Azərbaycan yığmasının üzvü Ufuk Budak "Əskişəhərspor”un əvəzedici komandasında növbəti oyununu keçirib. Futbolçumuz "Bursaspor”la səfər matçının iştirakçılarından olub.
Görüş meydan sahiblərinin 4:2 hesablı qələbəsi ilə yekunlaşıb. Start heyətində yer alan və 90 dəqiqə mübarizə aparan Ufuk Budak müdafiəçi olmasına baxmayaraq, yenə qol vurub. Budak matçın 70-ci dəqiqəsində hesab arasındakı fərqi 3-ə endirən qola imza atıb.
Bu, Ufukun "Bursaspor”a vurduğu 2-ci qoldur. Tərəflərin sentyabrın 30-da Əskişəhərdə keçirilən ilk matçında (3:0) futbolçumuz görüşdə yekun nöqtəni qoymuşdu. Bu ümumilikdə isə onun əvəzedici komandada fərqləndiyi 3-cü görüşdür.
Qeyd edək ki, 3-cü qrupda yer alan "Əskişəhərspor” 9 xalla 7 komanda arasında V pillədədir.