Bu həftə AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Yığıncaqda Topaz Premyer Liqasının XIV turunun qarşılaşmalarında baş verənlər də müzakirə olunaraq müvafiq qərarlar çıxarılıb.
AZAL-la ev oyununun 33-cü dəqiqəsində "Qəbələ” azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 2000 manat cərimə olunub. "Bakı” - "Xəzər Lənkəran” matçı başa çatdıqdan sonra qonaqların baş məşqçisi Con Toşak oyunsonrası keçirilən mətbuat konfransında iştirak etmədiyi üçün cənublular 1000 manat ziyana düşüb.
İntizam Komitəsinin əsas müzakirə mövzusu isə "İnter” - "Neftçi” görüşü olub. Qonaqlar 4, meydan sahibləri 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klubların hərəsi 1000 manat ödəməli olacaq. Oyununun 63-cü dəqiqəsində "Neftçi”nin yarımmüdafiəçisi Flavinyo aqressiv oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb. Buna görə futbolçu 2 oyunluq cəzalanıb, klubunu 2000 manat xərcə salıb. Qarşılaşma başa çatdıqdan sonra "Neftçi”nin müdafiəçisi Denis Silva Kruzun "İnter”in legioneri Meza Kolli Derlisə qarşı aqressiv hərəkətinə görə braziliyalı 3 oyunluq cəzalanıb, "ağ-qaralar” 3000 manat cərimə olunub.
Bundan başqa qərara alınıb ki, hakimlərin idarəçiliyinə Hakimlər Komitəsində, hakim-inspektor və AFFA nümayəndəsinin matçda fəaliyyətinə Hakim-inspektorlar Komitəsində baxılsın və İntizam Komitəsinə məlumat verilsin.