Noyabrın 13-də Milli Olimpiya Komitəsi (MOK) və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun "Azərbaycanda idman və Olimpiya Hərəkatı: inkişaf tarixi, nəticələr və perspektivlər” mövzusunda birgə təşkil etdiyi müsabiqənin nəticələri ilə bağlı tədbir keçirildi.
MOK-un inzibati binasında keçirilən tədbirdə Milli Olimpiya Komitəsinin vitse-prezidentləri Çingiz Hüseynzadə, Xəzər İsayev, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) icraçı direktoru Vüqar Səfərli, Mətbuat Şurasının (MŞ) sədri Əflatun Amaşov, Olimpiya çempionları Rəfiqə Şabanova, Lyudmila Şubina, Zemfira Meftəhətdinova, Nazim Hüseynov, dünya və Avropa çempionları, ölkədə fəaliyyət göstərən aparıcı qəzetlərin baş redaktorları və idman ictimaiyyətinin digər nümayəndələri iştirak etdilər. Tədbirdə ölkədə idman və Olimpiya Hərəkatına göstərilən diqqət və qayğıdan, idman jurnalistikasının bir sahə kimi inkişafından, problemlərindən və perspektivlərindən bəhs edildi. Tədbiri giriş sözü ilə açan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə iştirakçıları salamladı və ölkədə idman və Olimpiya Hərəkatının, idman jurnalistikasının inkişafından söz açdı: "Son illər idman və Olimpiya Hərəkatı ölkəmizdə geniş vüsət alıb. Bu hərəkatın inkişafı ilə bağlı təbliğatın ictimaiyyətə çatdırılmasında kütləvi informasiya vasitələrinin böyük rolu var. Mətbuatla əlaqələrimizi daha da möhkəmləndirmək, birgə fəaliyyət göstərmək üçün belə tədbirlərin keçirilməsinə böyük ehtiyac var. Bildiyiniz kimi, Milli Olimpiya Komitəsi Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu ilə birlikdə "Azərbaycanda idman və Olimpiya Hərəkatı: inkişaf tarixi, nəticələr və perspektivlər” mövzusunda müsabiqə elan etmişdi. Bu gün biz bu müsabiqəyə yekun vuracağıq və qalibləri mükafatlandıracağıq”.

Sonra müsabiqə ilə bağlı məlumat vermək üçün söz Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) icraçı direktoru Vüqar Səfərliyə verildi.
Vüqar Səfərli tədbir iştirakçılarını salamladı və belə bir tədbirin keçirilməsini təqdirəlayiq hal kimi qiymətləndirdi. "Biz çoxdan planlaşdırırdıq ki, Milli Olimpiya Komitəsi, ölkəmizdə fəaliyyət göstərən media qurumlarının rəhbərləri və idman yazarları ilə birlikdə tədbir keçirək. Belə bir görüşün keçirilməsindən qabaq müsabiqə təşkil etmək qərarına gəldik. Beləliklə, may ayının 22-də "Azərbaycanda idman və Olimpiya Hərəkatı: inkişaf tarixi, nəticələr və perspektivlər” mövzusunda müsabiqə elan etdik. Təəssüf ki, elan etdyimiz müddətdə müsabiqəyə çox az yazı təqdim olunmuşdu. Biz məsləhətləşmələr aparandan sonra belə qərara gəldik ki, müsabiqənin vaxtı yenidən artırılsın. Ümumilikdə bu müsabiqəyə 27 yazı təqdim edilmişdi. Həmin yazılar yoxlanılmaq üçün fond tərəfindən kodlaşdırılaraq ekspertlərə təqdim edildi.
Bildiyiniz kimi, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən mütəmadi olaraq müsabiqələr keçirilir. Bu müsabiqələrin qiymətləndirilməsi üçün fondun xüsusi ekspertləri var. Lakin Milli Olimpiya Komitəsi ilə birgə keçirdiyimiz müsabiqənin idmanla bağlı olduğunu nəzərə alaraq, MOK-un rəhbərliyindən xahiş etdik ki, yazıları qiymətləndirəcək ekspertləri onlar təyin etsinlər. Məqsədimiz bu idi ki, bu yazılar idman sahəsində məlumatları olan insanlar tərəfindən qiymətləndirilsin. Beləliklə, 3 nəfər ekspert təyin edildi. Qeyd edim ki, bu ekspertlər idman sahəsində kifayət qədər tanınmış şəxslərdir. Xüsusi vurğulamaq istərdim ki, ekspertlər onlara verilən yazıların müəlliflərinin kim olduğunu bilmirlər. Çünki bu yazılar ekspertlərə kodlaşdırılaraq verilir. Nəzərinizə çatdırmaq istəyirəm ki, bu müsabiqəyə təqdim edilən hər bir yazını 3 ekspert ayrı-ayrılıqda qiymətləndirib və ümümi xal toplanılıb. Yekun xallara əsasən qaliblər müəyyələnləşib”, - deyə o əlavə etdi.
