"Topçular” isə "alman maşını”nı dayandıra bilmədilər
Bu həftə UEFA Çempionlar Liqasında (ÇL) 1/8 final mərhələsininm ilk oyunlarına yekun vurulub. Bu həftə daha 4 qarşılaşma edilib. Azarkeşlər maraqlı mübarizənin şahidi olublar. "Arsenal” və "Barselona” meydanı məğlubiyyətlə tərk ediblər. Ölkəmizdə kifayət qədər azarkeşi olan "Qalatasaray” oyuna qolla başlasa da, heç-heçə ilə kifayətlənib.
UEFA Çempionlar Liqası
1/8 final mərhələsi, ilk oyunlar
19 fevral
"Arsenal” (İngiltərə) - "Bavariya” (Almaniya) - 1:3
Qollar: Lukaş Podolski, 55 - Toni Kross, 7, Tomas Müller, 21, Mario Mandjukiç, 77.
İngiltərənin "Arsenal” klubu Almaniyanın "Bavariya” komandası ilə münasibətlərinə aydınlıq gətirib. Londonda Münhen klubunu qəbul edən "topçular” rəqibinə məğlub olublar. Özlərini qonaq kimi aparmayan almanlar hesabı açan tərəf olublar. Oyunun 7-ci dəqiqəsində hesabı Toni Kross açıb. Hücumlarını davam etdirən Almaniya təmsilçisi növbəti stadionu sükuta qərq edib. Tomas Müller rəqib qapıçı üçün seçim yeri qoymayıb. Fasiləyə 0:2 hesablı məğlubiyyətlə yollanan "Arsenal”, ikinci hissədə vurulan qollardan birinin əvəzini çıxıb. Oyunun 55-ci dəqiqəsində Lukaş Podolski hesab arasındakı fərqi azaltmaqla meydan sahiblərini ümidləndirib. Lakin londonluların bundan artığına gücləri çatmayıb. Arsen Venger ikinci hissədə bir neçə futbolçu meydana buraxsa da, bu, heç nəyi dəyişməyib. Əvəzində "Bavariya” meydan sahiblərini daha bir dəfə oyuna mərkəzdən başlamağa məcbur edib - 1:3. Beləliklə, münhenlilər cavab matçından öncə səfərdən sərfəli nəticə ilə qayıdıblar.
"Porto” (Portuqaliya) - "Malaqa” (İspaniya) - 1:0
Qol: Joao Moutinyo, 56.
Gecənin digər görüşündə "Porto” evdə İspaniyanın "Malaqa” klubunu sınağa çəkib. Maraqlı mübarizə şəraitində keçən matçın taleyini bir qol həll edib. Yeganə qolu meydan sahibləri vurublar. Oyunun 56-cı dəqiqəsində Joao Moutinyonun vurduğu top portuqaliyalılara minimum hesablı qələbə qazandırıb - 1:0. Nəticədə, Portuqaliya təmsilçisi səfərə yüksək əhval-ruhiyyədə yollanacaq.
20 fevral
"Milan” (İtaliya) - "Barselona” (İspaniya) - 2:0 
Qollar: Boatenq, 57, Muntari, 81.
Son oyun günü daha iki qarşılaşma keçirilib. İtaliyanın "Milan” klubu "San Siro” stadionunda İspaniyanın "Barselona” komandası ilə üz-üzə gəlib. Maraqlı mübarizə şəraitində keçən matçda azarkeşlər 2 qolun şahidi olublar.
Qeyd edək ki, cəmi bir il əvvəl milanlılar "Barselona”ya ÇL-in 1/4 finalında məğlub olmuşdular (0:0, 1:3). Bu dəfə isə "Avropa nəhəngləri” daha erkən mərhələdə üz-üzə gəliblər. İtaliya təmsilçisi qrup mərhələsini çətinliklə dəf edə bilmişdi. 6 oyundan cəmi 8 xal toplayan "Milan” qrup ikinciləri arasında ən az xalla mərhələ adlamışdı. Bunun əsas səbəbi məhsuldarlığın çox aşağı olmasıdır - 6 oyuna 7 qol. "Barselona” isə hətta Şotlandiyanın "Seltik” klubuna sensasiyalı məğlubiyyətinə baxmayaraq, qrup qalibi olmuşdu. Kataloniyalılar "Milan”la görüşə yaxşı statistika ilə çıxmışdılar. Maraqlıdır ki, ispanlar "rossoniyerlər”ə son 7 matçda uduzmamışdılar. "Milan” rəqibinə sonuncu dəfə 2004-cü il oktyabrın 20-də Andrey Şevçenkonun qolu ilə qalib gəlmişdi (1:0).
