Bu gün Topaz Premyer Liqasının növbəti turunun oyunları keçiriləcək. Turun maraqlı qarşılaşması isə fevralın 23-də "Bakcell Arena” stadionunda təşkil olunacaq. Turnir cədvəlinin liderləri "İnter” və "Neftçi” münasibətlərinə aydınlıq gətirəcək. Oyundan əvvəl "İnter” klubunun futbolçusu Slavço Georgiyevski "Olimpiya dünyası” qəzetinə müsahibə verdi. Makedoniyalı yarımmüdafiəçisi "İnter”in son oyundakı çıxışları barəsində sualları cavablandırdı.
- "İnter” və "Qəbələ” komandaları arasında matç maraqlı mübarizə şəraitində keçdi. Sonda "bankçılar” qələbə qazanmağı bacardılar. Bu qarşılaşma barədə fikirlərinizi bilmək maraqlı olardı...- "Qəbələ” çox yaxşı komandadır və bizimlə oyunda gücünü göstərdi. Lakin düşündüyümüzü həyata keçirə bildik. "İnter” qol vəziyyətlərindən istifadə etdi və layiqli qələbə qazandı. İkinci hissədə biz yaxşı oynadıq. Fasilədən sonra qonaqlara hər hansı bir şans vermədik.
- Birinci hissənin gedişində "İnter”in baş məşqçisi Kaxaber Sxadadze oyunun sxemini dəyişdi. Belə ki, 5 müdafiəçi ilə oyuna başlayan komanda artıq birinci hissənin gedişində 4 futbolçu ilə ənənəvi müdafiə xətt oyununa keçdi. Bilmək istərdik, bu dəyişiklik komandanın oyununa necə təsir göstərdi?
- Hər şey çox sadədir. Bizim baş məşqçimiz var. Necə oynamağımıza o qərar verir. Baş məşqçi matçın gedişində oyunun sxemini dəyişdirir, futbolçular da onun düşündüklərini reallığa çevirməlidirlər. "İnter”in heyətində müxtəlif taktiki sxemlərlə hərəkət etməyi bacaran kifayət qədər məharətli futbolçular var. Hesab edirəm ki, biz rəqibdən daha yaxşı görünürdük və layiqli olaraq növbəti üç xalı qazandıq.
- Hazırda turnir cədvəlinin yuxarı pillələrində sıxlıq nəzərə çarpır. Yəqin ki, belə vəziyyətdə qazanılan hər bir xalın qiyməti böyükdür...
- Turnir cədvəlində lider olmağımız oyuna daha tez uyğunlaşmağımıza təkan verdi. Axı indiki vəziyyətdə bizim üçün hər bir xal vacibdir. Bizə xal toplamaq lazımdır ki, özümüzü daha yaxşı hiss edək. Cari mövsümdə turnir cədvəli çox sıx görünür və belə vəziyyətdə hər qazanılan xalın qiyməti daha böyükdür.
- Növbəti turda "İnter”i "Neftçi” klubu ilə çətin oyun gözləyir. İlk dövrədə keçmiş komandanıza qarşı oynaya bilmədiniz, ancaq bu dəfə meydançaya çıxacaqsınız. Bilmək istərdik, çempionatın liderlərinin qarşıdakı oyunu barədə nə düşünürsünüz?
- İndi bizi kiçik istirahət gözləyir. "Qəbələ” ilə çətin matçdan sonra dincəlməliyik, sonra "Neftçi” ilə oyuna hazırlaşmağa başlayacağıq. "Neftçi” ilə matça maksimum dərəcədə diqqətli olmaq lazımdır. Bu oyun hər iki komanda üçün çox çətin və azarkeşlər üçün çox maraqlı olacaq. "İnter” növbəti 3 xalı qazanmağa çalışacaq.