İyulun 20-dən 26-na kimi Şimali Makedoniyanın Skopye, Kumanov və Xorvatiyanın Osiyek şəhərlərində XVIII Avropa Gənclər Olimpiya Festivalı (EYOF) keçirilib.
MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə XVIII Avropa Gənclər Olimpiya Festivalında (EYOF) qazanılan uğurlara görə idmançıları, məşqçiləri və komandanın bütün üzvlərini təbrik edib.
MOK-un vitse prezidenti bildirib ki, Azərbaycan idmanın və Olimpiya Hərəkatının inkişafı və təbliği istiqamətində özünəməxsus dəsti-xətti ilə dünya idmanında yeni bir səhifə açmağı bacarıb. EYOF-da yarışlarda iştirak edən ölkəmizin gənc idmançıları hər zaman uğurlu nəticələr ilə fərqlənib. Bu gün vətənə qayıtmağa hazırlaşan Azərbaycan komandası Olimpiya festivalında 3 qızıl, 3 gümüş, 4 bürünc medal qazanıb. Bu nəticə ilə komandamız medal qazan ölkələr arasında 17-ci yeri tutub. Olimpiya festivalında iştirak edən idmançıları, məşqçiləri və komandanın bütün üzvlərini bu yüksək nəticəyə görə təbrik edirəm. İnanıram ki, Azərbaycan idmançıları bundan sonra da beynəlxalq yarışlarda uğurlu nəticələr qazanacaq, dünyanın idman arenalarında bayrağımızı qaldırıb dövlət himnimizin səsləndirilməsinə nail olacaqlar.
Qeyd edək ki, Azərbaycan idmançıları bu zamana kimi Avropa Gənclər Olimpiya Festivalında 99 medal (35 qızıl, 29 gümüş, 35 bürünc) qazanıb.