Vahid lider “Qarabağ”, özünə gələn “İnter” və baş məşqçisiz qalan “Xəzər Lənkəran”

Vahid lider “Qarabağ”, özünə gələn “İnter” və baş məşqçisiz qalan “Xəzər Lənkəran”

Milli komandaların oyunları il əlaqədar Topaz Premyer Liqasında yaranan fasilə başa çatıb. Ötən həftə 3 gündə ərzində XIV turun oyunları təşkil olunub. Keçirilən 5 oyundan sonra turnir cədvəlində maraqlı vəziyyət yaranıb və "ikihkimiyyəliliyə” son qoyulub.

Topaz Premyer Liqası
XIV tur
22 noyabr (cümə)
"Bakı” - "Xəzər Lənkəran” - 3:0
Qollar: Cavid Hüseynov, 66; Risto Ristoviç, 70; Mindauqas Kalonas, 82.
Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Zeynal Zeynalov, Ramiz Məhərrəmov.
Əlavə köməkçi hakimlər: Rəhim Həsənov, Orxan Məmmədov.
Bakı. "Bakı” FK-nın təlim-məşq bazasının stadionu.
I dövrədəki oyun - 1:2

İlk oyun günü 3 oyun keçirilib. Açılış oyununda "Bakı” doğma azarkeşlər önündə "Xəzər Lənkəran” klubu ilə münasibətlərinə aydınlıq gətirib. Bu görüşə qədər 25 dəfə qarşılaşan tərəflər eyni sayda (7) qələbəyə malik idilər. 11 görüşdə isə heç-heçə qeydə alınmışdı. Öz meydanında sonuncu dəfə 4 il əvvəl uduzan "Bakı” ardıcıl 6 matç idi ki, qonaqlara məğlub olmurdu. "Xəzər Lənkəran” isə son 2 səfər oyunundan xalsız qayıtmışdı. Con Toşakın rəhbərliyi altında uğursuz zolağından çıxa bilməyən cənub təmsilçisi bu görüşdən mütləq qalib ayrılmalı idi. Amma "zolaqlılar”ın da doğma meydanda qələbə qazanmaqdan başqa çıxış yolu yox idi. Bu, həm də ilk dövrədə Lənkəranda qeydə alınan 1:2 hesablı məğlubiyyəti unutdurmaq baxımından önəmli idi. Gözlənildiyi kimi, bu görüşdə daha yaxşı vəziyyətdə olan paytaxt klubu qalib gəlib. Özü də Milinko Pantiçin yetirmələri rəqibini böyük hesablı məğlubiyyətlə yola salıb. Qarşılaşmanın ilk hissəsi qolsuz başa çatsa da, fasilədən sonra meydan sahibləri gözlənilmədən qonaqlar 3 cavabsız top vurublar. Budəfəki məğlubiyyət Con Toşaka baha başa gəlib. Onsuz da son dövrlərdəki uğursuzluqlardan cana doyan cənublu azarkeşlərin "istefa” tələbləri, nəhayət "Bakı”ya məğlubiyyətdən sonra yerinə yetirilib. Uelsli mütəxəssis qarşılaşmadan dərhal sonra komandadan getdiyini bəyan edib. Qeyd edək ki, "Xəzər Lənkəran” cari mövsümdə 4-cü dəfə böyük hesabla uduzub. "Ağ-yaşıllar” tarixinin ən uğursuz mövsümündəki antirekordunu daha da pisləşdiriblər. Cənub təmsilçisi mövsümün geridə qalan hissəsində 1 dəfə UEFA Avropa Liqası, 3 dəfə çempionatda böyük hesabla məğlub olub. Çempionatdakı məğlubiyyətlər isə cəmi 27 gün ərzində gerçəkləşib. Oktyabrın 27-də "Qarabağ”a 0:3, noyabrın 2-də "Neftçi”yə 1:4 hesabı ilə uduzan Con Toşakın yetirmələri "Xəzər Lənkəran” tarixinin görünməmiş uğursuzluğunu yaşamaqdadırlar. Əsası 2004-cü ildə qoyulan klub bu müddətdə 9-cu dəfə böyük hesabla uduzub. Əvvəlki 9 mövsümdə 5 belə məğlubiyyəti olan cənublular son 4 ayda 4-cü dəfə azarkeşlərinə məyusluq yaşadır.
"Qəbələ” - AZAL - 1:0
Qol: Leonardo da Silva, 72.
Hakimlər: Fariz Yusifov, Knyaz Əmiraslanov, İsgəndər Əliyev, Fərid Məmmədov.
Əlavə köməkçi hakimlər: Elvin Əsgərov, Ömər Paşayev.
Qəbələ. Şəhər stadionu.
I dövrədəki oyun - 2:1