Daha sonra söz müsabiqənin ekspertlərinə verildi. Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov müsabiqəyə təqdim olunan yazılara münasibətini bildirdi: "Ekspert kimi mənə etimad göstərildiyi üçün təşkilatçılara öz təşəkkürümü bildirirəm. Bir neçə məqamı xüsusi vurğulamaq istəyirəm. Yazıları oxuyan zaman Azərbaycan idmanının şanlı tarixinə səyahət etmiş oldum. Ölkə idmanında əldə edilmiş nailiyyətlər, Azərbaycanda Olimpiya Hərəkatının inkişafı bu yazılarda öz əksini tapmışdır. Bununla belə, qeyd etmək istəyirəm ki, müsabiqəyə təqdim olunan yazıları təhlil edən zaman müəlliflərin müxtəlif kitablarda və qəzetlərdə dərc olunan materiallardan istifadə etdiklərinin şahidi oldum. Amma yaxşı olardı ki, hər bir yazıda jurnalistin öz fikirləri yer alsın. Şübhəsiz ki, belə yazılara da rast gəldim. Yazılarda bədii-publisistik üslub, tarixi xronologiyalar qorunmuşdu, lakin perspektivlər və təkliflər bölməsinə dair məlumatlar azlıq təşkil edirdi. Hesab edirəm ki, müsabiqəyə təqdim olunan yazılar tələb edilən şərtlərə uyğun olmalıdır. Sevindirici hal ondan ibarət idi ki, Azərbaycan idmanında əldə olunmuş nailiyyətlər xronoloji ardıcıllıqla həmin yazılarda öz əksini tapmışdı. Hesab edirəm ki, keçirilən bu müsabiqə idman jurnalistikasına böyük töhfələr verəcəkdir. İnanıram ki, bu istiqamətdə görülən işlərin sayı da artacaq. Görülən işlər həm sağlam rəqabətin artmasına, həm də inkişafa səbəb olacaq. Mən bir daha müsabiqənin qaliblərini təbrik edir hər birinə uğurlar arzulayıram”.

Sonra çıxış üçün söz "Təhsil” Respublika İdman Mərkəzinin direktoru Cəfər Hümbətova verildi. Müsabiqəyə təqdim olunan yazılara ekspert kimi münasibət bildirən Cəfər müəllim Milli Olimpiya Komitəsinin və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun rəhbərliyinə bu tədbiri keçirdiklərinə görə minnətdarlığını bildirdi. "Hesab edirəm ki, belə tədbirlərin həyata keçirilməsi idman jurnalistikasının inkişafına fayda verəcək. Qeyd edildiyi kimi, müsabiqəyə 27 yazı təqdim edilmişdi. Həmin yazıların hər birini oxuyaraq öz iradlarımı və qeydlərimi göstərmişəm. İstərdim ki, bu yazılarla bağlı öz fikirlərimi bir daha bildirim. Etiraf edim ki, həmin yazılarda yeniliklər var idi, amma təkrara daha çox yol verilmişdi. Yazıların əksəriyyəti eynilik təşkil edirdi. Hesab edirəm ki, jurnalistlər daha çox araşdırmalara, təhlillərə üstünlük verməli idilər. Buna baxmayaraq, belə bir müsabiqənin keçirilməsini alqışlayır və jurnalistlərimizə uğurlar arzu edirəm”, - deyə o ftkrini tamamladı.
Gənclər və İdman Nazirliyinin Elmi Araşdırmalar Mərkəzinin direktoru Qədəmşah Sadıxov da ekspert kimi yazılarla bağlı öz fikirlərini bildirdi. Qədəmşah müəllim ölkəmizdə digər sahələrdə olduğu kimi, idmanın və Olimpiya Hərəkatının inkişafında da nəzərə çarpacaq dərəcədə irəliləyişlərin olduğunu dedi. "İdmanda əldə olunan nailiyyətlərimizin sayı ilbəil artır. Qazanılan bu nailiyyətlərin ictimaiyyətə çatdırılmasında idman jurnalistikasının böyük rolu vardır. Bu gün keçirilən tədbir, bir növ, idman jurnalistikasının inkişafına yönəlib. Sözsüz ki, hər bir müsabiqənin özünəməxsus xüsusiyyətləri vardır. Hər şeydən əvvəl, belə müsabiqələrin keçirilməsi özlüyündə böyük önəm daşıyır. Hesab edirəm ki, müsabiqədə qalib olmaq əsas deyil. Əsas olan müsabiqədə iştirak etməkdir. Yazıları diqqətlə təhlil etdim. 27 yazının hər birində müxtəlif fikirlər yer almışdı”, - deyə Qədəmşah Sadıxov bildirdi.
