FİFA-nın Nəzarət-İntizam Komissiyası İngiltərə və Polşa futbol assosiasiyalarını cəzalandırıb. Məşhur "Sky Sports”un yaydığı məlumata görə, ali futbol qurumunun müvafiq komissiyası DÇ-2014-ün seçmə qrup mərhələsinin 10-cu turunda bu 2 komandanın oyunu zamanı yaşananlara hüquqi qiymət verib.
"Uembli” stadionunda keçirilən görüş zamanı polşalı fanatlar pirotexniki vasitələrdən yararlanıb və meydançanın içərisinə doğru qaçıblar. Buna görə Polşanın futbol qurumu 20 min funtdan çox pul ödəməlidir. İngilislər isə təhlükəsizlik tədbirlərini yerinə yetirə bilmədiyi üçün 7 min funt sterlinq cəzaya məhkum ediliblər.
Qeyd edək ki, oktyabrın 15-də keçirilən matçda meydan sahibi olan İngiltərə 2:0 hesabı ilə qalib gəlib. Qolları Ueyn Runi və Stiven Cerrard polyakların qapısından keçirib.