Cüdoçularımız Avropa çempionatında iki medal qazandılar

Cüdoçularımız Avropa çempionatında iki medal qazandılar

Fransanın Monpelye şəhərində keçirilən cüdo üzrə böyüklər arasında Avropa çempionatına noyabrın 5-də yekun vurulub. Üç gün davam yarış komandamız üçün iki qızıl medalla yadda qalıb.

Yarışların ikinci günündə komandamızın üzvü Hidayət Heydərov (-73 kq) bütün rəqiblərinə qalib gələrək Avropa çempionu tituluna sahib çıxıb. Ardıcıl olaraq Belçika, Polşa, Macarıstan və Moldova təmsilçilərinə qalib gələn Hidayət finalda ispaniyalı idmançı Salvador Kases Roka ilə qarşılaşıb. Həlledici görüşdə də rəqibini üstələyən idmançımız böyüklər arasında üçüncü dəfə Avropa çempionu adını qazanıb.

Yarışların sonuncu günündə isə Zelim Kotsoyev fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. -100 kq çəki dərəcəsində qüvvəsini sınayan idmançımız mübarizəyə 1/16 finaldan başlayıb. Ardıcıl olaraq Böyük Britaniya, Xorvatiya və İspaniya idmançılarına qalib gələn cüdoçumuz yarımfinalda Matvey Kanikovskini (Fərdi Neytral İdmançılar) üstələyib. Finalda gürcüstanlı İlia Sulamanidzeni də məğlub edən Zelim Kotsoyev Avropa çempionu tituluna sahib çıxıb.

Beləliklə, Avropa çempionatını 2 qızıl medalla başa vuran yığmamız kişilər arasında birinci, ümumi komanda hesabında isə ikinci yeri tutub.

Qeyd edək ki, 46 ölkədən 386 (217 kişi, 169 qadın) idmançının mübarizə apardığı yarışda Azərbaycan komandası 11 (9 kişi, 2 qadın) idmançı ilə təmsil olunub.