İyulun 20-dən 26-na kimi Şimali Makedoniyanın Skopye, Kumanov və Xorvatiyanın Osiyek şəhərlərində keçirilən XVIII Avropa Gənclər Olimpiya Festivalı başa çatıb.
Olimpiya festivalında iştirak edən idmançılarımız və nümayəndə heyəti iyulun 28-də Bakı vaxtı ilə saat 05:15-də Heydər Əliyev adına Hava Limanında olacaqlar.
Avropanın 50 ölkəsindən 4 mindən çox idmançının iştirak etdiyi Skopye-2025-də 14-18 yaş arası idmançılar 15 idman növü üzrə mübarizə aparıblar. Festivalda Azərbaycan komandası ümumilikdə 10 idman növündə 52 (28 oğlan, 24 qız) idmançı ilə təmsil olunub.
Azərbaycan idmançıları yarışları 10 (3 qızıl, 3 gümüş, 4 bürünc) medalla başa vurublar.
Komandamıza qızıl medalları cüdoçular Gülşən Hüseynova (-44 kq), Rza Xəlilli (-50 kq) və Rəsul Əlizadə (-55 kq) qazandırıblar. Cüdo üzrə Nuranə Hacızadə (-48 kq), Zeyd Ələsgərov (-60 kq) və güllə atıcılığı üzrə Leyli Əliyeva – Oleq Kerjankin dueti (10 metr pnevmatik tapança) gümüş medal əldə ediblər. Bürünc medalları isə cüdoçular Aysun Məmmədova (-52 kq), Məhəmməd Ağakişiyev (-73 kq), Sübhan Axundov (+90 kq) və taekvondoçu Yunis Hüseynov (73 kq) qazanıblar.
Komandamız bu nəticə ilə Olimpiya festivalında medal qazanan ölkələr arasında 17-ci yeri tutub.