
Təmsilçimizin növbəti sınağı Bişkekdə olacaq
Noyabrın 15-də Azərbaycan milli komandası növbəti matçını keçirib. Berti Foqtsun yetirmələri yoldaşlıq oyunu çərçivəsində Estoniya yığması ilə münasibətlərinə aydınlıq gətiriblər. Təəssüf ki, millimiz 6 oyunluq məğlubiyyətsiz matçlar seriyasını davam etdirə bilməyib. Komandamız hesabı açan tərəf olsa da, sonda məğlubiyyətlə barışmalı olub.
Yoldaşlıq oyunu
Estoniya - Azərbaycan - 2:1 (0:1)
Qollar: Sergey Zenyov, 54; Yoel Lindpere, 66 - Rauf Əliyev, 44.
Estoniya: 1. Sergey Pareyko, 20. Gert Kams, 3. Mikk Reyntam, 21. Artyom Artyunun, 18. Ken Kallaste, 11. Henrik Oyama, 14. Konstantin Vasilyev (k), 5. Dmitri Kruqlov, 8. Henri Anyer, 10. Sergey Zenyov, 6. Aleksandr Dmitriyev.
Azərbaycan: 12. Anar Nəzirov, 2. Bədavi Hüseynov, 3. Rasim Ramaldanov, 4. Mahir Şükürov (k), 5. Elnur Allahverdiyev, 7. Vaqif Cavadov, 10. Rüfət Dadaşov, 11. Rauf Əliyev, 15. Ruslan Abışov, 18. Maksim Medvedev, 19. Rahid Əmirquliyev.
Hakimlər: Aleksey Nikolayev, Oleq Tselovalnikov, Vitali Drozdov (hamısı Rusiya).
15 noyabr. Tallinn. "A. Le Coq Arena” stadionu.
Oyunun başlamasına bir neçə saat qalmış komandaların heyəti məlum idi. Millimizin baş məşqçi Berti Foqts Tallinndəki qarşılaşmada bir sıra dəyişiklikləri zəruri saymışdı. Almaniyalı mütəxəssis zədə səbəbindən əməliyyat olunan Kamran Ağayevin əvəzinə qapını Anar Nəzirova etibar edib. Müdafiənin mərkəzində Rasim Ramaldanovla Bədavi Hüseynov yer alıb. Bədavi "Qarabağ”dakı komanda yoldaşı Rəşad Sadıqovun yoxluğunu hiss etdirməməli idi. Müdafiənin cinahları isə Elnur Allahverdiyevlə Maksim Medvedevə tapşırılıb. Dayaq yarımmüdafiəçisi kimi Ruslan Abışovla Rahid Əmirquliyevə güvənən almaniyalı mütəxəssis cinahlarda da dəyişiklik edib. Son vaxtlar müdafiədə çıxış edən Mahir Şükürov müəyyən fasilədən sonra yenə yarımmüdafiənin sağında top qovub. Digər cinahdan hücumlara dəstək vermək isə Vaqif Cavadovun üzərinə düşürdü.
Millimizin hücum xəttində isə dəyişiklik yox idi. Əvvəlki qarşılaşmalarda olduğu kimi yenə əsas qol ümidlərimiz Rüfət Dadaşovla Rauf Əliyev olub.
Estoniya yığmasının baş məşqçi Tarmo Ruutli isə klassik 4-4-2 sxeminə üstünlük verib. Qapıda Sergey Pareykoya güvənən mütəxəssis müdafiə xəttində Gert Kams, Mik Reintam, Artyom Artyunin və Ken Kallasteyə şans verib. Yarımmüdafiədə millimizin qarşısına Henrik Oyamaa, Aleksandr Dmitriyev, Konstantin Vasilyev, Dmitri Kruqlov "4-lüy”ü çıxıb. Estoniya yığmasının hücum xəttində Sergey Zenyovla Henri Anier qərarlaşıb.