"Qəbələ” evdə AZAL klubu ilə üz-üzə gəlib. Paytaxt təmsilçisi 16-cı dəfə qarşılaşdığı "Qəbələ” ilə oyunda üstünlüyə malik idi. Bu komanda əvvəlki qarşılaşmalarda 7 qələbə qazandığı halda, bölgə təmsilçisinin aktivində 3 qələbə var idi. Daha 5 görüşdə tərəflər heç-heçə etmişdilər. AZAL səfərdə keçirdiyi son 5 matçda qələbəyə həsrət qalmışdı. Öz meydanında sonuncu dəfə 6 il əvvəl uduzan "Qəbələ” isə, ardıcıl 3 ev görüşündə heç-heçə ilə kifayətlənmişdi. Liderlərin əsas izləyicisi olan Yuri Syominin komandası, ən azı, onlardan ayrı düşməmək üçün mütləq qələbə qazanmağı hədəfləmişdi. Artıq uzun müddətdir qələbə üzünə həsrət qalan Vaqif Sadıqovun yetirmələri də uğursuz gedişata son qoymaq istəyirdilər. Bakılılar həm də ilk dövrədəki 1:2 hesablı məğlubiyyətin "qisası” barədə də düşünürdülər. Lakin "təyyarəçilər”in "Qəbələ”yə müqaviməti yalnız 72 dəqiqə davam edib. Leonardo da Silvanın uzaqdan vurduğu möhtəşəm qol AZAL-ın növbəti məğlubiyyəti ilə nəticələnib. Syominin komandası isə növbəti 3 xal sayəsində liderlərə bir qədər də yaxınlaşıb.

"Sumqayıt” - "Simurq” - 0:1
Qol: Stepan Polyak, 42.
Hakimlər: Vüsal Əliyev, Elşən Acalov, Munis Abdullayev, Tahir Əhmədov.
Sumqayıt. Mehdi Hüseynzadə adına şəhər stadionu, süni örtüklü meydança.
I dövrədəki oyun - 1:3

"Sumqayıt” doğma azarkeşlər önündə "Simurq” komandasını qəbul edib. "Sumqayıt” klubu tarixi ərzində "Simurq”dan xal ala bilməmişdi. Əvvəlki 7 qarşılaşmanın hamısında qalib gələn Zaqatala təmsilçisi səfər oyunlarında minimum fərqlə üstün olmuşdu. Elə bu dəfə də bölgə təmsilçisi Sumqayıtda minimum hesablı qələbəyə sevinib. Georgi Çixradzenin yetirmələri turnir cədvəlindəki vəziyyətini, qismən də olsa, yaxşılaşdırmağa nail olublar. Aqil Məmmədovun yetirmələri isə sonuncu pillədən qurtulmaq üçün, ən azı, növbəti tura qədər səbr etməlidilər.

