Noybarın 20-də 19 yaşınadək qızlar arasında Avropa çempionatının 2014/15-ci illər mövsümünün seçmə mərhələsinin püşkü atılıb. UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında təşkil olunan tədbirdə ispaniyalı mütəxəssis Patrisiya Qonzalesin baş məşqçisi olduğu Azərbaycan milli komandasının rəqibləri müəyyənləşib.
Final mərhələsi İsraildə keçiriləcək 2014/15-ci illər mövsümünün qitə çempionatının seçmə oyunlarında 44 komanda çıxış edəcək. Onlar arasında olan Azərbaycan yığması 2-ci qrupda yer alıb. Millimiz Danimarka, Ukrayna və Kipr komandaları ilə mübarizə aparacaq. Qrupda ilk 2 yeri tutan komanda və 3-cülər arasında ən yaxşı göstəricilərə malik 3 milli elit-raunda yüksələcək.
Qeyd edək ki, Avro-2015-in seçmə mərhələsinin oyunları 2014-cü il sentyabrın 13-18-də keçiriləcək.