Nəhs tur yalnız “Neftçi” üçün uğurlu oldu

Nəhs tur yalnız “Neftçi” üçün uğurlu oldu





Tur 1 qələbə, 4 heç-heçə ilə yadda qaldı


Ötən həftə Topaz Premyer Liqasında XIII turun oyunları keçirilib. Milli komandaların oyunları ilə əlaqədar çempionatda yaranacaq fasilə ərəfəsində təşkil olunan turun matçları 3 gün ərzində keçirilib. Maraqlı məqamdır ki, 5 oyundan 4-ü Bakıda olub. Matçlardan yalnız birində qələbə qazanan tərəf olub. Rəqiblərin xal itkisindən maksimum istifadə edən "Neftçi” qələbə sayəsində yenidən liderliyə qayıdıb.

İlk oyun günü bir matç təşkil edilib. Tura autsayderlərin - "Rəvan” - "Sumqayıt” oyunu ilə start verilib. 10-cu dəfə üz-üzə gələn rəqiblərin qarşılaşmalarında "Rəvan” aşkar üstünlüyə malik idi. Bakılılar əvvəlki matçların 6-da qələbə qazanmışdısa, sumqayıtlılar cəmi 2 dəfə 3 xala sevinmişdi. Daha bir görüş isə heç-heçə başa çatmışdı. Uzun müddətdir qələbə həsrətində olan rəqiblərin qarşılaşmasında hər iki tərəf hesabına 3 xal əlavə etmək üçün mübarizə aparıb. Amma tərəflərin səyinə baxmayaraq, qalib müəyyənləşməyib. Bakılılar matçın əvvəlində hesabı açsa da, Şahin Diniyevin yetirmələri üstünlüyünü tez əldən veriblər. Sumqayıt təmsilçisi fasilə ərəfəsində bərabərlik qoluna sevinib. Fasilədən sonra isə autsayderlərdən heç biri fərqlənə bilməyib - 1:1. Beləliklə, Şahin Diniyevin "aslanlar”la ilk qələbəsinə sevinmək arzusu gercəkləşməyib. Halbuki, paytaxt klubu cari mövsümdəki yeganə qələbəsini ilk dövrədə məhz səfərdə "Sumqayıt”la oyunda qazanmışdı.
İkinci oyun günündə 2 oyun olub. Lider "Qarabağ” səfərdə AZAL klubunu sınağa çəkib. 20-ci dəfə qarşılaşan rəqiblərin əvvəlki matçlarında "Qarabağ” üstünlüyə malik idi. Ağdamlılar qalib gələcəyi halda, 10-cu - yubiley qələbəsini qazanacaqdı. Qurban Qurbanovun komandası həm də ilk pillədəki mövqeyini qorumaq üçün səfərdən 3 xalla qayıtmağa məcbur idi. Əks halda "Neftçi” bu turu qalib başa vursa, Ağdam klubunu qabaqlaya bilərdi. "Təyyarəçilər” isə qələbəsizlik oyunlarına son qoymaq istəyində idi. Axı Vaqif Sadıqovun komandası 7 tur idi 3 xala həsrət idi. Maraqlı məqamlardan biri də "Qarabağ”ın bu mövsüm aldığı yeganə məğlubiyyətin məhz AZAL-la ilk dövrədəki oyuna təsadüf etməsi idi. Amma Ağdam klubu nə bu məğlubiyyətin qisasını ala bilib, nə də qələbə qazanıb. "Təyyarəçilər”in vurduğu erkən qola matçın sonlarında cavab verən Qurban Qurbanovun yetirmələri sonda bir xala seviniblər.
Digər maraqlı bir qarşılaşma "İnter”lə "Simurq” komandaları arasında keçirilib. "Bankçılar” Zaqatala klubu ilə əvvəlki oyunlarda böyük üstünlüyə malik idi. Lakin rəqiblərin son 2 matçında zaqatalalılar qalib gəlmişdi. Ümumilikdə isə, "İnter”in 13 qələbəsinin qarşılığında "Simurq” cəmi 3 dəfə qələbəni bayram edən tərəf olmuşdu. Daha bir qarşılaşmada isə heç-heçə qeydə alınmışdı. Elə bu dəfə də tərəflər meydanı hərəyə 1 xalla tərk ediblər. Son iki turda ardıcıl qələbələr qazanan "İnter”in uğurlu seriyanı davam etdirmək istəyi baş tutmayıbsa, son dövrlər qeyri-sabit çıxışı ilə seçilən "Simurq” da növbəti dəfə 3 xala həsrət qalıb.
Son oyun günü daha 2 oyunu təşkil olunub. Turun maraqlı qarşılaşmalarından biri Lənkərandan keçirilib. "Xəzər Lənkəran” doğma azarkeşlər önündə şəxsi görüşlərdə böyük üstünlüyə malik olduğu "Qəbələ” klubunu sınağa çəkib. Lənkəran təmsilçisi bu rəqibi ilə əvvəlki oyunlarda 10 dəfə qələbəyə sevinmişdi. 4 matçda heç-heçə qeydə alınmışdısa, daha 5 görüşdə "Qəbələ” 3 xala sevinmişdi. Yubiley qarşılaşması ərəfəsində "Qəbələ” 4 matç idi ki, rəqibinə uduzmurdu. İki iddialı bölgə klubunun qarşılaşmasına maraq qatan əsas amillərdən biri bu komandalara iki tanınmış əcnəbi mütəxəssisin - Con Toşakla Yuri Syominin rəhbərlik etməsi idi. Amma qarşılaşmanın güclü yağış altında oynanılması, stadionun durumunun bərbad vəziyyətdə olması bu görüşün daha maraqlı keçməsinə mane olub. Elə qarşılaşmanın qolsuz başa çatması da belə deməyə əsas verir. Tərəflər meydanı qol vurmadan tərk ediblər.
Nəhs turun son matçında isə "Neftçi” ilə "Bakı” klubları "Bakcell Arena” stadionunda münasibətlərinə aydınlıq gətiriblər. Paytaxt derbisinə maraq kifayət qədər böyük idi. Nazim Süleymanovun komandası son turdakı "Xəzər Lənkəran”la oyunda qazanılan möhtəşəm qələbənin davamını gətirmək iddiasında idi. Bu, həm liderlik mübarizəsi baxımından vacib əhəmiyyət daşıyırdısa, həm də ilk dövrədəki 0:3 hesablı məğlubiyyəti unutdurmaq baxımından önəmli idi. Milinko Pantiçin komandası isə liderlərə daha da yaxınlaşmaq üçün "Neftçi”yə yenidən qalib gəlməyə çalışırdı. "Neftçi” 44-cü paytaxt derbisinə aşkar üstünlüklə çıxmışdı. Elə bu tarixi üstünlük son oyunda da sözünü deyib. Nazim Süleymanovun yetirmələri hətta matçın böyük hissəsini azlıqda keçirməsinə baxmayaraq, görüşü qələbə ilə başa vurmağı bacarıblar. "Ağ-qaralar” hesabı açdıqdan sonra fasiləyədək daha bir qol vurublar. "Bakı” ikinci hissədə hesabı minimuma endirməklə kifayətlənib. Nəticədə, "ağ-qaralar” 25-ci - yubiley qələbəsini qazanıb. Bu qələbə "Neftçi”nin "Qarabağ”a çatmasına imkan versə də, liderlik hələ də Ağdam klubundadır.

