Həmyerlimizin komandası xalsız qaldı

Həmyerlimizin komandası xalsız qaldı

Türkiyə çempionatının I liqasında növbəti turun oyunları keçirilib. Branimir Subaşiçin şərəfini qoruduğu "Orduspor” səfər matçında ilk dəfə xal itirib. Ordu klubu Qara dəniz derbisində "1461 Trabzon”la heç-heçə edib - 1:1. Subaşiç meydana oyunun 69-cu dəqiqəsində Ziya Alkurtun yerinə daxil olub.
Millimizin keçmiş hücumçusu Fərid Quliyevin məxsus olduğu "Kahramanmaraşspor” Cavid Hüseynovun keçmiş komandası "Adana Dəmirspor”la səfər görüşündə 0:3 hesabı ilə məğlub olub. F. Quliyev "18-lik”də yer almayıb.
Saşa Yunisoğlu ilə Arif İsayevin çıxış etdiyi "Dənizlispor” doğma azarkeşləri önündə "İstanbul BB” ilə heç-heçə edib - 1:1. Zədəli Arif İsayevin "18-lik”də olmadığı görüşdə S. Yunisoğlu 90 dəqiqə meydanda olub.
"Fəthiyəspor”la "Tavşanlı Linyitspor”un görüşündə (2:2) birincilərin qapıçısı Davud Kərimi ehtiyatda qalıbsa, Usim Nduka 90 dəqiqə oynayıb və 68-ci dəqiqədə sarı vərəqə alıb. U-21-in qapıçısı Andrey Popoviç isə "18-lik”də yer almayıb.
Qeyd edək ki, "Orduspor” lider mövqeyini itirməyib. "Dənizlispor” 12-ci, "Tavşanlı Linyitspor” 17-ci, "Kahramanmaraşspor” isə 13-cü pillədədir. "Fəthiyəspor” isə yenə sonuncu pillədə qalıb.