Dünyanın məşhur futbolçusu Devid Bekhemin böyük oğlu atasının yolunu davam etdirməyə qərar verib. Belə ki, 14 yaşlı Bruklin Bekhem "Mançester Yunayted” futbol komandasının nəzdində fəaliyyət göstərən yeniyetmələr akademiyasına yazılıb.
Qeyd edək ki, Bruklin bu mövsümdə əvvəlcə London komandasında və atasının vaxtilə oynadığı "Los-Anceles Qalaksi”nin uşaq komandasında forma geyinib. Devid Bekhemin digər oğlu - 10 yaşlı Romeo isə azarkeşlik etdiyi "Arsenal” futbol məktəbində məşğul olur.
38 yaşlı Devid Bekhem dünyanın tanınmış futbolçularından biridir. O, bu mövsümdə karyerasını "PSJ” klubunun heyətində Fransa çempionu kimi başa vurub. Bekhem həm də ötən il "Los-Anceles Qalaksi”nin heyətində MLS kubokunun sahibi olub. Futbolçu karyerası ərzində "Mançester Yunayted”in heyətində 6 dəfə çempion tituluna layiq görülən Bekhem "Qırmızı şeytanlar”la Çempionlar Liqasında uğur qazanıb. O, 1 dəfə "Real”la İspaniya birinciliyini qazanıb və ABŞ-da oynayarkən icarə əsasında İtaliyanın "Milan” klubunun formasını geyinib.