Oyun meydan sahiblərinin hücumları ilə başlayıb. Sergey Zenyovun zərbəsini qapıçımız Anar Nəzirov küncə çıxardıb. Tədricən ərazi üstünlüyünü bərabərləşdirən millimiz hücumlar etməyə başlayıb. Hücumların birində Rauf Əliyevin uzaq məsafədən vurduğu topu rəqib qapıçı dəf edib. Estonlar bunun cavabını qolla verə bilərdilər. Konstantin Vasilyevin uzaqdan zərbəsi qapı tirinə dəyib. İlk hissənin ortaları yaxınlaşdıqca tərəflər qarşılıqlı olaraq hücumlar təşkil ediblər. Oyunun 22-ci dəqiqəsində millimiz qol vura bilərdi. Rahid Əmirquliyev cərimə meydançası daxilində bir rəqib futbolçunu keçib, qapıya zərbə vurub. Amma rəqib qapıçı Pareyko topu küncə çıxardıb. Rəqib komandanın hücumları da təhlükəli alınıb. Estonların ardıcıl ikinci künc zərbəsindən sonra qapı qarşısında təhlükəli vəziyyət yaranıb. D.Kruqlovun ötürməsindən sonra Zenyovun başla vurduğu zərbə qapıdan azacıq aralı keçib. Fasiləyədək yığmamız ələ düşən qol fürsətindən maksimum istifadə edərək hesabı açıb. Oyunun 44-cü dəqiqəsində Artyuninin qapıçıya səhv ötürməsindən sonra topu ələ keçirən Rauf Əliyev Pareykonu da keçib topu qapıya vurub - 0:1. Bu qoldan sonra Azərbaycan millisinin bombardirləri siyahısında dəyişiklik olub. Rauf Əliyev millidə 7-ci qolunu vurub. Bununla da bu hücumçu milli tarixində ən çox qol vuran futbolçular siyahısında 3-cü pilləyə şərik olub. R. Əliyev Branimir Subaşiçlə Elvin Məmmədova çatıb. Bu "üçlük” yalnız 2 oyunçudan geri qalır. Millinin ən yaxşı bombardirləri isə 14 qola imza atan Qurban Qurbanovla 8 dəfə fərqlənən Vaqif Cavadovdur.
Fasilədən sonra meydan sahibləri hücumlara atılıblar. Bunun nəticəsi olaraq, rəqib komanda hesabı açıb. Oyunun 54-cü dəqiqəsində Dmitri Kruqlovun ötürməsindən sonra Sergey Zenyov mükəmməl zərbə ilə debütant Anar Nəzirova heç bir şans verməyib. Bundan sonra Berti Foqts hücumda dəyişiklik edib. Almaniyalı mütəxəssis Rüfət Dadaşovun yerinə Pərdis Fərcad-Azadı meydana buraxıb. Amma bu əvəzetmə millimizin oyununu gücləndirməyib. Əvəzində estonlar yenə fərqləniblər. Oyunun 66-cı dəqiqəsində künc zərbəsindən ötürülən topu Yoel Lindpere başla qapıya dəqiq zərbə endirərək, meydana toplaşmış yerli azarkeşləri sevindirib - 2:1. Qoldan sonra irəli atılan millimiz hesab arasındakı fərqi azalda bilərdi. Komanda yoldaşından əla ötürmə alan Rauf Əliyev qapıçı ilə təkbətək qalsa da, zərbəsində dəqiqlik çatmayıb. Oyunun sonlarında isə meydan sahibləri hesabı artıra bilərdilər. Lakin oyuna sonradan daxil olan Kinkin zərbəsini qapıçı Anar Nəzirov dəf edib. Beləliklə, millimiz Tallini 1:2 hesablı məğlubiyyətlə tərk etməli olub. Bununla da Azərbaycan milli komandasının məğlubiyyətsiz oyunlar seriyası qırılıb. Berti Foqtsun rəhbərlik etdiyi komanda ardıcıl 6 qarşılaşmada uduzmadıqdan sonra Tallində Estoniya yığmasına məğlub olub. Sonuncu dəfə bu il martın 26-da Portuqaliya millisinə 0:2 hesabı ilə uduzan yığmamız 234 gündən sonra məğlubiyyət acısı yaşayıb. 4-ü seçmə mərhələdə olmaqla 6 matçda uduzmayan komandamız 1998-ci ildəki rekordunu təkrarlasa da, yeniləyə bilməyib.
Azərbaycan milli komandası bu gün növbəti oyununu keçirəcək. Bu, 2013-cü ildə Berti Foqtsun yetirmələri üçün son oyun olacaq. Noyabrın 19-da təşkil olunacaq matçda komandamız Qırğızıstan yığması ilə qarşılaşacaq. Futbolçularımız Asiya təmsilçisi ilə səfərdə görüşəcək. Komandamız bu matçda 4 gün əvvəl Estoniyadan aldığı 1:2 hesablı məğlubiyyəti unutdurmağa çalışacaq.

O qədər də güclü olmayan Qırğızıstan millisi üzərində qələbə 2013-cü ilə müsbət nəticə ilə başa vurmaq baxımından zəruridir. Millimizlə qarşılaşmayadək ardıcıl 3 dəfə məğlub olan asiyalılar isə bu uğursuz seriyanı heç olmasa bərabərliklə qırmaq arzusundadır.
Səfərə itkilərlə yollanmasına baxmayaraq millimiz qələbə qazanmağa borcludur. Çünki belə zəif rəqiblə oyunda əldə olunacaq başqa nəticə yığmamızın FİFA reytinqinə daha pis təsir edəcək. Hər halda bu siyahıda 88-ci olan millimiz 150-ci pillədə qərarlaşan qırğızıstanlılardan üstünlüyünü meydanda da göstərməlidir. 2013-cü ili daha yüksək mövqedə başa vurmaq üçün isə qələbə vacibdir.
