Ötən həftə futzal üzrə UEFA kubokunun elit-raund mərhələsinin oyunlarına yekun vurulub. Azərbaycan çempionu "Araz” qitənin ən güclüsü olmaq uğrunda mübarizəni davam etdirən 16 ən yaxşı arasında çıxışlarını davam etdirib. Naxçıvan təmsilçisi "Dördlər finalı”na vəsiqə uğrunda D qrupunda yarışıb. Tarixində 2-ci dəfə ən güclü 4 kollektiv arasında çıxmaq üçün təmsilçimiz Hollandiya "Eyndhoven”, Macarıstan "Qyori ETO” və Portuqaliyanın "Sportinq” klubları ilə münasibətlərinə aydınlıq gətirib. Keçirilən oyunlardan sonra "Araz” qrupda birinci yeri tutaraq final mərhələsinə vəsiqə qazanıb.
İlk oyun günü çempionumuz Hollandiyanın "Eyndhoven” klubunu sınağa çəkib. İndiyədək 2 dəfə qarşılaşdığı rəqibə xal verməyən Joze Alesionun yetirmələri bu matçda hollandları 6:3 hesabı ilə məğlub ediblər. Təmsilçimizin heyətində Auqusto, Edu, Rafael, Biro Jade, Borisov və Amadeu fərqləniblər. Bu qələbə "Araz” üçün əlamətdar hadisə ilə yadda qalıb. Naxçıvan təmsilçisi qələbə qazanmaqla avrokuboklarda 25-ci qələbəsini əldə edib. Yubiley zəfərinədək 44 oyunda 24 qələbəsi olan çempionumuzun hesabında 8 heç-heçə və 12 məğlubiyyət də var. 25-ci qələbə ilə qol sayını 173-ə, buraxılan topların cəmini 114-ə çatdıran komandamız Avropa "səhnəsində” 2005-ci ildə debüt edib. Oyunda vurulan 4-cü qol həm də braziliyalı baş məşqçinin rəhbərliyi altında avrokuboklara təsadüf edən 100-cü qol olub. Bu topu komandanın ən təcrübəlilərindən olan Biro Jade vurub. Ümumiyyətlə isə, komandamız braziliyalı mütəxəssisin rəhbərliyi altında çıxış etdiyi 27 oyunda 102 qol vurub, 66 top buraxan "Araz” 15 qələbə, 6 heç-heçəyə nail olub və 6 məğlubiyyət yaşayıb.

Turun digər oyununda meydana Portuqaliyanın "Sportinq” və Macarıstanın "Qyori ETO” klubları çıxıb. Portuqaliyalılar meydandan 6 qolla qalib ayrılıblar. Rəqib isə bunlardan yalnız birinin əvəzini çıxa bilib.
Həmyerlilərimiz növbəti turda Macarıstanın "Qyori ETO” klubu ilə qarşılaşıblar. İlk turda Hollandiya təmsilçisi "Eyndhoven”i 6:3 hesabı ilə məğlub edən naxçıvanlılar autsayderlə matçda da xal itirməməli idi. Təmsilçimiz ötən oyunda "Sportinq”ə 1:6 hesabı ilə uduzan macarıstanlıları 5 cavabsız qolla məğlub edib. Rəqib qapısından qolları Davi, Felipe, Fabiano (2) və Amedu vurublar. Digər oyunda "Sportinq” "Eyndhoven” klubu üzərində 6:1 hesabla üstün olub.
"Araz” son turda Portuqaliyanın "Sportinq” klubu ilə qarşılaşıb. "Dördlər finalı”na çıxmaq iddiasında olan komandamız yalnız qələbə sayəsində qrup birincisi olacağı təqdirdə arzusuna çatacaqdı. Belə ki, əvvəlki turlarda həm "Sportinq”, həm də "Araz” xal itirməmişdi. Bu komandalar qrupdakı digər rəqibləri olan Hollandiyanın "Eyndhoven” və Macarıstanın "Qyori ETO” klubu üzərində qələbə qazanmışdılar. Topların daha yaxşı fərqinə görə isə, portuqaliyalılar birinci sırada idi. Oyuna inamlı başlayan təmsilçimiz sona qədər güclü çıxışını davam etdirib və meydandan 6:3 hesabı ilə qalib ayrılıb. Təmsilçimizin heyətində Fabiona 3 qol vurub. Hərəyə bir dəfə isə Vitali Borisov, Amadeu və Felipe fərqlənib. Qrupun digər oyununda "Qyori ETO” isə "Eyndhoven”i 7:2 hesabı ilə məğlub edib.
Qeyd edək ki, UEFA kubokunda "Dördlər finalı”nın bütün iştirakçıları müəyyənləşib. 2014-cü ildə keçiriləcək həlledici mərhələdə mübarizə aparacaq Azərbaycan çempionu "Araz”ın rəqibləri bəlli olub. Belə ki, elit-raundun başa çatmasından sonra qrup qalibləri növbəti mərhələyə yüksəliblər. D qrupunun qalibi olan Naxçıvan təmsilçisindən başqa, İspaniyanın "Barselona”, Rusiyanın "Dinamo” (Moskva) və Qazaxıstanın "Kayrat” klubları da UEFA kuboku uğrunda mübarizəni davam etdirəcək.
Xatırladaq ki, gələn ilin aprelində keçiriləcək "Dördlər finalı”na meydan sahibliyi edəcək komanda hələ müəyyənləşməyib.
UEFA kuboku
Elit-raund
D qrupu
21 noyabr
"Araz” (Azərbaycan) - "Eyndhoven” (Hollandiya) - 6:3
Qollar: Auqusto, 6; Edu, 7; Rafael, 12; Biro Jade, 25; Borisov, 31; Amadeu, 35 - Bali, 10; Əl -Attabi, 11; Qəmbərov, 32 (öz qapısına).
"Sportinq” (Portuqaliya) - "Qyori ETO” (Macarıstan) - 6:1
Qollar: Marselinyo, 4; Pedro, 10; Divaney, 14; 24; Aleks, 33; Deo, 36 - Harniş, 31.
22 noyabr
"Qyori ETO” - "Araz” - 0:5
Qollar: Davi, 2, Felipe, 26, Fabiano, 27, 39, Amedu, 36.
"Sportinq” - "Eyndhoven” - 6:1
Qollar: Divaney, 6, 20 Deo, 16, Japa, 19, Alex, 22, Marselinyo, 31 - Adem Koçak, 26.
24 noyabr
"Eyndhov
en” - "Qyori ETO” - 2:7
"Araz” - "Sportinq” - 6:3
Qollar: Fabiano, 11, 37, 39, Borisov, 13, Amadeu, 21, Felipe, 25 - Divaney, 11, Deo, 22, Aleks, 35.