da yer alan sərbəst güləşçi Maqomedxan Maqomedov finalda Bəhreyndən olan Axmed Tajudinovla münasibətlərə aydınlıq gətirəcək. Azərbaycan təmsilçisi həlledici görüşə vəsiqə qazanaraq Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya əldə edib.
Qeyd edək ki, daha əvvəl sərbəst güləşçi Osman Nurmaqomedov gümüş medala yiyələnib. Dünya çempionatı sentyabrın 24-də başa çatacaq.