Bişkekdəki matç millimizin baş məşqçisi Berti Foqtsun bu vəzifədə son oyunu ola bilər. Belə ki, müqaviləsi bu ilin sonunda başa çatan çalışdırıcı ilə anlaşmanın uzadılıb-uzadılmaması hazırda müzakirə olunur. Əgər AFFA onu saxlamağı məqsədəuyğun saymasa, almaniyalı mütəxəssisin yığmamızdakı 6 illik fəaliyyəti Bişkekdəki matçla yekunlaşmış olacaq. 2008-ci ilin martından yığmamıza rəhbərlik edən B. Foqts bu vəzifədə ən çox çalışan mütəxəssisdir.
Oyundan sonra
"Azərbaycan millisi çox güclü rəqibdir”
Tarmo Ruutli (Estoniya milli komandasının baş məşqçisi): "İlk hissədə biz yaxşı təsir bağışladıq. Futbolçularım əvvəldən razılaşdırdığımız kimi oynadılar. Baxmayaraq ki, hakimin qərarları bizim əleyhimizə idi, amma biz topa daha çox yiyələnən tərəf idik. Ancaq birinci hissənin sonlarında gözlənilməz səhv buraxdıq və hesab 0:1 oldu. İkinci hissədə də biz oyuna eyni qaydada başladıq. Hesab daha böyük ola bilərdi. Deməzdim ki, cəmi iki vəziyyətimiz oldu və onları da qola çevirdik. Görüşün son dəqiqələrində bir neçə qol imkanımız var idi. Qonaqların da qol vurmaq şansları oldu. Bu baxımdan oyun bərabər keçdi. Azərbaycan millisi çox güclü rəqibdir”.
Berti Foqts: "Biz bu qələbəni onlara özümüz "hədiyyə” etdik”
- Oyun haqda nə deyə bilərsiniz?
- Estoniya yığmasını təbrik edirəm. Onlar bu gün daha istəkli idilər. Buraxdığımız iki səhvdən yaxşı yararlandılar. Nəzərə almaq lazımdır ki, rəqibin heyətində müxtəlif ölkələrdə çıxış edən 14 legioner futbolçu var idi. Birinci hissədə razı qaldığım bəzi məqamlar oldu. Amma ikinci hissədə millimizin çıxışı qətiyyən xoşuma gəlmədi. Əgər hansısa futbolçular belə oyunlarda 80 faiz güc sərf etməklə uğur qazanmağın mümkünlüyünü düşünürsə, yanılır.
- Maksim Medvedevi niyə öz mövqeyində oynatmırdınız?
- Bizim yarımmüdafiə xətti ilə bağlı problemimiz var idi. Rusiya millisi ilə oyunda da onu orta sahədə oynatmışdım. Mən də bilirəm ki, Maksim sağ cinah müdafiəçisi mövqeyində daha yaxşı çıxış edir. Son oyun bunu bir daha sübut etdi. Mənə elə gəlir ki, gələcək üçün bəzi mövqelərdə dəyişiklərə ehtiyac var. Pərdislə Cihanın sürət baxımından problemi var. Bədavi Hüseynov da çox istedadlı futbolçudur. Amma belə oyunlarda onun daha soyuqqanlı olması lazımdır. Növbəti seçmə mərhələnin startına qədər ancaq belə yoxlama oyunları olacaq. Avqust ayında kimlərin oynayacağını indidən heç kim deyə bilməz.
- Sizcə, Estoniya yığması bizim millidən daha yaxşı çıxış etdi?
- Birinci hissədə biz rəqibdən daha yaxşı idik. İkinci hissədə isə Estoniya millisi üstün oldu. Onlar daha yaxşı, sürətli futbol oynadılar və qələbə qazandılar. Fikrimcə, biz bu qələbəni onlara özümüz "hədiyyə” etdik.
- Sizə elə gəlmir ki, yetirmələrinizdə həddən artıq arxayınçılıq var idi? Aqressivlik çatışmırdı...
- Komandam son seçmə mərhələdə 9 xal toplasa da, mən bundan narazı qaldım. Çünki bütün mümkün xalları toplamağımızı istəyirdim. Jurnalistlər futbolçuları çox tərifləyirlər. Oyundan əvvəl onlara topa daha çox sahib olmağı tapşırmışdım. Müdafiəçilərimiz rəqib oyunçulara daha yaxın oynamalı idilər. Belə oyunlarda buraxılan səhvləri rəqiblər bizi bağışlamırlar.
Rahib Səmədov


