Paytaxtda qol “şousu”

Paytaxtda qol “şousu”



Mərkəzi matçda 7, "Böyük oyun”da isə 5 qol vurulub

Ötən həftə Topaz Premyer Liqasında XII tura yekun vurulub. 3 gün ərzində təşkil olunan oyunların yalnız 1-i paytaxtdan kənarda keçirilib. Sumqayıtda təşkil edilən həmin oyunda hesab açılmayıb. Amma turun digər oyunları məhsuldarlığı ilə diqqəti çəkib.

Turun açılış oyunu günü cəmi bir matç keçirilib. "Bakı” doğma azarkeşlər önündə "Simurq” klubu ilə qarşılaşıb. Turnir cədvəlində qonşu pillələrdə qərarlaşan komandaların arasında keçirilmiş əvvəlki oyunlarda paytaxt klubu üstünlüyü ilə diqqəti çəkirdi. Bu komandanın 7 qələbəsi vardı. Digər oyunlarda 7 heç-heçə qeydə alındığı halda, "Simurq” bakılılara cəmi 3 dəfə qalib gəlmişdi. Son 3 qarşılaşmada rəqibini xala həsrət qoyan bakılılar 18-ci dəfə görüşəcəyi "Simurq”la oyunlarda üstünlüyünü artırmaq fikrində idi. Milinko Pantiçin yetirmələri bu istəklərinə çətin qələbə sayəsində nail olublar. 5 qolun vurulduğu görüş yenə Zaqatala klubunun məğlubiyyəti ilə başa çatıb. Qollardan ikisi 11 metrlik cərimə zərbələrindən vurulub. "Ağ nöqtə”yə hər 2 halda yaxınlaşan "Bakı”nın yarımmüdafiəçisi Əfran İsmayılov olub. Məhz onun vurduğu qollar komandasının 3:2 hesablı qələbə qazanmasında əhəmiyyətli rol oynayıb. 3 oyunluq qələbə həsrətinə son qoyan Milinko Pantiçin yetirmələri bu qələbə sayəsində, ən azı, bir neçə günlük 4-cü pilləyə yüksəliblər. Əfran isə vurduğu qolların sayını 6-ya çatdırmaqla bombardirlər yarışında zirvəyə yüksəlib.
İkinci oyun günü 2 oyun təşkil olunub. Həmin gün paytaxt komandalarının görüşü ilə əlamətdar olub. Son turlarda inamlı çıxışı ilə irəliləyişə nail olan "İnter” geridə qalan 11 tur ərzində öz qapısından hamıdan çox - 21 top buraxan "Rəvan” klubunu sınağa çəkib. "İnter” oyuna aşkar üstünlüklə çıxmışdı. Kaxaber Sxadadzenin yetirmələri indiyədək 5 dəfə qarşılaşdıqları rəqibi həmişə məğlub etmişdilər. Xala həsrət qalan "Rəvan” səfərdə rəqibinin qapısına yol tapa bilmirdi. Bu dəfə Şahin Diniyevin rəhbərliyi altında rəqib qapısına iki qol vurmaq mümkün olub. Amma"aslanlar” yenə məğlubiyyətə son qoya bilməyiblər. Beləliklə, "bankçılar” cari mövsümdə ilk dəfə ardıcıl iki qələbəyə seviniblər.
