
Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının inzibati binasında lisenziyalaşdırma mövsümünün açılış iclası keçirilib. AFFA-nın Lisenziyalaşdırma qrupunun, UEFA-nın Klubların Lisenziyalaşdırılması və Maliyyə Fair Play şöbəsinin meneceri Sefton Perrinin və Topaz Premyer Liqasında çıxış edən klubların nümayəndələrinin iştirak etdiyi görüşdə "Azərbaycan futbol Premyer Liqasında iştirak etmək üçün klubların lisenziyalaşdırılması üzrə Qaydalar” və "UEFA-nın klub yarışlarında iştirak etmək üçün Azərbaycan futbol klublarının lisenziyalaşdırılması üzrə Qaydalar” barədə ətraflı məlumat verilib, ötən mövsümlə müqayisədə qaydalara edilən əlavə və dəyişiliklər qeyd olunub. Bundan başqa, lisenziyalaşdırma prosesi çərçivəsində həyata keçiriləcək tədbirlərin proqramı açıqlanıb. Klub nümayəndələrinə adıçəkilən qaydaların öz əksini tapdığı vəsaitlər təqdim olunub.
Bundan bir gün sonra AFFA-nın inzibati binasında UEFA-nın Klubların Lisenziyalaşdırılması və Maliyyə Fair Play şöbəsinin meneceri Sefton Perrinin "Qarabağ”, "Neftçi”, "Xəzər Lənkəran”, "İnter”, "Simurq”, AZAL, "Qəbələ” və "Bakı” klublarının nümayəndələri ilə ayrı-ayrılıqda görüşü keçirilib. AFFA-nın Lisenziyalaşdırma qrupunun üzvlərinin iştirakı ilə keçirilmiş görüşdə klubların 2012-ci il üçün maliyyə hesabatları barədə fikir mübadiləsi aparılıb, maliyyə Fair Play-i və klubların gələcək fəaliyyət strategiyası müzakirə olunub.


