21 yaşınadək futbolçular arasında Avropa çempionatının (AÇ) seçmə mərhələsində növbəti oyunlar keçirilib. Azərbaycan milli komandasının yer aldığı VIII qrupda 1 qarşılaşma təşkil olunub.
Turnir cədvəlində yığmamızla qonşu olan Makedoniya ilə Norveç milliləri üz-üzə gəlib. Bu matçadək sonuncu pillədə qərarlaşan skandinaviyalılar səfər matçında qalib gələ bilib. İlk hissədə məğlub duruma düşən norveçlilər fasilədən sonra 3 qol vuraraq 3 xal qazanıb. Bu qələbə ilə 2 pillə irəliləyən şimallılar sonuncu yeri yığmamıza təhvil verib.
Qeyd edək ki, qrupumuzda növbəti oyun 2014-cü il martın 5-də Portuqaliya və Makedoniya komandaları arasında keçiriləcək.
AÇ-nin seçmə mərhələsi (U-21)
19 noyabr
VIII qrup
Makedoniya - Norveç - 1:3
Qollar: Velkoski, 45 - Raşani, 47, Valon Berişa, 54 (pen.), Nilsen, 71.
O Q H M T X
1. Portuqaliya 4 4 0 0 14-4 12
2. İsrail 5 3 0 2 17-11 9
3. Norveç 6 2 0 4 9-17 6
4. Makedoniya 4 1 1 2 3-5 4
5. Azərbaycan 5 1 1 3 5-11 4