Turun ən maraqla gözlənilən qarşılaşması, şübhəsiz ki, "Böyük oyun” idi. Çünki çempionatımızın ən prinsipial qarşılaşmalarından biri olan "Neftçi” - "Xəzər Lənkəran” matçına maraq böyük idi. Buyaxınlarda Azərbaycan Super-kuboku uğrunda oyunda üz-üzə gələn komandalar bu dəfə növbəti "böyük oyun”da qarşılaşıblar. Çempionata təsadüf edən 27-ci "Böyük oyun”a "Neftçi” minimum üstünlüklə çıxmışdı. Bu görüşdə "Neftçi” ilk növbədə Super-kubokdakı məğlubiyyəti unutdurmağa çalışacaqdı. Eyni zamanda, "ağ-qaralar” yeni baş məşqçi Nazim Süleymanovla ilk qələbəni qazanmaq istəyirdilər. N. Süleymanovun vaxtilə cənub klubunda çalışması da oyuna xüsusi maraq qatan amillərdən idi. Con Toşakın komandası ilk növbədə son turdakı ev oyununda "Qarabağ”a böyük - hesablı məğlubiyyəti unutdurmaq və Super-kubokdakı qələbənin təsadüfi olmadığını sübut etmək istəyirdi. Amma "Neftçi” bu oyunda rəqibinə heç bir şans verməyib. 4:1 hesabı ilə qalib gələn "ağ-qaralar” həm Super-kubok uğursuzluğu unutdurub, həm də Nazim Süleymanovla ilk qələbə sevincini yaşayıb. Məlum səbəblərdən cənublu azarkeşlərin bu qarşılaşmada komandalarına dəstək göstərə bilməməsi də "ağ-yaşıllar”ın çıxışına təsirsiz ötüşməyib.
Yeri gəlmişkən, "Neftçi” və "Xəzər Lənkəran” arasında "böyük oyun”larda - 60-cı yubiley qolu vurulub. Komandasının təsəlli qolunu vuran Etame Mbilla prinsipial rəqiblərin matçında yubiley topunun müəllifi olub. Belə ki, bu matçadək komandaların təşkil olunan 30 oyununda 56 qol vurulmuşdu. Hesabı 3:1 edən legioner qarşılaşmada 4-cü, "böyük oyun”larda yubiley qoluna imza atıb. Super-kubok görüşündə də "Neftçi”nin qapısına qol vuran Etame bu matçlarda ardıcıl 2 dəfə qol vuran 7-ci futbolçudur. Bu isə "böyük oyun”ların qol rekordudur. Etameyədək Uinston Parks, Rəşad Abdullayev, Julius Vobay, Svetoslav Stefanov, Flavinyo, Zaur Tağızadə də ardıcıl 2 dəfə bu oyunlarda qol vurmuşdu. Mbilla III dövrədə də qol vursa, mütləq rekordçu olacaq. "Böyük oyun”ların mütləq rekordçusu isə Flavinyodur. Braziliyalı futbolçu bu dəfə matçda son qolu vurmaqla 7-ci dəfə "Xəzər Lənkəran”ı məyus edib. Cənubi amerikalı bu göstəricidə ən yaxın izləyicisi Zaur Tağızadədən 3 qol öndədir. Bahodir Nasimov isə qarşılaşmada hesabı açmaqla "böyük oyun”larda "Neftçi”nin 30-cu qolunu vurub.
Son oyun günü digər 2 oyun keçirilib. XI turda "İnter”ə uduzan AZAL Sumqayıta səfər edib. Yerli "Sumqayıt”la oyun hər iki komanda üçün əhəmiyyətli idi. Belə ki, son turlarda tərəflər uğursuzluqla üzləşmişdilər. Sumqayıtlılar 5 oyun idi ki, rəqib qapısına yol tapa bilmirdi. İlk 5 turda 4 ardıcıl qələbə qazanan AZAL isə 6 oyun idi ki, 3 xal üzünə həsrət qalmışdı. 10-cu - yubiley oyununda üstün çıxan AZAL autsayderlə matçda üstünlüyünü artırmaq istəyirdi. 4 qələbəsi olan "təyyarəçilər”lə müqayisədə "Sumqayıt” 2 dəfə bu rəqibinə qalib gəlmişdi. Daha üç oyunda isə heç-heçə qeydə alınmışdı. Elə bu dəfə də tərəflər meydandan qolsuz heç-heçə ilə ayrılıblar.

