İspaniyanın «Atletiko Madrid» klubu noyabrın 24-də oyuna Bakı-2015 Avropa Oyunlarının rəsmi loqosunun əks olunduğu yeni köynəklərdə çıxıb.
Qeyd edək ki, 2015-ci ildə ilk dəfə Bakıda keçiriləcək I Avropa Oyunlarının rəsmi loqosu həmin gün İtaliyanın Roma şəhərində Avropa Olimpiya Komitəsinin (AOK) 42-ci Baş Assambleyasının gedişində təqdim olunub. «Atletiko Madrid»in oyunçuları - David Villa, Dieqo Kosta və Arda Turan kimi məşhur futbolçular noyabrın 24-də «Vincente Calderon» stadionunda əyinlərində Bakı-2015-in loqosunu əks etdirən köynəklərlə «Gefate CF»-ə qarşı inamlı oyun nümayiş etdirərək 7:0 hesablı qələbə qazanıblar. Klubun adın danışan ulduz hücumçu Dieqo Kosta deyib: «Biz «Atletiko Madrid» olaraq 2015-ci ildə Bakıda keçiriləcək Avropa Oyunlarını dəstəkləyirik. Həm Atletiko, həm də Bakı bu işdə birgədirlər».
Avropanın 49 ölkəsindən 5400-dən çox idmançının 18 idman növü üzrə yarışlarda qüvvəsini sınayacağı Avropa Oyunları 2015-ci ildə məhz doğma paytaxtımız Bakıda keçiriləcək. Yarışların proqramında ilk dəfə olaraq basketbol 3x3 yeni formatda təqdim ediləcək.
Qeyd edək ki, azərbaycanlı dizayner Adəm Yunisovun tərtib etdiyi Bakı-2015 loqosu ölkənin qədim və müasir mədəniyyətini, ənənələrini özündə əks etdirən 5 elementdən ibarətdir.