Bahodir Nasimov Avstraliyaya gedir
Özbəkistan millisi Asiya kubokuna vaxtından əvvəl vəsiqə qazanıb. "Neftçi”nin hücumçusu Bahodir Nasimovun çıxış etdiyi yığma buna Honkonq millisi üzərində qazandığı qələbədən sonra nail olub.
B. Nasimov bu görüşdə meydana fasilədən sonra daxil olub. Hesab açılmadığı üçün baş məşqçi Mircəlal Qasımov onu "Paxtakor”un müdafiəçisi Davran Həşimovun yerinə meydana buraxıb. 26 yaşlı futbolçu fərqlənə bilməsə də, onun komanda yoldaşları son dəqiqələrdə 2 top vuraraq qələbə qazanıb. Bununla da Özbəkistan millisi qrupda xalını 11-ə yüksəltməklə sona bir tur qalmış Asiya kubokuna vəsiqə qazanıb.
Qeyd edək ki, Özbəkistan millisi 2015-ci ildə Avstraliyada keçiriləcək Asiya kubokunda 6-cı dəfə iştirak edəcək. Orta Asiya təmsilçisinin ən yüksək göstəricisi sonuncu dəfə - 2011-ci ildə Qətərdə keçirilən qitə çempionatında qeydə alınıb. Komanda orada 4-cü yeri tutub.


