İkihakimiyyətliliyə son qoyulacaqmı?

İkihakimiyyətliliyə son qoyulacaqmı?


Bu gün Topaz Premyer Liqasında XIV tura start veriləcək. Milli komandaların oyunları ilə əlaqədar yaranan 11 günlük fasilədən sonra klublar ilk qarşılaşmalarına çıxacaqlar. Təşkil olunan 5 qarşılaşmadan 3-ü paytaxtda olacaq.
Əslində, fasilə dünən başa çatmalı olsa da, "Qəbələ” - AZAL görüşünün vaxtının dəyişdirilməsi turun startını bu günə qədər yubadıb. XIV turun ilk günündə 3 qarşılaşma təşkil olunacaq. Bu matçın nəticəsindən asılı olmayaraq, 3-cü pillədə qalacaq "Qəbələ” xal hesabını artırmaq üçün AZAL-la qarşılaşmada xal itirməməlidir. Son 2 matçda qalib gələ bilməyən əyalət təmsilçisi kimi, 8 turdur qələbə həsrətində olan AZAL da mövqeyini yaxşılaşdırmaq üçün 3 xal qazanmaq niyyətindədir.



Eyni saatda başlayacaq "Bakı” və "Xəzər Lənkəran” komandaları arasında qarşılaşma da böyük maraq kəsb edir. Vaxtilə bu oyun turun mərkəzi görüşü sayıla bilərdi. Lakin indi hər iki komanda əvvəlki dövrlərini xatırladacaq gücdə deyil. Buna baxmayaraq, həm paytaxt, həm də əyalət təmsilçisi qələbə qazanmağı düşünür. Məğlubiyyət isə hər iki tərəf üçün ciddi itki olacaq. 3 turdur qələbə həsrətində olan cənublular üçün 3 xalın qazanılması daha vacibdir.
İlk oyun gününə "Sumqayıt”la "Simurq” klubları arasında matçla yekun vurulacaq. Uzun müddətdir qələbə həsrəti yaşayan komandalar, müvafiq olaraq, 10 və 8 oyundur meydanı qalib tərk etmir.
Turun növbəti 2 gününün hərəsində 1 matç olacaq. Həmin oyunlar çempionatın şərikli liderləri "Neftçi” ilə "Qarabağ” komandalarının iştirakı ilə keçiriləcək. Bu matçların nəticəsindən asılı olaraq, Topaz Premyer Liqasında ikihakimiyyətliliyə son qoyula bilər. Əvvəl meydana paytaxt təmsilçiləri "Neftçi” ilə "İnter” klubları çıxacaq. Turun mərkəzi görüşündə qazanılan istənilən xal "ağ-qaralar”ı, ən azı, 1 günlük zirvəyə yüksəldəcək. Bir gün sonra oynayacaq "Qarabağ”ın qalib gələcəyi halda, onlardan geri qalmamaq üçün isə Nazim Süleymanovun yetirmələri xal itirməməlidir. Son turlar özünə gələn "bankçılar” isə doğma meydan amilindən yararlanıb, liderlərlə fərqi azaltmaq niyyətindədir.
Tura liderin oyunu ilə yekun vurulacaq. Son 5 matçda meydanı qolsuz tərk etməyən "Qarabağ” çempionatın 2 autsayderindən biri olan "Rəvan” klubunu qəbul edəcək. Qurban Qurbanovun yetirmələri zirvədəki mövqeyini qorumaq üçün I dövrədə məğlub edə bilmədiyi rəqibindən 3 xal almağa çalışacaq. 7 tur qələbə həsrətində olan bakılılar isə lideri büdrətmək əzmindədir.

Topaz Premyer Liqası
XIV tur
22 noyabr (cümə)
"Bakı” - "Xəzər Lənkəran”
Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Zeynal Zeynalov, Ramiz Məhərrəmov.
Əlavə köməkçi hakimlər: Rəhim Həsənov, Orxan Məmmədov.
Bakı. "Bakı” FK-nın təlim-məşq bazasının stadionu. Saat 14:00.
I dövrədəki oyun - 1:2

"Qəbələ” - AZAL
Hakimlər: Fariz Yusifov, Knyaz Əmiraslanov, İsgəndər Əliyev, Fərid Məmmədov.
Əlavə köməkçi hakimlər: Elvin Əsgərov, Ömər Paşayev.
Qəbələ. Şəhər stadionu. Saat 14:20.
I dövrədəki oyun - 2:1

"Sumqayıt” - "Simurq”
Hakimlər: Vüsal Əliyev, Elşən Acalov, Munis Abdullayev, Tahir Əhmədov.
Sumqayıt. Mehdi Hüseynzadə adına şəhər stadionu, süni örtüklü meydança. Saat 17:00.
I dövrədəki oyun - 1:3

23 noyabr (şənbə)
"İnter” - "Neftçi”
Hakimlər: Rəhim Həsənov, Mübariz Haşımov, Namiq Hüseynov, Nail Nağıyev.
Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Ramil Əhmədov.
Bakı. "Şəfa” stadionu. Saat 15:00.
I dövrədəki oyun - 1:3

24 noyabr (bazar)
"Qarabağ” - "Rəvan”
Hakimlər: Rauf Cabbarov, Coşqun Həsənov, Rza Məmmədov, Mahir Məmmədov.
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu. Saat 17:00.
I dövrədəki oyun - 1:1