Maks Ferstappen üçüncü çempionluğa çatan 11-ci pilot oldu

Maks Ferstappen üçüncü çempionluğa çatan 11-ci pilot oldu

"Red Bull" komandasının niderlandlı pilotu Maks Ferstappen ardıcıl üçüncü dəfə Formula 1 dünya çempionatının qalibi olub. O, Qətər Qran-prisində sprint yarışında komanda yoldaşı meksikalı Serxio Peres sprinti başa vura bilmədiyi üçün vaxtından əvvəl çempionluq qazanıb. Meksikalı pilot 11-ci dövrədə baş verən qəzaya görə sprinti başa vura bilməyib. Bundan əvvəl 26 yaşlı Ferstappen 2021 və 2022-ci illərdə Formula 1 yarışında qələbə qazanıb.

Qeyd edək ki, “Red Bull” komandasının üzvü Maks Ferstappen Formula 1-də üçüncü dəfə çempion olan 11-ci pilot kimi tarixə düşüb. Daha əvvəl 10 sürücü bu rəqəmə çatmışdı. Bunlar argentinalı Xuan Manuel Fanxio, avstraliyalı Cek Brabham, britaniyalılar Ceki Stüartla Lyuis Hemilton, avstriyalı Niki Lauda, braziliyalılar Nelson Pike, Airton Senna, fransız Alen Prost və almanlar Mixael Şumaxerlə Sebastyan Fetteldir.

Onların bəziləri daha çox titul əldə ediblər.

Bundan əlavə, 26 yaşlı Ferstappen Sebastyan Fetteldən (25 yaş) sonra üç dəfə çempionluq sevinci yaşayan ən gənc ikinci pilotdur.