Turun mərkəzi oyununda "Qarabağ” doğma azarkeşlər önündə "Qəbələ” klubu ilə münasibətlərinə aydınlıq gətirib. Turnir cədvəlinin ilk "üçlüy”ündə qərarlaşmış komandaların ilk dövrədəki oyunu ağdamlıların minimum hesablı qələbəsi ilə başa çatmışdı. Qeyd edək ki, çempionatlarda 22 dəfə görüşən əyalət təmsilçilərinin matçlarında ağdamlılar üstünlüyə malik idi. Qəbələlilər son 4 matçda qalib gələ bilməmişdi. Ardıcıl 5 matç idi meydanı qolsuz tərk etməyən Ağdam təmsilçisi son 3 görüşdə qapısından qol da buraxmamışdı. "Qarabağ” bu rəqibinə əvvəlki görüşlərdə 9 dəfə qalib gəlmişdisə, "Qəbələ” meydanı 5 dəfə 3 xalla tərk etmişdi. 7 qarşılaşmada isə tərəflər meydanı 1 xalla tərk etmişdilər. Ağdam klubu bu görüşdə də qələbəyə sevinən tərəf olub. Matç məhsuldarlığı ilə seçilib və qarşılaşmada 7 qol vurulub. Düzdür, ağdamlılar 4 cavabsız qol vurduqdan sonra arxayınlaşıblar. Bunun məntiqi nəticəsində, "Qəbələ” buraxılan qollardan üçünün əvəzini çıxa bilib. Amma Yuri Syominin yetirmələrinin gücü bundan artığına çatmayıb və qarşılaşma "Qarabağ”ın 4:3 hesablı qələbəsi ilə başa çatıb. Nəticədə, "Qarabağ” qələbə sayəsində yenidən zirvəyə qayıdıb.
Beləliklə, XII tur yeni rekordla yadda qalıb. Bu tur da cari mövsümün ən yüksək məhsuldarlığı qeydə alınıb. Belə ki, turun 5 oyununda qapılara 22 qol vurulub. Bu da hər oyunda orta hesabla 4,4 qol deməkdir. İndiyədək ən çox VI turda qol vurulmuşdu - 16. Ümumiyyətlə, 12 turun 60 oyununda 146 qol qeydə alınıb. Bu da hər matçda orta hesabla 2,43 top deməkdir.

Topaz Premyer Liqası
XII tur
1 noyabr (cümə)
"Bakı” - "Simurq” - 3:2
Qollar: Əfran İsmayılov, 17 (pen.); 73 (pen.); Rauf Əliyev, 77 - Patrik Osiako, 43; Nicat Qurbanov, 82.
Hakimlər: Ramil Diniyev, Yaşar Abbasov, İsgəndər Əliyev, Ziya Nəsirov.
Əlavə köməkçi hakimlər: Vüsal Əliyev, Orxan Məmmədov.
Bakı. "Bakı” FK-nın təlim-məşq bazasının stadionu.

2 noyabr (şənbə)
"İnter” - "Rəvan” - 3:2
Qollar: Baçana Sxadadze, 5, Vaqif Cavadov, 11, Brüs Abdullaye, 82 - Ramazan Abbasov, 15, Miloş Adamoviç, 90.
Hakimlər: Vüsal Əliyev, Knyaz Əmiraslanov, Cavanşir Yusifov, Tahir Əhmədov.
Bakı. "Şəfa” stadionu.

"Neftçi” - "Xəzər Lənkəran” - 4:1
Qollar: Bahodir Nasimov, 45, Mahir Şükürov, 65 (pen.), Ernest Nfor, 90, Flavinyo, 90+3 - Etame Mbilla, 90+1.
Hakimlər: Orxan Məmmədov, Elman Musayev, Vaqif Musayev, Ömər Paşayev.
Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Ramil Diniyev.
Bakı. "Bakcell Arena” stadionu.

3 noyabr (bazar)
"Sumqayıt” - AZAL - 0:0
Hakimlər: Fariz Yusifov, Mübariz Haşımov, Azər Əsgərov, Fərid Məmmədov.
Sumqayıt. Mehdi Hüseynzadə adına şəhər stadionu, süni meydança.

"Qarabağ” - "Qəbələ” - 4:3
Qollar: Nikolas Gelaşvili, 26, 50, Vüqar Nadirov, 37, Jumbinyo, 65 - Lorenso Ebesilio, 71, Leonardo da Silva, 77, Dodo, 85.
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Mehman Mahmudov, Ramiz Məhərrəmov.
Əlavə köməkçi hakimlər: Elvin Əsgərov, Ramil Əhmədov.
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.

Rahib Səmədov