DÇ-2014-ün pley-off mərhələsinə yekun vurulub. Təşkil edilən oyunlardan sonra Braziliyaya gedən komandaların hamısı müəyyənləşib.Meksika millisi istəyinə Yeni Zelandiya komandası ilə formal olan cavab görüşündə çatıb. "Asteklər” Okeaniyanı təmsil edən yığmanı 4:2 hesabı ilə məğlub etməklə, adını DÇ-2014-ə vəsiqə qazanan 31-ci iştirakçı kimi daxil edib.
Gələn il Braziliyada keçiriləcək mundiala sonuncu vəsiqənin sahibi qitələrarası pley-off qarşılaşmasında bəlli olub. Cənubi Amerikada seçmə mərhələnin 5-ci komandası olan Uruqvay millisi Asiya zonasına 5-ci vəsiqəni qazandırmaq iddiasında olan İordaniya komandasını qəbul edib. Səfərdəki ilk oyunda rəqibini 5:0 hesabı ilə məğlub edən uruqvaylılar cavab görüşündə özlərinə əziyyət verməyiblər. Qolsuz bitən qarşılaşma mundiala 32-ci vəsiqəni Uruqvaya qazandırıb.
Beləliklə, püşkatması dekabrın 6-da atılacaq final mərhələsinin bütün iştirakçılarının siyahısı müəyyənləşib.
Avropa: İspaniya, İtaliya, Almaniya, İngiltərə, Hollandiya, Belçika, Rusiya, İsveçrə, Bosniya və Hersoqovina, Portuqaliya, Fransa, Xorvatiya, Yunanıstan;
Asiya: Cənubi Koreya, Yaponiya, Avstraliya, İran;
Cənubi Amerika: Braziliya, Argentina, Çili, Kolumbiya, Ekvador, Uruqvay;
Şimali Amerika: ABŞ, Kosta-Rika, Honduras, Meksika;
Afrika: Kot-D İvuar, Kamerun, Nigeriya, Qana, Əlcəzair.