Fevralın 22-də Topaz Premyer Liqasında XXI tura start veriləcək. Təşkil olunan 6 qarşılaşmadan 4-ü paytaxtda keçiriləcək. "Bayıl Arena” stadionunda başlanan tura elə həmin arenada da yekun vurulacaq.
İlk oyun günü 2 qarşılaşma olacaq. Maraqlı oyunlardan biri Zaqatalada keçiriləcək. İlk "altılıq” uğrunda mübarizə aparan "Bakı” şanslarını saxlamaq üçün səfərdə "Simurq”a mütləq qalib gəlməlidir. Liderlərin ən yaxın izləyicisi "Qarabağ” ilk dövrədə heç-heçə oynadığı (0:0) "Rəvan”ın qonağı olacaq. Ağdamlılar yalnız qələbə sayəsində liderlərə bir qədər də yaxınlaşmaq imkanı əldə edə biləcəklər. 
Turun mərkəzi görüşü "Neftçi” və "İnter” klubları arasında keçiriləcək. Bu komandalar turnir cədvəlinin ilk iki pilləsində qərarlaşıblar. Bu mənada qarşılaşma çempionluq uğrunda mübarizədə həlledici olmasa da, müəyyən rol oynaya bilər. Hər halda, "İnter” qalib gələrsə, "ağ-qaralar”la xal fərqini beşə yüksəldib, final mərhələsindən öncəsi böyük üstünlük qazanacaq. "Neftçi” 3 xal əldə edəcəyi təqdirdə cari mövsümdə ilk dəfə zirvəyə yüksələcək.
İlk "altılığa” iddiaçı digər 2 komanda - "Qəbələ” və "Xəzər Lənkəran” Qəbələdə münasibətlərinə aydınlıq gətirəcəklər. Bu komandalar "Bakı”dan 1 gün sonra meydana çıxacaqlarından, qarşılaşma zamanı artıq əsas rəqiblərinin oyununun nəticəsindən xəbərdar olacaqlar. Yəni, "zolaqlılar”ın 3 xal qazanmağı Qəbələdə qələbənin əhəmiyyətini daha da artıracaq. "Bakı” Zaqatalada xal qazanarsa, şansını son kimi saxlayacaq. "Qəbələ” qalib gələrsə, final mərhələsinə vəsiqə qazanan 5-ci komanda olacaq. Meydan sahibləri "ağ-yaşıllar”la oyunda xal üstünlüyünü qorumaq üçün ən azı heç-heçə etməlidirlər. Son turda öz meydanında "Sumqayıt”la görüşəcəyindən qələbə cənubluları "altılığ”ın iştirakçısı edəcək.
Mükafatlar uğrunda mübarizə aparmağa cüzi şansı qalan AZAL-ın evdə autsayderlə oynaması onun xeyrinə olub. Belə ki, "təyyarəçilər” son pillədəki "Kəpəz”i məğlub etməyə borcludur. Bu zaman "Bakı”nın qalib gələ biləsi və Qəbələdəki oyunun heç-heçə başa çatsa AZAL üçün mübarizəni son tura kimi aparmaq imkanı yaranacaq.
Tura bazar günü yekun vurulacaq. "Sumqayıt” "Bayıl Arena” stadionunda "Turan” klubunu qəbul edəcək. Sumqayıt təmsilçiləri qələbə qazanmaqla təhlükəli zonadan uzaqlaşmağa çalışacaqlar.
Topaz Premyer Liqası
XXI tur
22 fevral
"Rəvan” - "Qarabağ”
Hakimlər: Elçin Məmmədov, Rahil Ramazanov, Nahid Əliyev, Ömər Paşayev.
Bakı. "Bayıl Arena” stadionu. Saat 15:00.
İlk dövrədəki oyun - 0:0
"Simurq” - "Bakı”
Hakimlər: Anar Salmanov, Mübariz Haşımov, Zeynal Zeynalov, Namiq Bəkirov.
Zaqatala. Olimpiya İdman Kompleksinin stadionu. Saat 17:00.
İlk dövrədəki oyun - 0:0
23 fevral
"Qəbələ” - "Xəzər Lənkəran”
Hakimlər: Fariz Yusifov, Azər Əsgərov, Vaqif Musayev, Vüsal Əliyev.
Qəbələ. Şəhər stadionu. Saat 15:00.
İlk dövrədəki oyun - 1:1
"Neftçi” - "İnter”
Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Munis Abdullayev, Elvin Əsgərov.
Bakı. "Bakcell Arena” stadionu. Saat 17:00.
İlk dövrədəki oyun - 1:1
AZAL - "Kəpəz”
Hakimlər: Rauf Cabbarov, Ramiz Əsədov, Elşən Acalov, Ramil Diniyev.
Bakı. "AZAL Arena” stadionu. Saat 18:00.
İlk dövrədəki oyun - 2:0
24 fevral
"Sumqayıt” - "Turan”
Hakimlər: Orxan Məmmədov, Elman Musayev, Rza Məmmədov, Feyzulla Feyzullayev.
Bakı. "Bayıl Arena” stadionu. Saat 15:00.
İlk dövrədəki oyun - 1:0