Mətbuat Şurasının sədri Əflatun Amaşov müsabiqənin qaliblərini təbrik edərək Azərbaycan idmançılarının beynəlxalq arenalarda əldə etdikləri parlaq qələbələrindən danışdı: "Azərbaycan idmanı böyük inkişaf yolu keçib. Bu gün ölkəmiz dünyanın idman mərkəzi sayılır. Atletlərimizin müxtəlif beynəlxalq yarışlarda qazandıqları nailiyyətlər hər birimizin qəlbini qürur hissi ilə doldurur. Azərbaycan bayrağı beynəlxalq arenalarda ən yüksəkdə dalğalandığı zaman hər birimiz fərəhlənirik. İdmançılarımız ölkəmizin şan-şöhrətini ucaldırlar. Azərbaycanda idmanın inkişafı üçün hər cür şərait mövcuddur. Bu isə idmanın xalqımızın həyat tərzinə çevrilməsinə zəmin yaradır. Yarışlarda qazanılan nailiyyətlərin xalqımıza çatdırılmasında idman jurnalistikası xüsusi rol oynayır. Hesab edirəm ki, ölkəmizin idman mediası tanınmış idmançılarımıza xüsusi diqqət göstərməli, təkcə onların qazandıqları nailiyyətlərdən yazmalı deyil, həm də onların həyat tərzini əhatə edən maraqlı yazılar hazırlamalıdırlar. İdman mediası ölkə idmanının təbliğatına geniş yer verməlidir. İştirak etdiyimiz bu tədbir idman jurnalistikasının inkişafına öz töhfələrini verəcək. Hesab edirəm ki, bu cür müsabiqələr tez-tez keçirilməlidir. Nominasiya qaliblərini təbrik edir, onlara gələcək işlərində uğurlar arzulayıram”.
MOK-un vitse-prezidenti Xəzər İsayev müsabiqədə qalib gələn idman jurnalistlərini təbrik edərək, ölkə idmanının inkişafında və təbliğində idman mediasının xüsusi rolu olduğunu dedi: "Ölkəmizin qazandığı idman uğurlarını məhz idman jurnalistləri qələmə alırlar. Hesab edirəm ki, bu sahədə yaranan problemləri həll etmək üçün idman mediası ilə federasiyaların əlaqələri daha da möhkəmləndirilməlidir. Fedrasiyalarda mətbuat xidmətlərinin fəal işləməsi, onların mətbuat orqanları ilə əməkdaşlıqlarının gücləndirilməsi və bu işlərin mərkəzləşdirilmiş sistemlə həyata keçirilməsi, zənnimcə, daha yaxşı olardı. Məncə, mətbuat orqanlarında idmançıların həyat tərzi, onların nümunəvi yaşayışı barədə ictimaiyyətə məlumat verilməlidir. Hesab edirəm ki, idmançıların əksəriyyəti nümunəvi insanlardır. Onların həyat tərzi barədə məlumatların dərc olunması idmançılarımızın tanınmasına, daha çox sevilməsinə səbəb olar. Onu da deyim ki, Azərbaycan Ədalətli Oyunlar Komissiyası tərəfindən bu sahədə bir sıra təbliğat işləri həyata keçirilir. İstərdim ki, bundan sonra keçirilən idman tədbirlərində mətbuat nümayəndələri daha fəal iştirak etsinlər”.
"Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev çıxış edərək, idmançıların üzərinə böyük məsuliyyət düşdüyünü dedi. O, medianın idmançılar və federasiyalarla əlaqəsinin genişləndirlməsinin zəruri olduğunu bildirdi. Baş redaktor əlavə etdi ki, ölkə idmanının qazandığı uğurları mətbuat geniş şəkildə işıqlandırılmalıdır. Olimpiya cempionu Zemfira Meftəhətdinova idman jurnalıstləri ilə gözəl münasibətinin olduğunu dedi. İdmanın inkişafında xüsusi rolu olan "Olimpiya dünyası” qəzetinin fəaliyyətini yüksək qiymətləndirən Zemfira xanım jurnalistlər tərəfindən ona göstərilən diqqətdən razı olduğunu bildirdi. Olimpiya çempionu mətbuat orqanlarında idmançıların adi həyat tərzinin işiqlandırılmasının zəruri olduğunu vurğuladı. Sonra "Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı çıxış edərək, idman terminləri kitabının nəşr olunmasını təklif etdi. "Olaylar” qəzetinin baş redaktoru Yunus Oğuz, "İdmançı” qəzetinin baş redaktoru Dilqəm Quliyev, "Sportsman” jurnalının əməkdaşı Saleh Salahzadə də fikir və təkliflərini bildirdilər.