Topaz Premyer Liqası

XIII tur
8 noyabr (cümə)
"Rəvan” - "Sumqayıt” - 1:1
Qollar: Ceyhun Cavadov, 15 - Pərdis Fərcad-Azad, 45.
Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Zeynal Zeynalov, İnqilab Məmmədov.
Bakı. "Bayıl Arena” stadionu.

9 noyabr (şənbə)
AZAL - "Qarabağ” - 1:1
Qollar: Viktor İqbekoyi, 34 - Maksim Medvedev, 73.
Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Nahid Əliyev, Rauf Cabbarov.
Bakı. "AZAL Arena” stadionu.

"İnter” - "Simurq” - 0:0
Hakimlər: Orxan Məmmədov, Munis Abdullayev, Elşən Acalov, Teymur Fərhadov.
Bakı. "Şəfa” stadionu.

10 noyabr (bazar)
"Xəzər Lənkəran” - "Qəbələ” - 0:0
Hakimlər: Vüsal Əliyev, Rza Məmmədov, Namiq Hüseynov, Ramiz Məhərrəmov.
Lənkəran. Şəhər stadionu.

"Neftçi” - "Bakı” - 2:1
Qollar: Ernest Nfor, 3, Cavid İmamverdiyev, 45+2 - Erik Ramos, 53 (öz qapısına).
Qırmızı vərəqə: Saşa Stamen
koviç, 27.
Hakimlər: Fariz Yusifov, Knyaz Əmiraslanov, Azər Əsgərov, Nail Nağıyev.
Bakı. "Bakcell Arena” stadionu.