UEFA 27 may 2011-ci il tarixli məktubuna əsasən Avropa miqyasında üzv assosiasiyalarda danışılmış oyunlara qarşı mübarizə aparmaq üçün nümayəndələrdən ibarət şəbəkə yaradıb. Bu şəbəkənin yaradılmasında əsas məqsədi danışılmış oyunların qarşısını almaqdır. UEFA 2012-ci ildən etibarən danışılmış oyunlarla bağlı mübarizə işinə nəzarəti gücləndirib və üzv olan 53 Assosiasiyada nəticəsi şübhə doğuran oyunların yoxlanılması başlanıb.Bu layihə çərçivəsində AFFA müxtəlif mənbələrdən daxil olan məlumatlara uyğun olaraq şübhəli oyunların araşdırılmasını həyata keçirir və bununla bağlı UEFA ilə məlumat mübadiləsi aparır. Son zamanlar AFFA-ya daxil olmuş məlumatlara əsasən, Topaz Premyer Liqasının növbəti turlarında keçiriləcək bəzi oyunların "danışılmış oyunlar” kateqoriyasına daxil olması, eyni zamanda, oyunların nəticələrinin əvvəlcədən müəyyənləşdirilməsində bəzi futbolçuların iştirakı ehtimal olunur. Bu məlumatı nəzərə alaraq, AFFA həmin oyunları diqqətlə izləmək üçün Apelyasiya və Ekspert Komitəsinin nəzdində futbol mütəxəssislərindən ibarət xüsusi qrup yaradıb. Bu qrup oyunları diqqətlə izləyəcək və AFFA-nın Apellyasiya və Ekspert Komitəsinə hesabat təqdim edəcək. Qrup üzvlərinin hesabatı əsasında oyunların nəticələrinin şübhəli olub-olmaması faktı müəyyənləşdiriləcək. UEFA-nın tələblərinə əsasən qrupun fəaliyyəti konfedensial xarakter daşıyır.