"Olimpiya dünyası” qəzetinin baş redaktoru Murad Fərzəliyev gənc idman jurnalistləri ilə bağlı məsələyə öz münasibətini bildirdi: "Bu gün idman jurnalistikası öz inkişaf dövrünün yeni mərhələsindədir. Bununla belə, etiraf etmək lazımdır ki, bu sahədə kadrların hazırlanması ilə bağlı müəyyən problemlər mövcüddur. Bu problemlərin həlli isə kompleks planların tətbiq olunmasını tələb edir. Milli Olimpiya Komitəsinin rəsmi nəşri olan "Olimpiya dünyası” qəzeti olaraq, çalışırıq ki, jurnalistika fakültələrində təhsil alan və idmana marağı olan gəncləri bu işə cəlb edək. Biz Bakı Dövlət Universiteti, Slavyan Universiteti, Təfəkkür Universiteti ilə əlaqə saxlayaraq jurnalistika fakültəsinin tələbələrini qəzetimizlə əməkdaşlığa dəvət etmişik. Hesab edirəm ki, hər hansı bir idman növündən yazan jurnalist həmin idman növü haqqında geniş məlumata malik olmalıdır. Bu işə ciddi yanaşılmalı və hesab edirəm ki, ali təhsil ocaqlarında idman jurnalistlərini hazırlayan yeni bölmənin yaradılması məqsədəuyğun olardı”.
Çıxışlar başa çatdıqdan sonra "Azərbaycanda idman və Olimpiya Hərəkatı: inkişaf tarixi, nəticələr və perspektivlər” mövzusunda keçirilən müsabiqənin qalibləri mükafatlandırıldı.
Birinci yerin qalibi "Mövqe” qəzetinin müxbiri Mübariz Bayramov, 2-ci yerin qalibi "İdmançı” qəzetinin redaktoru Dilqəm Quliyev, 3-cü yerin qalibi isə "Olimpiya dünyası” qəzetinin şöbə müdiri Anar Əhmədov oldu.
Müsabiqədə iştirak edən 7 jurnalist - Anar Miriyev ("Palitra” qəzeti), İlqar Tağıyev ("525-ci qəzet”), Dilşad Xaqaniqızı ("Təhsil Problemləri” qəzeti), Aysel Sultanov ("Olimpiya dünyası” qəzeti), Əziz Mustafayev ("Zaman-Azərbaycan” qəzeti), Səməd İsmayılov ("Xalq sözü” qəzeti, İmişli rayonu) və Fariz Vəliyev ("Futbol+qol” qəzeti) həvəsləndirici mükafata layiq görüldülər.
müsabiqədə iştirak etməyə həvəsləndirdi”
Müsabiqədə mükafata layiq görülən "İdmançı” qəzetinin baş redaktoru Dilqəm Quliyev təəssüratlarını bizimlə bölüşdü:
- Belə bir tədbir təşkil etdiklərinə görə Milli Olimpiya Komitəsinin və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun rəhbərliyinə minnətdarlığımı bildirirəm. Hesab edirəm ki, belə müsabiqələrin keçirilməsi ölkəmizdə idman jurnalistikasının inkişafına öz töhfəsini verəcəkdir.
İdman mövzusu ilə əlaqədar gündəlik mütaliələr edir, idmançılarımızın çıxışlarını izləyirəm. Mən bədən tərbiyəsi və idman sahəsində Mərkəzi Milli Ensiklopediyasının bədən tərbiyəsi və idman sahəsinin tərtibçisiyəm. Bu sahə üzrə neçə illərdir ki, araşdırmalar aparır və təhlili yazılar yazıram. Fikrimcə, müsabiqədə mükafata layiq görülməyim idman sahəsində apardığım elmi araşdırmaların bəhrəsidir. Yazılarımıza layiqli qiymətlər verdikləri üçün ekspertlərə də minnətdarlığımı bildirirəm. Müsabiqədə qalib gələn jurnalistləri təbrik edir və gələcək fəaliyyətlərində uğurlar arzulayıram.