23 noyabr (şənbə)
"İnter” - "Neftçi” - 3:1
Qollar: Vaqif Cavadov, 33, 76; Aleksandr İaşvili, 81 - Karlos Kardoso, 65.
Qırmızı vərəqə: Flavinyo, 64.
Hakimlər: Rəhim Həsənov, Mübariz Haşımov, Namiq Hüseynov, Nail Nağıyev.
Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Ramil Əhmədov.
Bakı. "Şəfa” stadionu.
I dövrədəki oyun - 1:3

İkinci oyun cəmi 1 qarşılaşma təşkil olunub. Turun mərkəzi oyunu çərçivəsində "Şəfa” stadionunda "İnter” və "Neftçi” klubları qarşılaşıblar. 37-ci paytaxt derbisi ərəfəsində üstünlük "Neftçi”nin tərəfində idi. "Ağ-qaralar” bu oyunda qalib gələcəyi halda, yubiley - 20-ci qələbəsini bayram edəcəkdi. "Bankçılar”ın isə əvvəlki oyunlarda cəmi 6 qələbəsi var idi. Digər 11 görüşdə paytaxt klubları heç-heçə etmişdilər. Qeyd edək ki, "İnter” son 7 oyunda qalib gələ bilmirdi. Nazim Süleymanovun komandası liderliyini davam etdirmək üçün derbini mütləq qalib kimi başa vurmalı idi. Amma qeyri-sabit çıxışları ilə seçilən "İner”ə də qələbə çox lazım idi. Görünür, məhz bu istəkdən irəli gəlirdi ki, "bankçılar” budəfəki derbini daha yüksək səviyyədə keçirərək qələbə qazanmağa nail olublar. Paytaxt derbisi qarşılıqlı hücumlar şəraitində keçsə də, "bankçılar” ilk dövrədəki məğlubiyyətin revanşını almağı bacarıblar. Belə ki, "İnter” hesabı açdıqdan sonra "ağ-qaralar” azlıqda qalmalarına baxmayaraq, hesabı bərabərləşdiriblər. Bu isə çox çəkməyib. Cəmi 9 dəqiqə sonra Vaqif Cavadov özünün və komandasının ikinci qolunu vurub. Qarşılaşmanın başa çatmasına 9 dəqiqə qalmış isə Aleksandr İaşvili oyunun hesabını müəyyənləşdirib - 3:1. Bununla da, "İnter” qələbə sayəsində 1 pillə irəliləyərək, 5-ci pilləyə qalxıb. Oyunda 2 qol vuran yığmamızın hücumçusu Vaqif Cavadov isə bombardirlər siyahısında birinci yerə yüksəlib.


24 noyabr (bazar)
"Qarabağ” - "Rəvan” - 0:0
Hakimlər: Rauf Cabbarov, Coşqun Həsənov, Rza Məmmədov, Mahir Məmmədov.
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
I dövrədəki oyun - 1:1

Son oyun günündə lider "Qarabağ” evdə "Rəvan” klubunu sınağa çəkib. Bakılılar indiyə qədər Ağdam klubuna heç vaxt qalib gəlməmişdi. Bu klubların 3 görüşündə heç-heçə qeydə alındığı halda qalan iki matçda Ağdam klubu qələbə qazanmışdılar. Ağdamlılar "Rəvan”la ev oyunlarında qol da buraxmamışdı. "Neftçi” ilə şərikli liderliyini davam etdirən Qurban Qurbanovun komandası autsayderlər qrupunda qərarlaşan "aslanlar”ı məğlub etməyə borclu idi. Bunu şərtləndirən amillərdən biri də bir gün əvvəl "Neftçi”nin turu məğlub başa vurması idi. Amma "Qarabağ” bu şansdan yararlana bilməyib. Şahin Diniyevin rəhbərliyi altında 3 xala həsrət qalan "Rəvan” bu istəyinə yenə son qoya bilməsə də, əsas favoritlərin birindən 1 xal almağa nail olub. "Qarabağ”ın bu oyunda qazandığı bir xal isə bu komandanı vahid lider edib.