Favoritlərin xal itkisindən kim necə yararlandı?
Bu həftə UEFA Çempionlar Liqasında V turun oyunlarına yekun vurulub. Təşkil edilən matçlarda sensasiya qeydə alınıb. Oyunlardan sonra 1/8 final mərhələsinin daha üç iştirakçısı müəyyənləşib. Tur İngiltərənin "Mançester Yunayted”, İspaniyanın "Real” və Fransanın PSJ klublarının növbəti mərhələyə vəsiqəni təmin etməsi ilə əlamətdar olub. Bununla da, qrup mərhələsinin son turu ərəfəsində 1/8 finala vəsiqə qazananların sayı 8-ə çatıb. Son qarşılaşmalar vəsiqələrin yarısının sahibini müəyyənləşdirəcək. Son 3 "xoşbəxt”ə qədər "Atletiko”, "Barselona” (hər ikisi İspaniya), "Mançester Siti”, "Çelsi” (hər ikisi İngiltərə) və "Bavariya” (Almaniya) qrup mərhələsini uğurla keçmişdi.
İlk oyun günündə E, F, G və H qruplarında qarşılaşmalar keçirilib. E qrupunda mübarizə aparan İsveçrənin "Bazel” klubu doğma azarkeşlər önündə İngiltərənin "Çelsi” komandası ilə münasibətlərinə aydınlıq gətirib. Oyunda sensasiya qeydə alınıb: Meydan sahibləri gözlənilmədən ingilisləri məğlub ediblər. Matçın başa çatmasına 3 dəqiqə qalmış Salah isveçrəlilərə qələbə qazandıran qola imza atıb.H qrupunun lideri "Barselona” səfərdə "Ayaks” klubu ilə üz-üzə gəlib. Hollandiya təmsilçisini ilk oyunda 4 cavabsız qolla məğlub edən Kataloniya klubu bu dəfə qələbəsiz qalıb. Hollandlar ilk hissədə 2 qol vurmaqla oyunun taleyini həll ediblər. Qonaqlar isə fasilədən sonra yalnız bir qolun əvəzini çıxa biliblər - 2:1. Qrupun digər matçında isə Şotlandiya "Seltik”i öz meydanında "Milan”a 3 cavabsız qolla məğlub olub.
"Land of fire Azerbaijan” formalı "Atletiko” Rusiyada "Zenit” komandasının qonağı olub. Qrupdakı oyunların hamısında qalib gələn Madrid təmsilçisi bu dəfə büdrəyib. İspanlar evdə 3:1 hesabı ilə üstələdiyi rəqibi ilə 1:1 hesablı heç-heçə edib. G qrupunun digər oyununda "Porto” "Austriya” klubunu qəbul edib. Həmin oyunda da eyni hesab qeydə alınıb. F qrupunda da maraqlı oyunlar keçirilib. Lider "Arsenal” evdə "Marsel”i, Dortmund "Borussiya”sı isə "Napoli”ni məğlub edib.
Son oyun günündə A, B, C və D qruplarında oyunlar təşkil edilib. A qrupunda yarışan "Bayer” evdə İngiltərənin "Mançester Yunayted” klubu ilə qarşılaşıb. Oyun qonaqların 0:5 hesablı qələbəsi ilə başa çatıb. Qrupun digər oyununda da böyük hesablı nəticə qeydə alınıb. Belə ki, "Şaxtyor” "Real Sosyedad” klubunun qapısından 4 cavabsız top keçirib.
Azarkeşlərimiz üçün böyük maraq kəsb edən görüş B qrupunda olub. Türkiyənin bu turnirdəki yeganə təmsilçisi "Qalatasaray” səfərdə "Real” komandasının qonağı olub. İlk oyunda Madrid təmsilçisinə 1:6 hesabı ilə məğlub olan Roberto Mançininin yetirmələri bu dəfə 4 qolla uduzublar. Qrupun digər görüşündə "Yuventus” doğma azarkeşləri qarşısında "Kopenhagen”i qəbul edib. Turin təmsilçisi növbəti tura adlamaq üçün bu matçda danimarkalılara uduzmamalı idi. Belə də olub: İtalyanlar rəqibi 3:1 hesabı ilə üstələyiblər.
C və D qruplarında sensasiya qeydə alınmayıb. "Benfika”, PSJ, "Bavariya” və "Mançester Siti” komandaları 3 xal qazanan tərəf olublar.