Bu oyunda isə "Milan” 9 ildən sonra rəqibini məğlub etməyi bacarıb. Belə ki, "rossonyerlər” kataloniyalıların qapısından 2 cavabsız top keçirərək cavab matçı öncə böyük üstünlük əldə ediblər. Meydan sahibləri matçın əvvəllərində rəqibin müqaviməti ilə üzləşiblər. "Barselona” klubu daha çox topa nəzarət edən tərəf olub. Lakin ispanlar ələ düşən fürsətlərdən istifadə edə bilməyiblər. Bəzi məqamlarda isə "Milan”ın qapıçısı etibarlı oyunu ilə seçilib. Oyununu əks-hücumlarda quran milanlılar fasilədən sonra istəklərinə çatıblar. Oyunun 57-ci dəqiqəsində rəqib qapısı qarşısında yaranan qarışıqlıqdan məharətlə istifadə edən, Boatenq topu qapıdan keçirib. Top Boatenqin qarşısına düşməmişdən əvvəl Balotellinin əllə oynaması baş hakimin diqqətindən yayınıb. Vurduğu qola görə qanalı futbolçu matçın ən yaxşı oyunçusu seçilib. Qoldan sonra müdafiədə daha yaxşı oynayan Milan təmsilçisi daha bir dəfə fərqlənməyə nail olub. Matçın başa çatmasına 9 dəqiqə qalmış komanda yoldaşından əla ötürmə alan Muntari rəqib qapıçı Viktor Valdes üçün seçim yeri qoymayıb - 2:0. Oyunun sonuna kimi, ispanların səyinə baxmayaraq, hesab dəyişməyib. "Barselona” klubu növbəti mərhələyə vəsiqə qazanmaq üçün məğlubiyyətin əvəzini mütləq çıxmalıdır. Əks halda kataloniyalılar turniri vaxtından əvvəl tərk edəcəklər.
"Qalatasaray” (Türkiyə) - "Şalke” (Almaniya) - 1:1
Qollar: Burak, 12 - Cons, 45.
Azarkeşlərimiz üçün İstanbuldakı oyun Milandakı matçdan heç də az maraq kəsb etməyib. Axı Türkiyənin turnirdəki yeganə təmsilçisi "Qalatasaray”a qış fasiləsindəki transferlərindən sonra daha böyük ümidlər bəslənilirdi. İstanbul təmsilçisi evdə Almaniyanın "Şalke” klubu ilə münasibətlərinə aydınlıq gətirib. Digər matçda olduğu kimi, bu dəfə də 2 qol vurulub.
Qeyd edək ki, qrup mərhələsinin püşkündə hər iki komandanın bəxti gətirsə də, "Qalatasaray” 1/8 finala çətinliklə vəsiqə qazanıb. İlk 2 görüşdə məğlubiyyətlə üzləşən "Cim-Bom” sonrakı 4 oyundan 10 xal yığaraq, qrup ikincisi olub. "Şalke” isə İngiltərə "Arsenal”ını üstələyərək, gözlənilmədən qrup lideri olub. Üstəlik, Almaniya təmsilçisi 6 matçın heç birindən məğlub ayrılmayıb. Amma bu, Huub Stevensi baş məşqçi vəzifəsindən çıxarılmasına mane ola bilməyib. "Şalke” hazırda Bundesliqada 9-cu pillədədir. Yeni baş məşqçi Yens Keller isə Avropa kuboklarında ilk oyunda debüt edib. "Qalatasaray” rəqibini üstələyə bilsə idi, 2001-ci ildən sonra ilk dəfə 1/4 finala yüksələcəkdi. "Şalke” isə son illər 2 dəfə buna nail olmuşdu.
Qış transfer dövründə Uesli Sneyder, Didye Droqba kimi ulduzları heyətinə cəlb edən "Cim Bom” münasib rəqib olan "Şalke”nin öhdəsindən gələ bilməyib. Matçda əvvəlcə hesabı "aslanlar” açsalar da, Bundesliqa təmsilçisi fasiləyə qədər hesabı bərabərləşdirib: oyunun 12-ci dəqiqəsində Burak Yılmazın qoluna matçın 45-ci dəqiqəsində Cons cavab verib. Matçın ən yaxşı futbolçusu isə Bundesliqa təmsilçisinin gənc ulduzu Yulian Draksler olub.
Beləliklə, rəqibinin müqavimətini qıra bilməyən "Qalatasaray”ı Almaniyada çətin sınaq gözləyir.