11 vəsiqə uğrunda mübarizə davam edir

11 vəsiqə uğrunda mübarizə davam edir


Bu həftə DÇ-2014-ün final mərhələsinə son vəsiqələr uğrunda qarşılaşmalara start verilib. 8 gün ərzində keçiriləcək 17 oyundan sonra Braziliyadakı mundialın bütün iştirakçıları bəlli olacaq.
DÇ-2014-ə gedən yolun son matçlardan 5-i Afrika zonası üzrə 3-cü seçmə mərhələnin cavab oyunlarıdır. Hələ oktyabrda ilk oyunlarını keçirən "qara qitə”nin 10 yığması mundiala 5 vəsiqənin sahibini müəyyənləşdirəcək.
Digər 12 oyun isə 6 pley-off cütü arasında keçiriləcək. Bu cütlərdən ikisi qitələrarası, 4-ü Avropa təmsilçilərinin qarşılaşması olacaq. Noyabrın 13-də məhz müxtəlif qitə yığmalarının iştirakı ilə start götürən pley-offda Asiyadan İordaniya Cənubi Amerika təmsilçisi Uruqvay, Şimali Amerikadan Meksika isə Okeaniya zonasının qalibi Yeni Zelandiya komandaları ilə qarşılaşıb. Cənubi Amerika təmsilçisi iordaniyalılara heç bir şans verməyib - 0:5. Digər oyunda isə Meksika yığması 5:1 hesabı ilə qələbə qazanıb.
Avropanın diqqəti isə 8 komandasının iştirakı ilə təşkil olunacaq matçlara yönələcək. Burada noyabrın 15-də ilk, 4 gün sonra cavab matçları keçiriləcək. Mundiala yollanacaq 4 komandanın müəyyənləşəcəyi bu matçlardan ən maraqlısı Portuqaliya ilə İsveç komandaları arasında olacaq. Dünya futbolunun ulduzları - Kriştianu Ronaldu və Zlatan İbrahimoviçin lideri olduğu komandalar Braziliya "qatar”ından kənar qalmamağa çalışacaqlar.
Fransa ilə Ukrayna millilərinin görüşü də az maraq kəsb etmir. Mişel Platininin həmyerliləri cütün favoriti sayılsa da, ukraynalılardan sürpriz gözləmək olar. Yunanıstanla Rumıniya komandaları arasında qarşılaşmalarda isə kimin sevinəcəyini proqnozlaşdırmaq da çətindir. Çünki təxminən eyni səviyyəli rəqiblərin matçında favorit yoxdur. Xorvatiya isə çətin ki, problemlə üzləşsin. Pley-offa yüksəlməsi də sensasiya sayılan İslandiya millisinin möcüzəyə imza atacağına inananların sayı çox azdır.
Qeyd edək ki, artıq mundialın 21 iştirakçısı məlumdur. Meydan sahibi Braziliyadan başqa, Şimali və Mərkəzi Amerika, Karib dənizi hövzəsindən ABŞ, Kosta-Rika, Honduras, Asiyadan İran, Cənubi Koreya, Yaponiya, Avstraliya, Cənubi Amerikadan Argentina, Kolumbiya, Çili, Ekvador, Avropadan Belçika, İtaliya, Almaniya, Hollandiya, İsveçrə, Rusiya, Bosniya və Hersoqovina, İngiltərə, İspaniya yığmaları DÇ-2014-ün final mərhələsinə vəsiqə qazanıblar.
Qitələrarası zona
Pley-off mərhələsi,
ilk oyunlar
13 noyabr
İordaniya - Uruqvay - 0:5
Meksika - Yeni Zelandiya - 5:1

Cavab oyunları
20 noyabr
10:00. Yeni Zelandiya - Meksika
03:00. Uruqvay - İordaniya

Avropa zonası
Pley-off mərhələsi, ilk oyunlar
15 noyabr
23:00. Yunanıstan - Rumıniya
23:45. Portuqaliya - İsveç
23:45. Ukrayna - Fransa
23:45. İslandiya - Xorvatiya

Cavab oyunları
19 noyabr
23:00. Rumıniya - Yuna
nıstan
23:15. Xorvatiya - İslandiya
23:45. İsveç - Portuqaliya
00:00. Fransa - Ukrayna

Afrika zonası
3-cü seçmə mərhələ, cavab oyunları
16 noyabr
19:00. Nigeriya - Efiopiya
İlk oyun - 1:2

23:00. Seneqal - Kot-D İvuar
İlk oyun - 1:3

17 noyabr
18:00. Kamerun - Tunis
İlk oyun - 0:0

19 noyabr
20:00. Misir - Qana
İlk oyun - 1:6

22:00. Əlcəzair - Burkina Faso
İlk oyun - 2:3